Mübarizi qəhrəman saymayan yazara irad: "Qaraqaplan" yox, özünə "Göyərçin" imzası götürsün
Bizi izləyin

Sosial

Mübarizi qəhrəman saymayan yazara irad: "Qaraqaplan" yox, özünə "Göyərçin" imzası götürsün

“Mən, məsələn, Mübariz İbrahimovu qəhrəman saymamışam heç vaxt. Kimisə yaşadan, ona həyat verən qəhrəmandı. Ümumiyyətlə, kütlənin qəhrəman anlayışına həmişə iyrənərək baxmışam. O, həmişə özü kimi bayağı qəhrəmanlar axtarıb…”

Bu sözlər gənc yazar Əsəd Qaraqaplana aiddir.

Publika. az xəbər verir ki, onun feysbuk hesabından yazdığı bu status heç də birmənalı qarşılanmayıb.

Status sosial şəbəkələrdə sürətlə yayılıb və minlərlə istifadəçinin sərt qınağına səbəb olub. Əsədin fikirlərini yazarlar və media nümayəndələri də birmənalı qarşılamayıb.

Azvision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü:

“Mənə elə gəldi ki, Əsəd Qaraqaplan həmin statusunda Mübariz İbrahimov ilə Ramil Səfərovu qarışdırıb. “Adam öldürməyi qəhrəmanlıq saymıram” ifadəsini əslində Ramil Səfərov haqqında işlətmək istəyib, amma bilmədən "Mübariz İbrahimov" yazıb. Nəzərə alsaq ki, indi pivə mövsümünün qızmar vaxtıdır, məhz belə olduğuna əminəm. Ramilin NATO kursunda ermənini öldürməsilə bağlı bəlkə də mübahisə eləmək olar, amma Mübariz İbrahimov həqiqətən parlaq bir qəhrəmandır; onun mərdliyi, qorxmazlığı insanın az qala başını gicəlləndirir. Mübarizin igidliyi nəsillərə örnək, filmlərə mövzu olacaq bir fenomendir. Əsəd fərqində olmadan adları qarışdırıb, hamı da başlayıb mahiyyətə varmadan onu söyməyə.

Yeri gəlmişkən, onun özünün təxəllüsü – yəni “Qaraqaplan” da qəhrəmanlıq pafosu püskürən bir kəlmədir. Qəhrəmanlara qarşı olan adam əvvəlcə özünə məsələn, “Əsəd Göyərçin” imzası götürməli idi”.

Şair-publisist Murad Köhnəqala isə Əsəd Qaraqaplanın ziddiyətli fikirlərilə ortaq olduğunu bildirdi:

“Hamının şəxsi fikri var və bu fikirlərə görə onları daş-qalaq etmək düzgün deyil. Bu da Əsədin şəxsi fikirləridir. Ona təzyiq göstərmək bir az da haqsızlıqdır. Mənim “xalqın qəhrəmanlıq fenomeni” haqqında heç bir təsəvvürüm yoxdur. Ancaq Əsədin fikirləri ilə müəyyən məqamlarda şərikəm. O məqamlarda ki, Əsəd Mübariz İbrahimovu fərari kimi qəbul edir. Əsgər komandirinə tabe olmalıdı. Gücünü və qətiyyətini döyüşdə, müharibədə göstərməlidir. Bu mövzuda Əsədi qınamıram”.

Şair-yazıçı Xanəmir Telmanoğlu isə bildirib ki, bizim yazarlar və şairlər Həzrət İsanın sevgisinə, sayğısına yoluxmağa başlayıblar:

"Bütün dəyərlərə qarşı çıxmaqla yetinən bugünkü azəri yazarın performansında solçuluq, materiya özəntisi, burjua nökərçiliyi hz. İsaya qarşı çıxan şüursuz simpatiya ilə bağ qurur.

Kim deyir ki, adam öldürmək gözəldir və ya təqdir edilməlidir? Söhbət bir ölkə adına atılan addımdan gedir. Qarşında səni tarix, zaman baxımından gecikdirən, hər an səndən aldığı qisasın neçə mislini şizofrenik bir dozayla almaqda israrlı olan düşmən var.

Ümumiyyətlə, hətta pisliyi belə, şüursuz şəkildə inkar edən şəxsdə materiayaya qarşı, maddiyyyata qarşı bir özümsəmə, sevgi və onun öcünü alma kimi simptomlar mövcuddur. Bizim yazarlar materiyanın, materializmin, maddəçiliyin yarımçıq qalmış şəklinin qisasını cəmiyyətdən alırlar. Baxmayaraq ki, Azərbaycan yazarının cəmiyyətlə heç bir qarşılaşması olmamalıdır və tarix boyunca da olmayıb. Çünki heç bir Azərbaycan yazarını cəmiyyət deyil, onun nəsli, kökü, tayfası, qohum-əqraba bağlarının sonsuz zənciri tərbiyə edir. Bu millət Allahdan başqa kimsəyə o şansı verməyib ki, “mədəniyyətinin təyinatını hidayətə çatdırmaqda” ona bədəl ödətdirsinlər. Bizdə cəmiyyətə gəlib çıxmağa hələ çox var. Ona görə də millətinin naminə saysız-hesabsız adam öldürmə instikti qatillik qəlyanını nə alovlandırmır, nə də cəlladlıq, qəddarlıq nevrozunu ətrafa sirayət etdirmir. Yazar cəmiyyətdən necə qisas ala bilirsə, bir savaşçı, döyüşçü də düşməndən qisas alır. İndi gəlin görək hansı tərəf ədalət və haqqpərvərdir: - Yazarmı, onun “düşməni öldürmək olmaz “ dəlilimi, yoxsa savaşçının düşməni öldürüb, üstəlik özünün də ölümünə bilə-bilə yol açma ( o bilirdi ki, bu hərəkətinin sonunda ölüm var.) ittihamlarımı?

Yazarın, düşüncə insanının qatilliyi, caniliyi necə olur ki? Şəxsin deyil ha, öz millətinin mental gerçəklərinin üzərində pərvəriş tapan mədəniyyət təsəvvürünü öz nəfsiylə tərəzinin eyni gözünə qoyan “qiyamçı yazarın” ayaması nə olmalıdır ki? Hətta Mübariz o gün geriyə sağ-salamat da qayıtsaydı, bu gün hansı statusda isə yenə də eyni sevginin və eşqin qarşılığını görəcəkdi. Çünki getməmişdən öncə səmimiyyətini bütün çalarlarıyla təsdiqləyən, geridə yazıb qoyduğu “Gültəkin”, “Orxon-Yenisey” yazılarındakı ağırlıq qədər bir mətn var. Üstəlik o gecə Mübarizin savaşıb öz ölümünə də bais olması o deməkdir ki, “bizim düşmənimiz yoxdur”.

Hətta o gecə sağ-salim geri qayıtsaydı belə, yenə də Mübariz öz şəxsi üçün deyil, xalqı üçün axıtdığı qanı qəhrəmanlıq simvoluna çevirməliydik. Yəni ki, mənim zehniyyətim düşmənçilik qəbul etmir, sadəcə olaraq sizi ona görə öldürürəm ki, yanlışlıqlarınızın bədəlinin yalnız ölümlə qarşılanacağını biləsiniz. Özümün ölümü isə b o deməkdir ki, sizin ölümünüzün qarşılığı düşmən bildiyiniz mənim ölümümdür. Mən sizin kimi düşmənimin ölümünün önünə rusu, yad əsgərini çıxarmıram, özümü çıxarıram. Mən bu etdiklərimi gedib kimlərəsə anlatmaq üçün deyil, sizlərin faciənizin də qarşısında öz faciəmlə çıxa bildiyimi sübut etmək üçün törədirəm. Elə isə sizlər heç vaxt bizə qarşı kimlərəsə alət olub Qarabağ boyda xəncəri kürəyimizə saplamalı deyildiniz.

Ermənilər bizə qarşı xəyanət edib. Bütün tarix boyunca bir etnos kimi ermənilərə qarşı etdiklərimizin qarşısında ermənilər fürsəti əldən verməyib bizə qarşı belə xəyanətlər etməməli idilər. Bizlərin yer üzündəki varlığımız ermənilərin indi yerləşdikləri əraziləri, ən azından Ermənistanı onların “vətəni” olması durumuna gətirdi. Bizlər ermənilərə Vətən vermiş xalqıq. Onlar bizə “vətən vermə” haqqımızı ödəmələri yerinə, səmimiyyətimiz və hallalığımızla məzələndilər. Ermənilərin başlatdıqları iyrənclik bizə qarşı məzələnməkdən başqa bir şey deyil.

Yazar olaraq əvvəl-axır cəmiyyətdən, xalqdan qisas almağın başını buraxmalıyıq. Çünki bu metodu yaxşı bilmirik və bu yöndəki təcrübəmiz bizi kasad, dayaz duruma düşürür.

Yazarın vəzifəsi həm də ətrafındakı hadisələrin, ona dəxli olan olayların detallarının haqqını imitasiya etmək deyil, o olay və hadisələrin ölkəyə yansıyan təzahürünü xeyirə yozmaq səxavətini işə salmasıdır.

Savaşın tərbiyəsi olmur. Savaş öz əxlaqını ölümlə, qanla ödəyir. Kim bilmir ki, bir insanın həyatına qəsd eləməklə, bir xalqın savaşçısı olub düşməndən qisas almaq, düşmənlə savaşmaq ayrı - ayrı dəyərləndirmələrdir.

Mübariz İbrahimov olayı Azərbaycan xalqında ruh yüksəkliyinə səbəb olmuşdur. Rusiyanın prezidenti belə əslində Mübarizin hərəkətinə nə cür heyran qalmışdırsa, onun təkbaşına həyata keçirdiyi döyüşü qəhrəmanlıq olaraq dəyərləndirmişdir. Həm də dolayısı ilə bu məsələyə haqq qazandırmışdır. Mübarizin hərəkəti gerçəkdən bir insanın edə biləcəklərinin üstündə olduğuna görə maraqlı idi həm də.

Mübarizin şəxsində Azərbaycan xalqı bir daha dünyaya mesajını ötürdü ki, bu millət kükrəyən sel kimidir. O həddə çatdırmaq lazım deyil xalqı. Bir gün bütün bəndləri, sədləri aşıb qabağına keçənlərin hay-harayına baxmayacaq.

Yazar və düşüncə adamı öz mədəniyyətininin içindən çıxırsa, o zaman heç olmasa qatilliklə şəhidliyi ayırd etməyi bacarmalıdır".

Yazıçı-şair Pərviz Cəbrayıl Ə.Qaraqaplanın statusunun zamansız və motivsiz olduğunu söylədi:

"Humanizm, pasifizm prinsipləri də qalan bütün məsələləri kimi tam mükəmməl deyil və hər zaman normal görünmür. Əlbəttə, insan öldürmək cahillikdir, ancaq insan öldürmək fikrilə, müharibədə düşmən əsgərini öldürmək ayrı-ayrı şeylərdir. Gördüyümüz kimi, bu humanist ehkam bu məqamda son dərəcə rüsvayçı şəkildə səslənir. Tutaq ki, Əsəd deyir, insan öldürən qəhrəman deyil, yaşadan qəhrəmandır. Bəli. Ancaq baxır hansı şəraitdə. Deyək ki, Mübariz erməni əsgərlərini bizim hansısa hücumlarımızdan qoruyub, yaşatsaydı, daha böyük qəhrəman olacaqmış? Təbii ki, çox gülməlidir. Əsədin bu statusu mənə onun kiminləsə bu mövzuda müsahibəsindən sonra yazılmış fikir təsiri bağışladı. O, ayrı söhbətdir ki, Mübariz təkbaşına düşmən səngərinə girib lap onlarla erməni əsgərini öldürüb qəhrəman adı qazanmaq yerinə, öz təcrübələri ilə onlarla özü kimi Azərbaycan əsgəri yetişdirə, onlarla qəhrəman tərbiyə edə bilərdi. Ancaq bu məqamda Əsədin fikrilə razılaşıram: o, ağlına gələn bir fikri deyib, buna görə onu öldürmək qəhrəmanlıq deyil...”

Şair Aqşin Evrən isə bəzi şəxslərin Ə.Qaraqaplana söyüş yazmasının, hədələməsinin yolverilməz olduğunu bildirib:

“Fikrimcə, bu mövzu buradan başlanmalıdır: Azərbaycanda toplum öz əsgərinə, ümumiyyətlə, qəhrəmanına nə dərəcədə qiymət verir? Bu istər hərbi qəhrəman olsun, istərsə ədəbi qəhrəman. Əminəm ki, Nəsiminin dərisi soyulmasaydı, Mikayıl Müşfiq gənc yaşlarında repressiya qurbanı olmasaydı, bu toplum nə Nəsimini, nə də Müşfiqi adam yerinə qoyacaqdı. Onların sevilməyinin tək səbəbi faciələridir. Eləcə də Mübariz İbrahimov. Azərbaycanda Mübariz kimi orduda xidmət edən və peşəkar səviyyəli zabit tanıyıram ki, gedib bir kənddə su istəyib, ancaq ona o bir stəkan suyu verməyiblər və ya pulla satıblar. Buna görə də ilkin olaraq, toplum özü öz qəhrəmanına, öz döyüşçüsünə, sənət adamına və ən nəhayətində fərdinə qiymət verməyi, hörmət etməyi bacarmalıdır.

Əsədin statusuna gəldikdə isə onu bir şeyi deyə bilərəm ki, Mübariz İbrahimovu sevən insanların Əsədin bu status ilə məzələnməsi, zarafatlaşması, ironiya etməsi, ağlasığmaz təhqirlər yağdırması həm onların özlərinin, həm də Mübariz İbrahimovun adına faciədir. Təsəvvür edin, tutaq ki, Mübariz İbrahimov gedib bu xalqın rahatlığı üçün canından keçib, sən də durub həmin xalqın bir üzvünü, yaxınlarını, ailəsini söyürsən. Ortaya gülünc paradoks çıxır.

Biz ilk növbədə insanların fikirlərinə hörmətlə yanaşmağı, eyni zamanda tənqid edərkən bunu sağlam və təhqirsiz şəkildə etməyi bacarmalıyıq. Təhlükəli olan Əsədin Mübarizlə bağlı statusu deyil, təhlükəli olan insanların bu mövzuya bu cür söyüşlə, qılınc-qalxanla yanaşmasıdır. Biz ilk növbədə bu məsələnin, fərdin üzərinə qılıncla getməyi tərgitməliyik. Hərə bir tərəfdən necə gəldi qışqıranda doğru, sağlam sözü eşitmək olmur deyə, problem həllini tapmır və küçə mövzusuna çevrilir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm