Ölməmək üçün yeyirik, amma öldürür: Restoranların çatdırılma xidmətlərilə gələn əcəl
Bizi izləyin

Sosial

Ölməmək üçün yeyirik, amma öldürür: Restoranların çatdırılma xidmətlərilə gələn əcəl

Gigiyenik tələblər gözlənilmədən hazırlanan yeməklər insan sağlamlığı üçün ciddi təhlükə törədir. Kütləvi qida zəhərlənmələri əksər hallarda bu və bənzər səbəbdən baş verir ki, bunların da böyük əksəriyyəti ölümlə nəticələnir. Bakıda fəaliyyət göstərən bir sıra restoranlar, burada çalışan şəxslər ərzaq məhsullarının alınması, saxlanması, daşınması, emalı, hazır xörəklərin saxlanma müddətləri və şəxsi gigiyena qaydalarına riayət etmirlər.

Publika.az çatdırılma xidməti göstərən restoranlarda müəssisə daxilində və çatdırılma zamanı müştərilərə təklif edilən yeməklərin hansı gigiyena qaydaları çərçivəsində hazırlanmasını araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məsələ ilə bağlı yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində şəhərdə fəaliyyət göstərən bir sıra müəssisələrdə gigiyena və sanitariya normalarına riayət edilmədiyi məlum olub:

“Biz ATV telekanalının layihəsi çərçivəsində şəhərin ən prestijli məkanlarından olan “Fisincan” restoranında çəkiliş apardıq. Çəkiliş zamanı şəhərin mərkəzində fəaliyyət göstərən restoranda ciddi norma pozuntuları qeydə alındı. Məlum oldu ki, müəssisənin müştərilərə göstərdiyi xidmətin keyfiyyət dərəcəsi çox aşağıdır. Burada müştərilərə təklif edilən yeməklər kənarda, naməlum məkanlarda hazırlanıb dondurularaq restorana gətirilir. Yeməklər müştərilərə təqdim olunmazdan əvvəl bir neçə dəfə qızdırılır ki, bu da yeməyin tərkibinin dəyişməsinə səbəb olur. Eyni zamanda, çatdırılma xidməti göstərən müəssisələrin də gigiyena normalarına riayət etmədiyi məlumdur. Uzaq məsafəyə aparılan yeməklər yolda soyuyur və yenidən qızdırılmalı olur. Bu insan sağlamlığı üçün ciddi təhlükədir. Xüsusən yeməklərin mikrodalğalı sobalarda qızdırılması gigiyena normaları cəhətdən qadağandır. Lakin təəssüf olsun ki, ketrinq xidməti göstərən restoranlar bu normaları kobudcasına pozur. Vaxta qənaət etmək üçün bu normaların pozulması insan sağlamlığını ciddi təhlükə ilə qarşı-qarşıya qoyur. Belə hallar kütləvi zəhərlənmə ilə nəticələnə bilər. Bundan başqa, restoranlarda çalışan işçilərin gigiyenik tələblərə cavab verib-vermədiyini müəyyən etmək üçün davamlı olaraq müəyyən yoxlamalardan keçməlidirlər. Təəssüflər olsun ki, xidmət sahəsində çalışan insanların demək olar ki 50%-i heç bir yoxlamadan keçməyib”.

E.Hüseynov isti yeməklərin plastik qablarda çatdırılmasının da düzgün olmadığını bildirib:

"İsti nəticəsində plastik qabların tərkibində olan naməlum maddələr yeməyə qarışır. Bunun nəticəsində də insanlar ağır zəhərlənmə halları yaşayırlar. Eləcə də, isti yeməklərin streçlənmiş şəkildə çatdırılması zəhərlənmə hallarına yol aça bilər. Ümumiyyətlə, hazır yeməklərin streçlənmiş halda saxlanılması təhlükəlidir. Bu kimi hallar təkcə ketrinq xidmətlərində deyil, bir sıra uşaq bağçalarında da qeydə alınıb. Sumqayıt şəhərində yerləşən uşaq bağçalarında gigiyena və sanitariya normalarına demək olar ki, əməl olunmur. Bununla bağlı ölkədə fəaliyyət göstərən dövlət qurumları ölçü götürməlidir. Lakin təəssüflər olsun ki, biznes qurumlarına heç bir dövlət orqanı nəzarət etmir. İnsan sağlamlığına ciddi təhlükə yaradan yeməklər, at,it, eşşək əti belə bişirilib əhaliyə verilə bilər. Nəzarət yoxdur. Biz cənab prezidentin fevral ayında verdiyi fərman əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaranmasını gözləyirik. Ümid edirik ki, bu agentliyin yaradılması hazırda müəssisələrdə müşahidə olunan qanun pozuntularının qarşısını alacaq. Ölkədə əhalinin apteklərdən aldığı dərmanların əksəriyyəti qida zəhərlənməsinə qarşı preparatlardır. İnsanlar restoranların mətbəxində baş verən vəziyyəti görmür. Belə olan halda əhali tərəfindən bizə sırf gigiyenik normaların pozuntusu ilə bağlı şikayətlər daxil olmur. Əsasən qiymət artımı ilə bağlı şikayətlər alırıq. Biz çalışırıq bu və bənzər problemləri danışıqlar yolu ilə, anti-reklam yolları ilə həll edək. Əks halda biz bu şikayət məktublarını aydiyyatı dövlət qurumlarına göndəririk. Lakin çox təəssüf olsun ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların və qida təhlükəsizliyinin qorunması sahəsində heç bir əsaslı tədbirlər görmür. Eləcə də Səhiyyə Nazirliyinin bu sahədə hansısa müsbət iş aparmaması bizi narahat edir. Ya bu restoranlar bağlanmalıdır, ya da normal iş prinsiplərinə uyğun olaraq fəaliyyət göstərməlidirlər”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Publika.az-a bildirdi ki, qurum 2015-ci ilin noyabr ayından etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaları dayandırıb:

“Yeni qaydalara əsasən, sahibkarlıq subyektlərində yoxlamalar yalnız insanların həyat və sağlamlığı, o cümlədən dövlət təhlükəsizliyi və iqtisadi maraqlarına mühüm təhlükə yarandığı halda aparılmalıdır. Şəhərdəki iaşə obyektləri təyin olunan müvafiq gigiyenik normalara əməl edərək fəaliyyət göstərməlidir. İaşə müəssisələrində çalışan işçilər ilkin növbədə işə girərkən tam tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələrinə əsasən işçilərin bu sahədə hansı vəzifədə çalışacağı müəyyənləşdirilməlidir”.

Z.Kazımov söyləyib ki, qablaşdırılmada istifadə olunan materialların müvafiq qaydalara uyğun olaraq toksikoloji və gigiyenik sertifakatları olmalıdır:

"Yalnız bundan sonra yeməklər müvafiq qablaşdırılmalarda müştərilərə çatdırıla bilər. Yeməklərin müəyyən məsafələrə çatdırılması zamanı ilkin olaraq temperatur dərəcəsi gözlənilməlidir. Hər yeməyin özünün müəyyən temperatur dərəcəsi var və ketrinq şirkətləri qida zəhərlənməsi hallarının qarşısını almaq üçün uzaq məsafələrə çatdırılma zamanı bunu nəzərə almalıdır. Restoranlarda yeməklərin dəfələrlə qızdırılması halları isə düzgün deyil. Ötən illər ərzində, eləcə də, 2016-cı ildə bu barədə bizə heç bir şikayət daxil olmayıb. Əsasən bizə daxil olan müraciətlər antisanitariya mövzusunda qeydə alınıb. Ümumiyyətlə, bu cür qayda pozuntusuna yol verən müəssisələrdə, iaşə obyektlərində ərzaq məhsullarının alınması, saxlanması, daşınması, emalı, hazır xörəklərin saxlanma müddətləri və.s məsələlər ilə məşğul olan şəxslər birbaşa məsuliyyət daşıyır”.

Şəhər mərkəzində yerləşən bir sıra restoranlarla əlaqə saxlayıb yeməklərin çatdırılması zamanı hansı gigiyenik normalar çərçivəsində fəaliyyət göstərdiklərini öyrənməyə çalışdıq. Restoranlardan mövzu ilə bağlı suallarımıza ümumi cavablar verildi. “Anadolu”“Büyük Fırat”restoranlar şəbəkəsi mövzu ilə bağlı bütün gigiyenik normalara əməl etdiklərini desələr də, qaydalar haqqında ətraflı məlumat vermədilər. Hər iki restoranlar şəbəkəsində şəhər daxili və xarici istiqamətlərdə çatdırılmalar mövcuddur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm