• USD 1,7000 0,00% EUR 1,9915 -0,32%
    • GBP 2,2137 -0,50% RUB 0,0231 0,00%

Tarixdə bu gün: 17 aprel

  • Sosial
  • 17 Aprel 2017 08:55
  • 607 Baxış
Tarixdə bu gün: 17 aprel

2006-cı il. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib.

1884-cü il. Bəstəkar, Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəylinin doğum günü (1884-1950). O, Üzeyir Hacıbəylinin qardaşı, bəstəkar və dirijor Niyazinin atasıdır. Z.Hacıbəyli ilk Azərbaycan operettası - "Əlli yaşında cavan"ın müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həmçinin “Evliykən subay” musiqili komediyasının, “Aşıq Qərib” operasının, “Azərbaycan” kantatasının müəllifidir. 1935-ci ildə oğlu, dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazıb.

1929-cu il. Azərbaycanın tanınmış opera müğənnisi Lütfiyar İmanovun doğum günü (1929-2008). O, ilk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş rolda debüt edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və digər klassik opera əsərlərində rol alıb. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub.

2015-ci il. Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, professor Ramiz Mirişli vəfat edib (1934–2015). O, yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 1972-ci ildən Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru işləyib. Ramiz Mirişlinin bəstələdiyi mahnılar arasında “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Hardasan”, “Yandım, elə yandım”, “Gəlmədi”, “Dalğalar”, “Küsüb məndən” mahnıları daha çox populyarlıq qazanıb.

2014-cü il. Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes vəfat edib (1927-2014). Onun bir çox roman, povest və hekayələri dünyada populyarlıq qazanıb. Əsərləri bir çox dillərə tərcümə olunub. Markesi 1967–ci ildə qələmə aldığı "100 ilin tənhalığı" romanından sonra Latın Amerikasında realizmin banisi adlandırıblar.

17 aprel. 1989-cu ildən bəri hər il 17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir. Bu gün dünyanın bir çox ölkəsində hemofiliyalı insanlara təsir göstərən problemlər barədə anlayış yaratmaq üçün toplantılar, idman oyunları, sərgilər və digər bu kimi tədbirlər təşkil edilir. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR