• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ? - RƏYLƏR

  • Sosial
  • 3 Aprel 2017 18:17
  • 1 281 Baxış
Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ? - RƏYLƏR

İntihar xəbərlərinin bu qədər tirajlanması cəmiyyətdə gərginliyi, eləcə də özünə qsədin sayını daha da artırır. Son vaxtlar artan intihar xəbərləri fonunda tez-tez psixoloqlar bu cür açıqlamalar verirlər. Belə fikir yaranır ki, mediada bir gündə bir neçə intihar xəbərinin verilməsi və onların xüsusi sensasiya ilə təqdimatı cəmiyyətdə gərginliyi yüksəldir. Lakin bu gün medianın həm də kommersiya qurumu olduğunu, əldə etdiyi məlumatı daha çox oxucuya tirajlamaqla ayaqda qalmağa çalışdığını da unutmamaq lazımdır. Bu məqamlara nəzər saldıqda medianın intihar xəbərlərini verib-verməməklə bağlı seçim qarşısında qaldığını söyləyə bilərik. Əlbəttə, ən vacib məqamlardan biri bu xəbərləri necə təqdim etməkdir.

Bu məsələ ətrafında Publika.az-ın suallarını media eksperti cavablandırdı.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Publika.az-a açıqlamasında bildirib ki, bu barədə yazmamaqla intihar problemini həll edə bilmərik: “İntihar haqqında yazmamaqla problem həll olmaz. Əksinə bu hadisələrin tendensiya halını aldığını nəzərə alaraq, onların nədən baş verdiyini araşdırmaq lazımdır. Bu araşdırmaların nəticələrini insanlara çatdırmaq və düzgün qiymət verilməsinə çalışmalıyıq. İnsanların nə üçün intihar yolunu seçməsi araşdırılmalıdır. Sovet dövründə intihar barədə yazmırdılar. Lakin bu həmin dövrdə intihar olmadığı anlamına gəlməməlidir.

Hesab edirəm ki, bu xəbərlərin təqdimatı məsələsində problemlər var. İntihar xəbəri elə çatdırılmalıdır ki, oxucu xəbərlə tanış olarkən intiharın çıxış yolu olmadığını anlasın. Mütləq xəbərdə intiharın yaxşı bir şey olmadığı oxucuya çatdırılmalıdır”.

Media eksperti Qulu Məhərrəmli hesab edir ki, bu gün yerli mediada kriminal xəbərlər, xüsusən intihar xəbərləri cazibədar formda təqdim edilir. Onun sözlərinə görə, bu xəbərlər psixoloji formada insanlara təsir edir: “Ona görə də, hesab edirəm ki, intihar xəbərləri nə qədər az verilsə, o qədər yaxşıdır. Məsələn, cəmiyyətdə müəyyən tendensiyalara etiraz kimi qəbul edilən intiharı vermək olar. İntiharın sosial səbəbini vurğulamaq üçün bu intiharı verə bilərik. Sadəcə hər hansı insan öz həyatına qəsd edirsə, onun arxasında heç bir məna, mahiyyət yoxdursa, onu verməyin mənası yoxdur. Xüsusən, uşaq və yeniyetmələrin intihar xəbərləri verilməməlidir”.

Ekspert intihar xəbərlərinin necə təqdim edilməsindən də danışdı: “Hesab edirəm ki, bir intiharın izi ilə gedilib araşdırma aparılması, sosial, ictimai səbəblərin üzə çıxarılması, statistikanın təqdim edilməsi daha yaxşı olar. Lakin bu gün bizim auditoriya intihar xəbərinə maraqlı xəbər kimi baxır. Əlbəttə, bu yolverilməzdir. Xüsusən, psixi, ailə məişət problemi olan, habelə həyatından narazı qalan insanlar çıxış yolu kimi intiharı seçəndə mətbuatın müəyyən təsiri hiss olunur. Biz cəmiyyət həyatına aid xəbərləri bir kənara qoyub, yalnız intihar xəbərlərini şişirdəndə, bunu bir qaynaq kimi götürüb, davamlı intihardan danışanda bu mediada normaların pozulması kimi anlaşılır. Bir sonrakı dalğa insanların psixikasına təsir edir. Bunun qarşısını almaq üçün jurnalistlər intihar xəbərlərinin təqdimatına yenidən baxmalıdır, peşəkar baxış olmalıdır. İntihar xəbəri cazibədar, cəmiyyətdə maraq oyadan xəbər kimi təqdim edilməməlidir. İmkan daxilində xüsusi zərurət yoxdursa, bu cür xəbərləri o qədər tirajlamağın mənası yoxdur”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR