Qüdrət Həsənquliyev: “Bəzi qruplar orta məktəb şagirdlərinə siqaret paylayır”
Bizi izləyin

Sosial

Qüdrət Həsənquliyev: “Bəzi qruplar orta məktəb şagirdlərinə siqaret paylayır”

Bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda ilk növbədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib.

Layihə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb.

Qanun layihəsi ilə bağlı dinləmələrin keçirildiyini deyən H.Rəcəbli söyləyib ki, ardıcıl aparılan işlərdən sonra hazırki qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub:

“Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən bu layihəyə qayıtmaq mümkündür. Ümumilikdə isə layihə Milli Məclisin qanun mətbəxinin uğurlu məhsuludur. Bu qanun sağlam həyatın təbliğinə və gənc nəslin sağlam böyüməsinə töhfə verəcək”.

Qanun layiəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa deyib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi hadisə kimi qiymətləndirilə bilər.

Qanunun əleyhdarlarının olduğunu vurğulayan F.Mustafa qeyd edib ki, buna əməl etməyi düşünən insanların sayı çoxdur:

“Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan onun ilkin tətbiqi üçün maarrifləndirməyə ehtiyac yaranacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.

F.Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.

Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı söyləyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir:

“Tütünlə bağlı daha çox şadlıq evlərində xüsusi problemlər var. Qanunda bununla bağlı sərt işarələrin olması vacibdir”.

Millət vəkili Rövşən Rzayev isə bildirib ki, bu, müasir dövr üçün vacib olan layihədir.

Millət vəkili qanun layihəsində cərimələrin artırılmasını təklif edib:

“Qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub. Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq, düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.

Deputat Qüdrət Həsənquliyev isə söyləyib ki, məktəblərdə tütünün ziyanı ilə bağlı xüsusi dərslər keçirilməlidir və bu dərslər məcburi olmalıdır:

“Çünki hər şey məktəbdən başlayır və uşaqlar da tütündən istifadəni məhz məktəb yaşlarında öyrənirlər”.

Q.Həsənquliyev orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını dilə gətirib:

“Bəzi qruplar var ki, orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir dəfə, iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir və bunun qarşısının alınması ilə bağlı kəskin addımların atılması vacibdir”.

Deputat Jalə Əliyeva da sözügedən sənədi dəstəklədiyini vurğulayıb:

“Mən də bu sənədi dəstəkləyirəm və hər zaman da dəstəkləmişəm. Hesab etmişəm və edirəm ki, onun qəbulu çox vacibdir. Ancaq məni ən çox narahat edən məsələ siqaretin çəkilib qurtarılmasından onun kötüyünün hara gəldi atlımasıdır. Bu, məni çox narahat edir. Bir etika, ədəb məsələsi var. Hara ayaq basırsan siqaret kötüyü çıxır. Hətta, qəbiristanlığa əzizini ziyarət etməyə gedirsən, qarşılaşdığın mənzərədən adamı dəhşət bürüyür, az qala adam özünə nifrət edir. Başa düşdük, kimsə dərdini ovundurmaq üçün siqaret çəkir, ancaq onun kötüyünü qəbirin, məzar daşının yanına tullamaq nə dərəcədə etikdir, nə qədər insanlıqdandır? Bu, çox yolverilməz haldır”.

Mülahizələr zamanı fikirlərini bildirən millət vəkili Hikmət Babaoğlu qanun layihəsinin mükəmməl səviyyəyə gətirilib çatdırıldığını deyib.

H.Babaoğlu çıxışı zamanı qanun layihəsində nəzərdə tutulan cərimələrin minimum əmək haqqı səviyyəsinə uyğun tənzimlənməsini bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm