“Azəriqaz” vətəndaşları necə narazı salır?
Bizi izləyin

Sosial

“Azəriqaz” vətəndaşları necə narazı salır?

Bu qurum yarıtmaz fəaliyyəti ilə insanları sanki küçələrə, etiraz aksiyasına səsləyir.

Nəsimi rayonu Şamil Əzizbəyov 88 b ünvanında yaşayan sakinlər artıq günlərdir ki, təbii qaza həsrət qalıb.

Vətəndaşların Publika.az-a verdiyi məlumata görə, bu il payız-qış aylarında təbii qazın verilişində mütəmadi problemlər yaşayıblar. Son günlər isə vəziyyət daha da dözülməz hal alıb. Belə ki, gah evlərə təbii qaz verilmir, gah da qazın təzyiqi çox aşağı olur. Təbii ki, bu da soyuq qış günlərində evində yaşlısı, uşağı olanların vəziyyətini daha da çətinləşdirib.

Sakinlər deyir ki, dəfələrlə “Azəriqaz”ın qaynar xəttinə zəng etsələr də, telefonlar ya məşğul olur, ya da cavab verilmir.

Dövlətimizin digər məsələlər kimi, insanlarımızın qaz, su, işıq təminatının ödənilməsinə hər zaman həssas yanaşması danılmaz reallıqdır. Bölgələrin təbii qazla təminatı istiqamətində işlərin görülməsi üçün ölkə rəhbərliyi tərəfindən tapşırıqların verilməsi, məqsədyönlü siyasətin yürüdülməsi, dövlət proqramlarının hazırlanması məhz vətəndaşlara olan bu diqqət və qayğının nəticəsidir. Lakin görünən odur ki, dövlətin bu siyasətinə zidd addım atmağa cürət edən qurumlar və ya şəxslər də var. Odur ki, paytaxtın mərkəzində sakinlər təbii qaza həsrət qalıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq. O, problemi araşdırandan sonra hazırda əməkdaşların ərazidə olduğunu və qaz tənzimləyici üzərində iş apardıqlarını dedi.

İ.Kərbalayev işlərin bu gün axşam saatlarına qədər yekunlaşacağını bildirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm