“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"
Bizi izləyin

Sosial

“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"

“Akkord” şirkətlər qrupunun tikintisini həyata keçirdiyi "Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin qazlaşdırılma prosesi dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə mətbuata şəhərciyin sakinləri məlumat verib.

Şikayətçilər yanvar ayından etibarən start götürən qazlaşdırılma prosesinin artıq 3 gündür dayandırıldığını bildiriblər:

“6-7 ay ərzində yaşayış kompleksinin bir neçə bloku qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti "Azəriqaz"ın və qaz xətlərini çəkən podratçı şirkətin haqqını vermədi. Podratçı şirkətin işçiləri 3 aydır əmək haqqı almadıqlarını bildirirdilər. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar İdarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik. Gənclər üçün salınmış şəhərcikdə gənclərə rəsmən zülm edirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuatla əlaqələr şöbəsinin sədri İbrahim Kərbəlayev tikintini həyata keçirən şirkətin “Azəriqaz”a borclu olmadığını dedi:

“Şirkətin İstehsalat Birliyinə borcu ola bilməz. Çünki qaz xətlərinin çəkilişini podratçı şirkət həyata keçirir. “Azəriqaz” yalnız qazın xətlərə açılışını təmin edir. Əgər mənzillərə qazın verilməməsi problemində birliyin hər hansı bir payı varsa, bu pay yalnız lazımi sənədlərin “Azəriqaz”a təqdim olunmamasından ibarət ola bilər. Bu da podratçı şirkətin səlahiyyətinə daxil olan məsələdir. Yəni biz tikintini həyata keçirən şirkətlə birbaşa deyil, podratçı şirkət vasitəsilə əlaqə yaratmış oluruq”.

İ.Kərbəlayev problemin onlarla birbaşa əlaqəsi olmadığını bildirib:

“Əgər sözügedən ərazidə qaz xətlərinin çəkilişi və mənzillərin sayğacla təmin olunması işi başa çatıbsa, eləcə də, bütün zəruri sənədlər “Azəriqaz” İstehsalat Birliyinə təvil verilibsə, birlik ən qısa müddətdə hər bir mənzilə baxış keçirir. Əgər mənzillər tikinti norma və qaydalarına uyğundursa, qazın açılışı təmin edilir”.

Məsələ ilə əlaqədar “Akkord” şirkətlər qrupunun münasibətini öyrənmək istəsək də, şirkətin heç bir səlahiyyətli nümayəndəsi suallarımızı cavablandırmadı. Özünü şirkətin operatoru kimi təqdim edən şəxs isə bildirdi ki, ərazidə qazlaşdırılma ilə bağlı heç bir problem yoxdur. Mənzillərin 70%-i qazla təmin edilib. Qalan 30% mənzillərdə isə texniki təminatla bağlı problemlər üzə çıxdığı üçün qazın verilişi dayandırılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm