Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Bizi izləyin

Sosial

Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür

Tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylı bildirib ki, türklər arasında “Azəri” adlı millət yoxdur və azərbaycanlı ilə Azəri başqa-başqa anlayışlardır. Onun sözlərinə görə, Azəri milləti anlayışını Stalin uydurub:“Kommunist şairlər hələ də türk qızları yazırlar. Bunu Stalin uydurub. Stalin millətlərdən başı çıxmayan cahil gürcü olub”.

İlber Ortaylının bu açıqlamasına cavab olaraq akademik Nizami Cəfərovbildirib ki, bu, doğru yanaşma deyil: “Bu anlayış heç vaxt Stalinin uydurması ola bilməz. “Azəri milləti” ifadəsi Stalindən öncə də işlədilib. Bunu Bəkir Çobanzadə 1920-ci illərdə işlədib. Hətta onun müəyyən elementləri Yusif Vəzir Çəmənzəminlidə də var. O deyirdi ki, “Türkologiya ilə yanaşı, bir Azərologiya da olmalıdır”.

Publika.az bildirir ki, xeber365.com mədəni qarşıdurma yaradan mövzu ilə bağlı dilçi alimlərə və ictimai-siyasi şəxslərə müraciət edib: Kim haqlıdır?

İctimai-siyasi xadim Sabir Rüstəmxanlının sözlərinə görə, İlber Ortaylı böyük alimdir və onun dediklərində müəyyən həqiqətlər var:

“Azərbaycan” sözünü, Azərbaycançılığı hər birimiz hər yerdə müdafiə etməliyik. Bu söz dünyanın ən gözəl sözlərindən biridir. Amma “azərbaycanlı” deyilən bir millət ola bilməz. Bu, Azərbaycanda yaşayan əhalinin hamısının adıdır. Azərbaycanlı adının içində müxtəlif kökdən gələn azsaylı xalqlar var. Bunlar təxminən 10 təşkil edir. Qalan 90 də Azərbaycan türkləridir. 1937-ci ilə kimi bizim adımız türk olub. 1937-ci ildən sonra adı dəyişib azərbaycanlı qoyublar. Eybi yox, olsun. Yəni vətəndaşlıq anlamında azərbaycanlı işlədə bilərik. Lakin, Azərbaycanda Azərbaycan türkləri var ki, onların öz adı deyilməlidir: Azərbaycan türkü”.

Azərlərin türklərin ən qədim xalqlarından biri olduğunu deyən xalq şairi bildirir ki, farsların kiçik bir xalqı azəri adlandırmasına görə bu sözün üstündən xətt çəkmək olmaz, bu, bizim doğma sözümüzdür. Lakin…

“Firidun Ağasıoğlu “Azər xalqı” adlı kitab yazıb. Həmin kitabda da göstərilir ki, türk xalqları içində tatərlər, bulqərlər, şumərlər kimi azərlər də olub və sonradan əriyib siliniblər. Yalnız Azərbaycan adında qalıblar. Azərbaycanşünaslıq varkən Azərologiyaya nə ehtiyac var? Hər halda türkologiyanı inkişaf etdirsək, onun içində azərologiya da olacaq və Azərbaycan xalqının tarixi formalaşması ilə bağlı bütün məlumatlar orada yer alacaq. Ona görə də hesab edirəm ki, əsas diqqət azərologiyaya deyil, türkologiyaya yönəldilməlidir”.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli deyir ki, bu kimi məsələlərin gündəmə gətirilməsi tarixin təkrarlanmasına işarə edir:

“Azəri” məsələsi son yüz ildir ki, tarixi-milli məsələdən daha çox siyasi-ideoloji məsələ kimi ortaya çıxıb. Bu ideya ötən əsrin 20-ci illərində Pəhləvilər rejiminin ideoloqu Kəsrəvinin ortaya atdığı bir ideyadır. İndi bu məsələ necə olmalıdır? Bunun elm kimi öyrənilməsinə, həqiqətənmi, ehtiyac var? Mənə elə gəlir ki, bu məsələyə yüz il bundan öncə olduğu kimi yenə də siyasi-ideoloji baxımdan yanaşılır. Bu məsələlərin ortaya çıxmasında hansısa gizli məqamlar var, hansısa gizli proseslər gedir. Ona görə də hesab edirəm ki, bu məsələni tarixçilər, etnogenizimlə məşğul olan mütəxəsislər araşdırmalıdır”.

Dilçi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli “azəriologiya” adlı bir elmin yaradılmasına ehtiyac olmadığını deyir.

“Kimsə hardasa nəsə işlədə, yaza bilər. Lakin ənənə var. Bütün türk xalqlarının dilini öyrənən ortaq bir elm var. Bu türkologiya elmidir. Məsələn, slavyan dilləri slavistika adı altında, german dilləri germanistika adı altında birləşdirilib öyrənilir. Hardasa bir söz işlədib, bir termin gətirmək olar. Ancaq bu, o demək deyil ki, azəriologiya adlı bir elm var, ya da belə bir elmi formalaşdırmaq olar. Biz indiyə kimi bütün elmi əsasları türkologiyanın tərkib hissəsindən götürmüşük”.

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli isə, Nizami Cəfərovun sözügedən açıqlamasının milli kimliyimizi sual altında qoyduğunu düşünür:

“İlbər Ortaylının “Azəri” adının işlənməsinə qarşı verdiyi müsahibəyə münasibət bildirən Nizami Cəfərov yenə də milli kimliyimizi sual altında qoyub. Hesab edirəm ki, onun bu münasibətini yazdığı kitablarda axtarmaq lazımdır. Bu adam bütün kitablarında milli kimliyimizi yalnız azərbaycanlı kimi təqdim etmiş və qondarma Azərbaycan milləti ifadəsini işlədib. Başa düşürük ki, yazdıqlarından imtina etmək çox çətindir. Nizami Cəfərov Azərbaycan milləti adlı bir millətin formalaşmasını da gətirib müasir dövrə çıxarıb. Azəri ifadəsinə münasibət bildirən bu şəxs Bəkir Çobanzadəyə, Yusif Vəzir Çəmənzəminliyə istinad edir. Əslində, vəziyyətdən çıxmaq üçün yollar axtarır. Bundan başqa, Azər ifadəsini işlədən mütəxəssislərin axtarışlarını da fərziyyə adlandırır. Qəribədir ki, Azəri ifadəsini qəbul edir, amma Azər ifadəsini fərziyyə adlandırır. Nizami Cəfərov tarixçi deyil. Tarixçi olsaydı, bilərdi ki, bu gün tarix kitablarımıza düşən Azərbaycan sözünün etimologiyası düzgün izah edilmir. Hətta tələbələrimiz bu ifadənin düzgün olmadığı barədə iradlar bildirir və çıxarılmasını xahiş edirlər. Çünki bu ölkənin adı Atropatla bağlı ola bilməz. Azərbaycan Tanrıçılığın mərkəzi olub və Azər ifadəsi də Od, Günəş adını özündə əks etdirir. Bu, daha doğru ola bilər. Əksinə, Azəri adı daha çox fərziyyəyə bənzəyir. Bir də o zaman Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli bu ifadəni işlədə bilərdi. Buna etirazımız yoxdur. Amma bu ifadə o zaman milli kimliyi əks etdirə bilməzdi. Əks etdirsəydi, Azərbaycan Cümhuriyyəti dövründə milli kimlik Türk deyil, Azəri yazılardı. Azəri adı heç bir zaman milli kimliyimizi ifadə etməyib”.

Tarixçi alim qeyd edib ki, “azəri” sözü qondarma sözdür və fars şovinistlərinin xeyrinə işləyir:

“Ermənilər də bundan istifadə edib deyirlər ki, siz buranın yerli sakinləri deyilsiniz və Səlcuq türkləri sizləri türkləşdirilib. Yəni biz ermənilər Qafqazın daimi sakinləri olmuşuq. Nizami müəllim, buna nə deyirsiniz? İlbər Ortaylı düz deyib, amma bir qədər ifadə tərzində səhvə yol verib. Çünki Stalin azərbaycanlı ifadəsini tətbiq edib. Bu da o zaman bizi Türkiyə türklüyündən ayırmağa xidmət edirdi. Bu mənada, Stalin Türk dünyasına sarsıdıcı zərbə endirdi. İndi də Azərbaycanda öz milli kimliyini azərbaycanlı sayanlar Türk kimliyini qəbul etmirlər. Bu münasibət Orta Asiyada da bu cür davam edir. Azərbaycanlı milli kimliyi ifadə edə bilməz. Bu ifadə mənsubiyyət bildirir. Biz bəzən bunu işlədəndə bildirirlər ki, siz millətçilik edirsiniz, əsas olan vətəndaşlıqdır. Onlara izah edə bilmirik ki, dünyada alman kimliyi, ingilis kimliyi, fransız kimliyi və sairə vardır. Bəyəm onlar öz kimliklərindən imtina ediblər? Təbii ki, vətəndaş cəmiyyəti qurmağa nail olublar. Amma bir alman özünün alman kimliyi, ingilis, ingilis kimliyi, fransız, fransız kimliyi ilə fəxr edir. Bəs biz? Ağzımız aça bilmirik. Niyə? Nə üçün? Dünyada ədalət sisteminin ən böyük daşıyıcıları Türklər olub.

Biz hansısa xalqın öz adından imtina etməsini istəmirik. Əkisinə, buna qarşıyıq. Bir talış, bir ləzgi, bir tat öz dilini bilmirsə, bu qəbuledilməzdir, daha doğrusu yaxşı hal deyil. Bu dillərin inkişafında maraqlıyıq. Amma çoxluq Türklərdir, dövlət dili də Türk dilidir. Nizami müəllim, cavab verin, bu dil Türk dilidir, yoxsa Azərbaycan dili? Sizin kimi bir türkoloqun “Azəri” ifadəsini əsaslandırması başadüşülən deyil. Sizə məsləhət görərdim ki, bununla bağlı vaxtilə Seyidağa Onullahinin fars şovinistlərinə yazdığı cavabı oxuyasınız. Onu da xatırladım ki, Seyidağa Onullahi Azərbaycanın güneyindən idi və “Azəri” sözünün meydana gəlməsinin hansı məqsədlərdən ötəri ortaya atıldığını elmi ədəbiyyatlarla əsaslandırıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm