Azərbaycanda pensiya yaşı artırıldı
Bizi izləyin

Sosial

Azərbaycanda pensiya yaşı artırıldı

“Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Publika.az xəbər verir ki, layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Komitə sədri deyib ki, layihəyə 98 dəyişiklik təklif edilir.

H.Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur:

“Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub”.

Komitə sədri vurğulayıb ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır:

“Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək”.

H.Rəcəbli bildirib edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir:

“Bu dəyişikliklər belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesabalanmasına imkan verəcək. Bu isə o deməkdir ki, sözügedən dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq. Bundan başqa, dəyişikliklərdən biri vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır. Bilirsiniz ki, məcburi dövlət sosial sığorta haqqının 22 faizini işəgötürən, 3 faizini isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50 faizi onun hesabında əks olunurdu, digər 50 faizi isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50 faizi yox, 90 faizi onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”.

H.Rəcəbli deyib ki, qanun layihəsində pensiya kapitallarına əlavə olunma imkanlarının yaradılması da nəzərdə tutulur:

“Yəni, hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin”.

Qanun layihəsinə münasibət bildirən deputat Fazil Mustafa bəzi peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının kəskin artırılmasının əleyhinə olduğunu bildirib:

“Pensiyaya çıxmaq üçün tələb olunan iş stajının prokurorlar üçün 25 təqvim ilinin 35 ilə qaldırılması düzgün deyil. Bu iş stajı 5 il artırılsa, daha yaxşı olar”.

Millət vəkili Zahid Oruc deyib ki, qanun laihəsinin mütərəqqi müddəaları olsa da, sənədin bəzi hissələrinə yenidən baxılmasına ehtiyac var:

“Bu qanunun qəbulundan sonra pensiyaçıların sayı azalacaq. Bundan başqa, sosial sığorta haqlarının artırılması təmin edilməlidir. Biz elə etməliyik ki, insanların ömürləri uzansın. Bizdə uzunömürlü insanların sayı əmək qabiliyyətli əhalinin cəmi 6 faizi təşkil edir. Bu digər ölkələrdə 15-20 faizdir. Siz deyirsiniz ki, pensiyada olan insanların həyatını dəyişmə yaşı qadınlarda 78,5 yaşdır, kişilərdə isə 77,4 yaş təşkil edir. Biz bunu qəbirlərin üzərindəki rəqəmlərlə müqayisə etmək fikrində deyilik. Amma elə etməliyik ki, insanların bu dəyişiklikləri sərt şəkildə hiss etməsinlər”.

Deputat Əli Məsimli isə qeyd edib ki, ölkədə sığrota-pensiya sistemində problem yaşda yox, əmək haqqı sistemindədir:

“İnsanları ödədikləri sosial sığorta haqqının 144-ə və ya Rusiyada olduğu kimi 234-ə bölünməsi maraqlandırmır. Onları alacaqları pensiya məbləği maraqlandırır. Bizdə əmək haqqının kölgəli olması sosial-sığorta sistemi üçün əsas problemlərdəndir”.

Millət vəkili Qənirə Paşayeva əmək müqaviləsi olmadan çalışan insanların pensiya təminatı məsələsini gündəmə gətirib:

“Ölkədə əmək müqaviləsi olmadan çalışan insanların sayı kifayət qədər çoxdur. Əmək müfəttişliyi bu məsələyə necə nəzarət edir? Gələcəkdə bu daha ciddi problem kimi özünü göstərəcək”.

Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirib ki, pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir:

“Qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır. Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq”.

İ.İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır:

“Güzəştli şərtlərlə pensiyaya çıxanların pensiya alma müddəti daha çoxdur. Beləliklə, 2006-cı ildə qəbul edilən qanuna görə, bu göstərici qadınlar üzrə pensiya yaşını 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu da sığorta-pensiya sisteminin maliyyə yükünün artıq olmasına səbəb olur. Gələcəkdə özünümaliyyələşdirmə sisteminə keçəcəyimizi nəzərə alsaq, qarşımızda iki yol var. Bunlardan biri ya pensiya məbləğinin təyin olunması üçün əsas götürülən 144 ay digər xarici dövlətlərdə olduğu kimi artırılmalı, ya da pensiya yaşı 65-ə çatdırılmalıdır. Araşdırmalar göstərir ki, biz 144 ayı 204 aya qədər artırsaq və pensiya təyini üçün ödənilən məbləği 204-ə bölsək, sığorta olunanların əksəriyyətində alınan rəqəm minimum pensiya məbləğindən aşağı olacaq. Bu isə o deməkdir ki, onlar daha çox çalışmalı və pensiya hüququ əldə etmək üçün bu müddət ərzində sosial sığorta haqqı ödəməlidir və tələb olunan sosial sığorta kapitalı toplamalıdır”.

Nazir müavini deyib ki, qanuna dəyişikliklər qəbul olunsa, 4 il ərzində qadınların pensiya yaşı 4 il ərzində, kişilərin pensiya yaşının 10 il ərzində 65-ə çatdırılacaq:

“Qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq”.

İ.İsayev əmək haqlarının leqallaşdırılmasının vacib olduğunu vurğulayıb:

“Müvafiq hesablamalar və təhlillər aparmışıq. Bu təhlillərə uyğun olaraq müvafiq tədbirlər nəzərdə tutulub. İlk addım kimi, əmək müqavilələrinin qeydiyyatı sistemini yaratmışıq. Eləcə də Əmək Müfəttəşliyinin nəzarət tədbirləri ilə bağlı planlar var”.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm