Bakının mərkəzində "26" kafesi bağlandı və əmlakı müsadirə olundu - FOTOLAR
Bizi izləyin

Sosial

Bakının mərkəzində "26" kafesi bağlandı və əmlakı müsadirə olundu - FOTOLAR

Bakının mərkəzində "26" adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26-lar adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avakyanın sümükləri tapılmamışdı:

"Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

İcra başçısı əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq: "Məsələyə hüquqi qiymət veriləcək".

Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.

***

Köhnə “26-lar” bağı, indiki “Sahil” bağının ərazisində yerləşən “26” restoranının qarşısında hazırda söküntü işləri gedir.

Söküntünün kim tərəfindən və niyə həyata keçirilməsi hələ ki, araşdırılır.

Xatırladaq ki, bir neçə gün öncə məhz köhnə “26-lar” bağının ərazisində “26” adı ilə restoranın açılması tarixçilərin etirazına səbəb olmuşdu. Onlar bu restoranın 26 Bakı komissarının nəvələri tərəfindən açıldığını və onların gizli şəkildə öz babalarının ruhunu yaşatmaq istədiklərini bildirmişdilər.

Restoran sahibi Ramin Məmmədov isə Teleqraf.com-a belə bir açıqlama vermişdi:

"Restoranın adının niyə “26” olduğunu sizə deyim. Bu, sırf mənim ad günümlə bağlıdır. Mən buranı açanda yaşım 26 olduğu üçün, həmçinin, maşınımın nömrəsinin son rəqəmi 026 olduğuna görə restorana bu adı vermişəm.

Bu rəqəm sanki mənim uğurlu rəqəmim olub. Bura indi “26-lar” bağı deyil axı. İndi elə bir bağ yoxdur. Mən bağın adına görə restorana ad verəcəkdimsə, elə adını “Sahil” qoyardım da. Köhnə ada niyə müraciət edirdim? Məkan seçimi də tam təsadüfən olub. Bizdən əvvəl burada başqa insanlar fəaliyyət göstərirdi. Sonra onlar məkanı boşaltdılar və mən bu yeri götürdüm. Tam təsadüfdür. Restorana bu adı qoymağımın “26-lar”la qəti əlaqəsi yoxdur. Mənim atam və qardaşım bu torpaqlar uğrunda şəhid olub. Məni belə iyrənc məsələ ilə ittiham edənlər, əvvəla, gedib keçmişlərinə baxsınlar, görüm, onlar 70-80 yaşları olmasına baxmayaraq, heç Qarabağda döyüşüblər? Qarabağ müharibəsində iştirak etməyənlər Qarabağ şəhidlərinin ailəsini gör nə ilə suçlayırlar?! Onlar gərək vaxtında Qarabağda şəhid olardılar ki, bu gün mənə erməni damğası vurmazdılar”.

Həmin ərazidən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm