İnkişaf Mərkəzi adını düzgün yaza bilmir - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

İnkişaf Mərkəzi adını düzgün yaza bilmir - FOTOLAR - (YENİLƏNDİ)

“Sehrli Xalat” Uşaq İnkişaf Mərkəzinin əməkdaşı Rəna xanım redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, mərkəzin adı eyniadlı filmdən götürülüb:

“Biz bu adı “Sehrli Xalat” filmindən götürmüşük və düşünmürəm ki, burda hansısa səhvə yol verilsin. Çünki biz də bunu filmin özündən götürmüşük. Hər iki versiya orda da qeyd olunub. Əgər hər hansı bir yanlış varsa, bu gərək mənbədən düzəldilsin. Biz də oradan götürmüşük. Neçə illər əvvəl çəkilmiş sevimli filmdə “Sehirli Xalat”olaraq qeyd olunub”.

***

Bakı şəhər İnşaatçılar metrosunun yaxınlığında, Şərifzadə küçəsi 215 ünvanında fəaliyyət göstərən “Sehrli Xalat” Uşaq İnkişaf Mərkəzinin adı yanlış qeyd olunub.

Mərkəzin adı Azərbaycan dilinin orfoqrafik normalarına zidd şəkildə “Sehirli Xalat” şəklində yazılıb. Dilimizin orfoqrafik normalarına uyğun olaraq söz birləşməsi “Sehrli Xalat” kimi qeyd edilməlidir. Dilimizdə istifadə edilən “sehr” sözünün düzgün yazılış formasında “i” hərfi yoxdur.

Sözügedən Uşaq İnkişaf Mərkəzi rus və ingilis dillərində məktəbəqədər hazırlıq və bağça kimi fəaliyyət göstərir.

Mərkəzdən özünü operator kimi təqdim edən Samirə adlı xanım Publika.az-a bildirdi ki, mərkəzin adının yazılışında heç bir səhv yoxdur: "Bunu biz özümüz bilərəkdən "Sehirli Xalat" olaraq qeyd etmişik".

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Publika.az-a bildirib ki, yer adlarında, afişalarda, iaşə obyektlərinin adlarında Azərbaycan dilinin normaları çox kobud şəkildə pozulur:

"Bununla bağlı Dilçilik İnstitutunda xüsusi "qaynar xətt" fəaliyyət göstərir. Mən orada çalışdığım müddətdə də bu cür problemlərlə bağlı çoxsaylı zənglər daxil olurdu. Daxil olan şikayətlər əsasında vahid qurumlarla əlaqə saxlayıb, lazımı tədbirlər görürlər. Şəhərda saysız-hesabsız bu cür norma pozuntularına rast gəlmək olar. Məsələn, "maşın ehtiyyat" hissələri, "praflaktoriya" kimi yanlış yazılmış sözlərə rast gəlmək mümkündür. Lakin dilimizdə elə sözlər var ki, spesifik olduğu üçün onlara xüsusi diqqət yetirmək lazımdır. İ hərfinin düşdüyü və ya səs artımı baş verən sözlərə həssas yanaşmaq lazımdır. Əgər həmin müəssisə onu bilərəkdən edibsə, çox uğursuz cəlbetmədir. Çünki bu tip sözlərin yanlış yazılışı uşaqların yaddaşında yanlış formada qalır və onlar yazı yazarkən səhvə yol verirlər. Bu isə arzuolunan hal deyil. Düzdü, birbaşa mərkəzin keyfiyyət dərəcəsinin aşağı olduğunu demək olmaz. Amma açıq-aşkar orfoqrafik norma pozuntusu qəbuledilən hal deyil. Yaxşı olardı ki, dəqiq və Azərbaycan dilinin normalarına uyğun yazılsın. Bilməyənlər Azərbaycan Dilçilik İnstitutunun Monitorinq şöbəsi ilə əlaqə saxlayıb sözün düzgün yazılış qaydalarını öyrənə bilər".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm