Məktəb ləvazimatları bazarında vəziyyət necədir?
Bizi izləyin

Sosial

Məktəb ləvazimatları bazarında vəziyyət necədir?

Tədris mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq paytaxtın bir çox satış mərkəzlərində məktəb ləvazimatlarının qiymətlərində dəyişiklik edilib.

Publika.az-ın əməkdaşı bununla əlaqədar olaraq paytaxtda fəaliyyət göstərən bir neçə məktəb və ofis ləvazimatları mağazasına və böyük marketlər şəbəkələrinə baş çəkib. Satıcılar qiymətlərdə hər hansı dəyişiklik olmadığını bildirdilər:

“Keçən illə müqayisədə qiymətlərdə heç bir dəyişiklik olunmayıb. Çünki qiymət artımı olan zaman onsuz da zəif olan alıcılıq qabiliyyəti bir az da aşağı düşür. Qiymətlərdə azca dəyişiklik olan kimi əhali bahalıqdan narazılıq edərək, şəhər kənarında yerləşən “Sədərək” və “Binə” kimi böyük və ucuz ticarət bazarlarından alış-veriş etməyi üstün tuturlar”.

2007-ci ildən bəri məktəb ləvazimatları və bədii kitabların satışı ilə məşğul olan Cavid Hadiyev qiymətin stabil qalmasına ikinci səbəb kimi yerli malların istehsalının artmasını göstərdi:

“Hazırda dövriyyədə yerli mallar üstünlük təşkil edir. Çünki xaricdən gətirilən mallar milli istehsala nisbətən baha olur. Ancaq bu fərqlilik 10-20 qəpik arası dəyişir. Elə alıcılar var ki, onlar sırf malın keyfiyyətini üstün tutur və qiymətindən asılı olmayaraq xarici mal alır. Ancaq daimi müştərilərimiz yerli malın keyfiyyətindən razılıq edirlər və xarici mallarla müqayisədə heç də geri qalmadığını deyirlər. İndi yay tətili olduğu üçün hələ ki, alıcılıq qabiliyyəti aşağıdır. Sentyabr ayından etibarən satışlar artacaq. Əgər qiymət artımı baş verərsə, bu proses məhz həmin dövrdə özünü göstərəcək”.

Tədris mövsümünün başlanğıcında ən çox tələb duyulan bir neçə məktəb ləvazimatının qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, bəzi məhsulların qiymətlərində artım olub. Məsələn, keçən il 1.30 azn dəyərində olan məktəbli gündəliyinin qiyməti bu il 1.50-3.50 azn arası dəyişir. Ən çox alınan məktəb ləvazimatlarının qiymətləri isə belədir:

12 vərəqli dəftər – 15 qəpik

40 vərəqli dəftər – 50 qəpik

100 vərəqli dəftər – 1 azn

Böyük ölçülü dəftər – 1.50- 2 azn

Qələm – 20-50 qəpik

Karandaş – 10-20 qəpik

Rəngli karandaş qutusu – 3.50- 8 azn

Çanta (həcm və keyfiyyətindən asılı olaraq) – 20- 60 azn

Su qabı (termos tipli) 3- 11 azn

Yapışqan 30- 90 qəpik

A24 vərəqinin 1 qutusu – 6 azn

Qeyd olunan məhsulların qiymətləri ofis və məktəb ləvazimatları satan mağazalarda dəyişməz olaraq qalsa da, iri marketlər şəbəkəsində, demək olar ki, hər ay dəyişdirilir. Bu dəyişimin səbəbini öyrənmək istəsək də, mağazaların səlahiyyətli nümayəndələri suallarımızı cavablandırmaqdan boyun qaçırdı.

Paytaxt sakinləri ilə apardığımız sorğu zamanı isə məlum oldu ki, iri marketlər şəbəkələrində onsuz da baha qiymətlərə satılan məhsullar getdikcə bahalaşmaqdadır. Buna görə də onlar uzun yol əziyyətlərinə qatlaşaraq məktəb ləvazimatlarını “Sədərək” ticarət mərkəzində almağa məcbur olurlar.

Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti mövsümlə əlaqədar olaraq yaranmış problemləri həll etmək məqsədilə yarmarkalar təşkil edəcək.

Departamentin rəhbəri Əliabbas Bağırov İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkaların bazardakı baha qiymətlərlə rəqabət aparacağını deyib:

“Bakı Şəhər İcra Hakimiyyəti 25 avqust tarixindən etibarən əhalinin sıx məskunlaşdığı və hərəkət etdiyi bölgələrdə, xüsusən metro stansiyalarının giriş-çıxışlarında məktəb ləvazimatları yarmarkaları təşkil edəcək. Bir ay davam edəcək yarmarka əhalinin əziyyət çəkmədən və sərfəli qiymətlərə bazarlıq edə bilməsi məqsədilə təşkil edilib. Yarmarkada daha çox yerli malların satışına üstünlük veriləcək. Ölkəmizdə istehsal edilməyən məhsullar isə xaricdən gətiriləcək.

Yarmarkada satışa çıxarılan məhsulların dəyəri bazardakı qiymətlərlə müqayisədə aşağı olsa da, bu iki rəqabət mərkəzi arasında “uçurumlu qiymətlərin” olması mümkünsüzdür. Çünki istər yarmarkalardakı, istərsə də mağazalardakı qiymətləri bazardakı mövcud vəziyyət diqtə edir. Bu yarmarkalar vahid mərkəzdən idarə olunacaq və qiymətlərə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən nəzarət ediləcək ki, əhali sərfəli qiymətə alış-veriş edə bilsin”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm