Zərdabda bir ailə niyə çöllərdə qalıb? - 2 uşaqla küçədə yaşayırlar - FOTOLAR
Bizi izləyin

Sosial

Zərdabda bir ailə niyə çöllərdə qalıb? - 2 uşaqla küçədə yaşayırlar - FOTOLAR

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı iddia edir ki, yaşadıqları ev rayonda yüksək vəzifəli məmurlar tərəfindən əllərindən alınıb. Mal-qoyun, toyuq-cücə saxlayıb birtəhər dolandıqlarını deyən Günel Mehdiyeva hazırda həyat yoldaşı və 2 uşağı ilə küçədə yaşayır:

"Həyat yoldaşım Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban və sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşağımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi atam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilib. Buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var".

Qadının sözlərinə görə, Zərdab rayonunun icra başçısının sabiq müavini Tofiq Abdullayev onlara əmlakın yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra onları məhkəməyə verib və evləri əllərindən alınıb:

"Bundan sonra bizim həmin torpağı zəbt etməyimizi əsas gətirərək Zərdab rayon məhkəməsində iddia qaldıraraq oradan çıxarılmağımızı tələb edib. Məhkəmə sədri Tahir Qubadov iddianı təmin etmişdi. Həttda Zərdab rayon məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququmuzun məhdudlaşdırılması üçün həyat yoldaşımı 16 may 2016-cı il tarixdə qanunsuz 20 günlük inzibati həbs etdilər. Guya həyat yoldaşım Sarənc Tofiq Abdullayevin çobanına qarşı xuliqanlıq edib. Həyat yoldaşım həbsdən çıxan kimi qətnaməni və sənədləri vəkil Əlayif Həsənova verdi. O, isə apellyasiya şikayətini müddət ötəndən sonra yazıb həyat yoldaşıma verdi. Buna görə də məhkəmə müddətin ötməsini əsas gətirib apellyasiya şikayətimizi əsassız hesab etdi.

Publika.az olaraq məsələnin təfərrüatını öyrənməyə çalışdıq. İlk olaraq Zərdab rayon ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin şöbə müdiri Rafiq Məmmədovla əlaqə saxladıq:

“O vaxt, kolxoz dövründə orada ferma işçiləri üçün “çoban evləri” olub. O vaxtki aqrar islahatlar zamanı hər kəsə müəyyən pay torpağı düşüb. Bu ailənin qaldığı həmin “evin” yerləşdiyi torpaq sahəsi də düşüb İcra Hakimiyyətinin keçmiş müavini Tofiq Abdullayevin payına. O vaxtdan da sənədləşmə işləri aparılıb, rəsmi qaydada torpaq keçirilib onların adına. O vaxt gəlinin qayınatası Mehdiyev Nəsrəddin Nəsir oğlu ilə razılığa gəliblər ki, burda yaşamaqlarına icazə versə, onun da mal-qaraya, təsərrüfat işlərinə baxarlar. Tofiq Abdullayev də razılaşıb, 5-10 il onlar bu şərtlə orda yaşayıb. Sonra aralarında narazılıq yaşanıb. Ailə iddia edib ki, bu torpaq bizimdi və biz burda ev tikmək istəyirik. Yaşanan mübahisə böyüyüb məhkəməyə qədər gedib çıxıb. Qanun var, qayda var. Qanunda qeyd olunub ki, pay torpaqlarında tikinti işi aparmaq (ev tikmək) qadağandır. Məhkəmənin də qərarı əsasında ailənin 25 nəfər tərəfindən evdən çıxarılması prosesində mən özüm də iştirak etmişəm. Bununla bağlı bir neçə dəfə müraciət edib. Hər dəfə də izah etməyə çalışmışıq ki, qanunla sənin tələbinə icazə verilmir. Sarənc Mehdiyevin 20 günlük həbs edilməsi məsləsi isə tamamilə yalandır. Heç bir həbs olmayıb”.

Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Novruz Ağaverdi isə baş verənləri Günel və Sarənc Mehdiyevin əsassız iddiaları adlandırıb:

“Bu ailə Zərdab rayon İcra Hakimiyyətinin keçmiş müavini Tofiq Abdullayevin pay torpağının içərisində yerləşən evdə yaşayıb. 2 hektara yaxın torpaq sahəsində neçə ildir normal yaşayırdılar. Sadəcə bu ailə iddia edirdi ki, burda özümüzə ev tikmək istəyirik. Bu hadisə bir neçə dəfə təkrarlanıb. Daha əvvəl də onlar o evdən çıxarılmışdılar. Sonra biz araya girdik, tərəfləri razılığa gətirdik, yenidən qayıtdılar köhnə qaydada mal-qaraya baxıb, orda yaşamağa. Bu dəfə yenidən eyni vəziyyət yaşanıb, iş də gedib məhkəməyə. Qanunsuz şəkildə sahəyə tikinti materialları töküb. Bunun özü cərimədi. Sadəcə bu insanlar deyilənləri qəbul etmək istəmirlər. Kənddə onların ayrıca həyəti var, qayınatasının evi var. Sakit, rahat yaşamaq imkanları var. Sadəcə işi özləri çətinləşdiriblər. Həbs olunma ilə bağlı heç bir məlumatım yoxdur. Məhkəmə prosesi rəsmi sənədlər əsasında aparıb, inanmıram, belə bir hal yaşana”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm