Siyavuş Novruzov: “Elanlar yazılır ki, “halal otel”, bu nə deməkdir?"
Bizi izləyin

Sosial

Siyavuş Novruzov: “Elanlar yazılır ki, “halal otel”, bu nə deməkdir?"

"Belə çıxır ki, qalanları haramdır, bir bu halaldır?"

“Azərbaycanda turizmlə bağlı böyük işlər görülür”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Turizm haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Komitə sədri deyib ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb.

Onun sözlərinə görə, qış və yay turizmi üçün lazımi şərait var:

“Bu sahədə nazirlik kifayət qədər iş aparır. Həm turizm, həm də mədəni abidələrin təmir olunaraq, istifadəyə verilməsi, kilsələr, dini obyektlər hər bir turistin diqqətini cəlb edir”.

S.Novruzov qeyd edib ki, bəzi məsələlər birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da, digərləri ilə bağlıdır:

“Biz problemlərin aradan qaldırılmasına çalışmalıyıq. İlk növbədə turistlərin kimliyi müəyyən olunmalıdır. Dünyada baş verən hadisələrə nəzərə saldıqda, o zaman turistlərin kimliyinin bilinməsi vacibdir. Həmin şəxslər mənzildə yaşadıqda onların hansı hadisəni törədəcəyi haqqında heç kimin məlumatı olmur. Heç onların şəxsiyyət vəsiqələrinin surəti belə, çıxarılmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Biz beş-on manata görə ölkədəki sabitliyi poza bilmərik”.

Deputat “halal otel” yazılmış iaşə obyektləri ilə bağlı da iradını bildirib:

“Elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çıxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, təhlükəsizliklə bağlı ciddi narahatlığa ehtiyac yoxdur:

“Turistlər sərhəddən və miqrasiyadan keçirlər, sonra uçota düşürlər. Güman edirəm ki, narahatlığa ehtiyac yoxdur. Təbii ki ayıq-sayıqlıq mütləqdir. Biz hər zaman bu məsələləri nəzərə alırıq və alacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm