Qüdrət Həsənquliyevdən SƏRT SÖZLƏR: “Bəzi hakimlər məhkəmə prosesini hərraca çevirirlər”
Bizi izləyin

Sosial

Qüdrət Həsənquliyevdən SƏRT SÖZLƏR: “Bəzi hakimlər məhkəmə prosesini hərraca çevirirlər”

“Bəzi hakimlər, xüsusilə də mülkü işlərdə məhkəmə proseslərini hərraca çevirirlər. Sonra da udan tərəfdən böyük məbləğdə pullar alırlar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində cərimələrinin artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə heç bir təsiri olmayacaq:

"Vaxtı ilə mərhum prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycanda hüquqi islahatların həyata keçirilməsi üçün xüsusi komissiya yaradılmışdı. Ona görə də biz Cinayət Məcəlləsinin üzərində yenidən işləməliyik və bu sənədə müəyyən düzəlişlər etməliyik”.

Q.Həsənquliyev qeyd edib ki, bu sahədə cəzaların sərtləşdirilməsinə ehtiyac var:

“Cəzaların sərtləşdirilməsi cinayətkarlığa qarşı mübarizədə kiçik zaman kəsiyində effektli olur. Sonradan isə insanlar buna öyrəşirlər. Hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, deməli cəzanın sərtliyi cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır. Hazırda biz cəzanın labüdlüyünün təmin olunmasına diqqət etməliyik. Digər tərəfdən isə çalışmalıyıq ki, cəzalar ədalətli olsun”.

Deputat vurğulayıb ki, parlamentdə yüzlərlə sənədə əlavə və dəyişikliklər edilir:

“Ancaq mən bir norma haqqında danışmaq istəyirəm. Hesab edirəm, təkcə bu kifayət edir ki, biz bu məsələ üzərində yenidən işləyək. Misal üçün, 295-ci maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxrtmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etmək cəzası var. Bilirsiniz, hakim bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını sarsıdır. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarırıq. Ona görə də bu cür hallara qarşı cərimələri cəza növündən ümumiyyətlə çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərəkdən ədalətsiz qərar və ya qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, Azərbaycan məhkəmələri dövlətin adından qətnamə çıxartmır:

“Hakimlərin məhkəmə proseslərini hərraca çıxartması barədə fikirlərinizlə qəti razı deyiləm. Bu doğru deyil. Mən Məhkəmə Hüquq Şurasının üzvü kimi sizə statistikanı təqdim edə bilərəm. İntizam icraatı qaydasında nə qədər hakimlər ya vəzifəsindən uzaqlaşdırılıb, ya məsuliyyətə cəlb olunub, ya da vəzifəsi kiçildilib. Bu sahədə xeyli islahatlar gedir. Ona görə də heç bir əsası olmadan bu cür fikirləri səsləndirmək yolverilməzdir. Mən xahiş edirəm ki, bu cür məsələlərdə məsuliyyətli olasınız”.

Birinci vitse-spiker vurğulayıb ki, bu cür hallar olsa da, ona qarşı mübarizə tədbirləri görürülür:

“Bu cür hallar var, ancaq onlar da məsuliyyətə cəlb olunub. Bunu bütün məhkəmələrə aid etmək düzgün deyil. Təqsiri olanlar cəzalandırılır. Xüsusilə də son illər Azərbaycanda hakimlərin seçilməsi ilə bağlı çox şəffaf qayda müəyyən olunub. Çox yüksək səviyyəli cavan kadrlar gətirilir. Ona görə də sizin fikirlərinizi bütün məhkəmələrə şamil etmək düzgün deyil”.

Spiker Oqtay Əsədov isə Qüdrət Həsənquliyevi bu cür çıxışlara son qoymağa çağırıb:

“Bu məsələ bitdi də! Başqa məsələyə keçək!”.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm