SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR
Bizi izləyin

Sosial

SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR

Sabirabad rayonunun deputatı Rüstəm Xəlilovun atası Gülabba Xəlilovun şərəfinə heykəl ucaltdığı iddiaları mediada geniş müzakirəlrə səbəb olub. Atasının Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunduğunu deyən deputat heykəlin 80-ci ci illərin əvvəllərində qoyulduğunu bildirib.

Sabirabad sakinlərinin sosial şəbəkələrdə yazdığı məlumatlara görə, qızıl suyuna salınmış heykəl rayonda yerləşən Nizami kənd bələdiyyəsi binasının önündə qoyulub. Lakin deputatın verdiyi açıqlamalara görə, həmin dövrdə heykəlin qoyulduğu ərazidə nə Şəhidlər Kompleksi, nə də başqa bina yox idi.

SSRİ-də mövcud olan qaydalara əsasən ikiqat və üçqat “Sosialist Əməyi Qəhrəmanı” adı almış şəxslərin şərəfinə öz vətənlərində heykəl ucaltmağa icazə verilirdi. Gülabba Xəlilov isə bir dəfə bu ada layiq görüldüyü üçün qanunla onun heykəli SSRİ tərəfindən qoyula bilməzdi.

Mövzu ilə əlaqədar Sosialist Əməyi Qəhrəmanı, Səbail rayon Veteranlar Şurasının sədri Ömər Ağayevlə əlaqə saxladıq.

Bildirdi ki, o vaxt ikiqat Sosialit Əməyi Qəhrəmanı adını alanlar Heydər Əliyev, Şamama Həsənova, Bəsti Bağırova olub:

“Azərbaycanda bu şəxslərdən başqa hamı yalnız bir dəfə bu adla təltif olunub. O vaxt Tahir Salahov mənim də büstümü düzəltdirmişdi. Moskva muzeylərində sərgiyə qoyulmuşdu. Sonradan qaytarıb özümə vermişdilər xatirə üçün. Amma belə başqa heç kimə büst qoyulmamışdır”.

Məlumat üçün bildirək ki, "Sosialist Əməyi Qəhrəmanı" fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən təsis edilmişdi. Buna qədər isə "Əmək Qəhrəmanı" adı olub. SSRİ üzrə 21 560 nəfər "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülüb. Bunlardan 205-i iki dəfə, 16-sı isə üç dəfə “Sosialist Əməyi Qəhrəmanı" fəxri adı ilə təltif edilib. Müəyyən səbəblərdən siyahıdan 95 nəfərə verilmiş “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı geri alınıb. Tarixdə bu adla ilk dəfə 1939-cu ildə Stalin, sonuncu dəfə isə SSRİ prezidentinin 1991-ci il tarixli fərmanı ilə Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova təltif olunublar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm