Millət vəkilinə tələb - Qadınlardan üzr istəməlidir
Bizi izləyin

Sosial

Millət vəkilinə tələb - Qadınlardan üzr istəməlidir

Millət vəkilinin fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!”

Bu sözləri millət vəkili Tahir Rzayev ölkə.az saytına müsahibəsində deyib. Millət vəkili Azərbaycanda qadın hüquqlarının elə də pozulmadığını deyib.

“Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Biz deyirik ki, ay valideynlər, 12-13 yaşlı qızı ərə verməyin. Ancaq qız özü qoşulub, yalvara-yalvara gedir. Sonra da adını “qadın zorakılığı” və ya “qadın hüquqlarının pozulması” qoyuruq” - deyə əlavə edib.

Millət vəkilinin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu fikirlərin cəmiyyətdə qadına qarşı zorakılığın təbliği kimi anlaşılması da istisna edilmir.

T.Rzayevin həmkarı, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, qadınlar heç zaman səhv etmir. Onun sözlərinə görə, qadınların problemlərinin olmasında onların zərrəcik də olsa, payı yoxdur. Günah hamısı qarşı tərəfdədir.

“Deputat həmkarımın nə dediyini dəqiq bilmirəm. Lakin qadınlara qarşı hər hansı mənfi situasiyada onları günahkar hesab etmirəm. Qadınlara hörmət etmək, onları qorumaq, həyatını problemsizləşdirmək kişilərin əsas həyati məsələsidir. Qadınlara aid problemlər - ailə, ana olması, onlara qarşı zorakılıq kimi məsələlərin həll edilməsi cəmiyyətin inkişaf göstəricisidir. Qadına qarşı zorakılıq heç bir halda qəbul edilməz. Onların ana, bacı funksiyalarına hörmət edilməlidir. Təəssüf ki, qadınlara qarşı bəzi məsələlərdə problemlər var, bu məsələləri daim diqqətdə saxlamalıyıq. Ölkəmizdə qadınların təhsili, işlə təminatı, sağlamlığının qorunması üçün işlər görülür. Ailələrin qorunması isə bütün dövrlərdə və cəmiyyətlərdə aktual olub. İş, mənzillə təminat, ailənin qorunması üçün hüquqi və digər məsələlər ailə dağılmasının qarşısını almaqda vasitə rolunu oynayır. Hesab edirəm ki, qadınların problemlərinin həlli, cəmiyyətdə özlərinə layiq yer tutmaları üçün görəcəyimiz çox işlər var”.

“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, millət vəkili bu fikirlərinə görə qadınlardan üzr istəməlidir:

“Ölkədə Gender bərabərliyi ilə bağlı qanun var, qadına qarşı zorakılığın aradan qaldırılması Məişət zorakılığına qarşı qanunda özünü göstərir, stereotiplərin aradan qaldırılması ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər millət vəkili dövlət səviyyəsində bu sənədlərin qəbul edildiyindən xəbərsizdirsə, sabah qadına qarşı münasibətin pisləşməsi istisna edilə bilməz. Onsuz da qadına qarşı münasibət yaxşı deyil, millət vəkilinin bu sözləri sıravi insanların qadına qarşı zorakılığının normal qəbuluna əsas verə bilər. Lakin bilməliyik ki, kişi qadını döyməklə nüfuzunu bərpa edə bilməz. Hesab edirəm ki, millət vəkili dediyi sözlərə görə qadınlardan üzr istəməlidir. Atalar misalı çəkmək istəyirsə, başqa yerdə istifadə edə bilər. Bu gün onun dedikləri dövlətin qadın siyasətinə əks fikir, yaxud qadına qarşı zorakılığın təbliği kimi anlaşılır. Dövlət tərəfindən qəbul edilən bu sənədlər qadın hüquqlarının müdafiəsi, qadının qərarqəbuletmədə iştirakını təmin etməyə imkan verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm