"Xutor" hər an yana bilər: "Biz burada yaşaya bilmirik" - FOTOLAR
Bizi izləyin

Sosial

"Xutor" hər an yana bilər: "Biz burada yaşaya bilmirik" - FOTOLAR

İsti hava şəraiti bir tərəfdən, küçələrdəki natəmizlik də bir tərəfdən əhalinin vəzəliyyətini dözülməz həddə çatdırıb. Anti-sanitar şərait insanların sağlamlığına ciddi təhlükə yaradır.

Belə yaşanılmayacaq yerlərdən biri də Binəqədi rayonu Z.Bünyadov küçəsindən "Xutor" istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığıdır. Ərazidə yaşayan vətəndaşlar çox acınacaqlı vəziyyətdə yaşadıqlarını deyiblər. Onların sözlərinə görə, ərazidə qanunsuz şəkildə yaradılmış "poliqon" əsl anti-sanitar vəziyyət yaradıb.

Publika.az olaraq, biz əraziyə çatar-çatmaz ilk diqqətimizi çəkən bələdiyyənin yerli sakinlərin istifadəsi üçün qoyduğu zibil qutuları oldu. Ətrafı tullantılarla dolu olsa da, içi boş idi. Bilmədik ki, bu vəziyyət vaxtı-vaxtında təmizlənməyən zibil qutuları ilə bağlıdır, yoxsa vətəndaşların səhlənkarlığı ilə.

Bir tərəfdən isti, bir tərəfdən də üfunət qoxusundan ərazidə dayanmaq mümkün deyildi.

Ərazidə yaşayan sakinlərlə həmsöhbət olduq. Bildirdilər ki, zibillikdəki həşəratların əlindən gündüz pəncərələri aça bilmirlər, gecə də itlərin səsindən yatmaq olmur. Uşaqların həyətdə oynaması isə mümkün deyil.

Sakin Rza Rzayev bildirdi ki, vəziyyətlə bağlı bir neçə dəfə şikayət ediblər, amma müsbət nəticəsi olmayıb:

"Dünən gəlib, guya təmizləyiblər. Yarısını yandırdılar, yarısını yığıb apardılar. Təkərləri də yığıb qoyublar orda. 2 gündən sonra yenə köhnə vəziyyətə düşəcək. Baxın, görürsüz, gecədən səhərə qədər gəlib-gedən hər kəs əlindəki zibili atır ora".

Səsimizi eşidən kimi, pəncərəsi "poliqona" açılan qonşular bir-bir çıxdılar dərdlərini bölüşməyə.

Arzu Şirinova da dedi ki, bu təmizlik 2 günlükdür:

"Hər gecə camaat maşın-maşın zibili gətirib boşaldır bura. Gecə yatdığımız yerdə tüstüdən boğuluruq. Bunun qarşısın belə almaq olmaz. Biz şikayət etməkdən yorulmuşuq, onlarda təmizləməkdən. Ərazinin hasarını dağıdıblar. Kimə daş lazım olur gəlib gecəynən söküb aparır. Bura bir dənə kamera qoysalar, heç kim ora heç nə atmaz. Ayda iki dəfə bura yanğınsöndürənlər gəlir. İdarədə qeydiyyatda var hamısı. Təkərləri yandırırlar, saatlarla sönmür. Bir evə od düşsə, bu gördüyünüz evlərin hamısı kül olacaq".

Elşən Əmiraslanov isə söylədi ki, kim evində nə iş görür ortaya çıxan zir-zibili gecə ikən bura tökür. Əvvəl hasar var idi, ətrafına dəmirlər qoymuşdular, keçmək olmurdu. Belə natəmizlik də yox idi. Sonra gecə vaxtı dəmirləri söküb apardılar, daşları uçurdular, axırda da belə zibillik, yiyəsizlik yarandı. Xeyri yoxdu, 3 gün sonra gəlib baxın, yenə zibillər dolacaq. Yay günü evdə nəfəs almaq olmur. Küləkli havada pəncərəni açan kimi “poliqon“dakı məişət tullantıları dolur evlərin içərisinə. Yayın cırhacırında burada, belə şəraitdə normal yaşamaq mümkün deyil".

Küçədəki zibillər sakinlərə elə “gözdağı“ verib ki, bələdiyyə tərəfindən qoyulan zibil qutuları heç gözə görünmür.

Rəsulzadə qəsəbəsi bələdiyyəsindən Ayaz Nağıyevin Publika.az-a verdiyi məlumata görə, sözügedən ərazidə şikayətlər əsasında təmizlənmə işləri aparılıb:

"Orada naməlum şəxslər tərəfindən zibil "poliqonu" yaradılıb. Əraziyə baxış zamanı məişət tullantıları, istifadəsiz əşyalar və s. təmizlənib. Ərazidə qeydə alınan istifadəsiz təkərlər səmərəli şəkildə istifadə edilməsi üçün, səliqəli şəkildə bir kənara yığılıb. Hazırda ərazi təmizdir və qabardılacaq bir mövzu yoxdur".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm