Bakının ən mistik məkanları: Burda dünyanın ən önəmli şeyi satılır, alan yoxdu - FOTOLAR
Bizi izləyin

Sosial

Bakının ən mistik məkanları: Burda dünyanın ən önəmli şeyi satılır, alan yoxdu - FOTOLAR

Kitab oxumaq onu yazmaq qədər dəyərli bir mədəniyyət növüdür. İki era yaşı olan bu mədəniyyətin yaranma səbəbi mövcud tarixi şəraitin gələcək zamana ötürülməsi, bir növ insan yaddaşının əşyaviləşdirilməsi olub. Zaman keçdikcə şaxələnən və inkişaf edən bu mədəniyyət hazırda sivilizasiyanın ən aparıcı, dominant faktorlarından biridir.

Mütəxəssislər yaxın gələcəkdə kağızlardan hazırlanmış kitablara ehtiyac qalmayacağını, kitabxanaların və mağazaların onlayn internet saytları ilə əvəzlənəcəyini, elektron kitabların isə vərəqlərin yerini tutacağını ehtimal edirlər. Lakin materialı papiursdan gilə, ağac qabığından sellüloza qədər təkamül edən bu əşyanın hələ də insanlığa hava-su kimi lazım olacağı gün kimi aydındır.

Bəzi insanlar iki daşın arasında kitab oxumağa vaxt tapsalara da, bəziləri 24 saatın onlara bəs etmədiyini, işlərinin çoxluğunu, kitabların qiymətini və s. mütaliə etməməyə bəhanə gətirirlər. müəəyən qədər mütaliə sahibi olan insanlar isə ölkədəki kitab nəşrində və satışlarında monopoliya qurulduğunu, buna görə kitabların baha olduğunu iddia edirlər. Dolayısı ilə mütaliəyə marağın azlığını kitabların qiymətinin baha olması ilə əlaqələndirirlər.

Bu iddialardan yola çıxaraq insanlarımızın mütaliəyə marağının azlığını və bunun səbəblərindən birini araşdırmağa qərar verdik.

Ölkəmizdə kitablara olan tələbat hansı səviyyədədir?

Mövzu ilə bağlı paytaxtda kitab satışı ilə məşğul olan bir neçə məkana baş çəkdik. Bu mağazalar təzə kitabların satışı ilə məşğul olur. Bununla yanaşı, kitabsevərlərin “bukinist” adlandırdığı ikinci əl və köhnə nəşr kitabların satışını həyata keçirən mağazalarla da maraqlandıq.

Metronun Nizami stansiyasının yaxınlığında, Əli bəy Hüseynzadə küçəsində yerləşən “Tom dayının daxması” adlı bukinistin sahibi Ziya Balıyev artıq 5 aydır fəaliyyət göstərən mağazasını sırf kitab həvəskarlarına xidmət etmək üçün açıb. O, aktiv kitab oxucusu olduğu üçün digər insanların da ucuz, nadir kitablara ehtiyacı olduğunu və bu məqsədlə belə bir kitab mağazası yaratdığını dedi. “Tom dayının daxması”ndakı kitabların qiyməti 20 qəpik-1 manat arasında dəyişir. Bu qiymətlərə, əsasən, kiril əlifbası ilə nəşr olunan və rusdilli kitablar aiddir. Mağazada 2000 kitab içində ən qədimi 1938-c ildə nəşrdən çıxan Mirzə Şəfi Vazehin şeirlər toplusudur. Kiril əlifbası olan kitabların üstünlük təşkil etdiyi mağazada, ingilis, alman, türk dillərində də müxtəlif mövzulu kitablar tapmaq mümkündür. Ziya köhnə kitablarla bərabər, yeni nəşr kitabların da satışı ilə məşğul olur. O, yeni kitabların belə, dəyərindən maksimum dərəcədə aşağı satış qiyməti olmasına rəğmən, alıcılıq qabiliyyətinin olduqca zəif olduğunu bildirdi.

O, mütaliə edən insanların daha çox müasir detektiv əsərlər axtardığını təəssüf hissi ilə qeyd etdi. Mağazanın daimi müştəriləri isə tarixi və klassik ədəbi əsərlər almağa üstünlük verirlər. Mağazada L.Tolstoy, A.Dostoyevski, C.L.Borxes, V.Hüqo, T.Drayzer, Ə.Cəfərzadənin kitablarına tələbat daha çoxdur.

Mütailə etməyə marağın az olmasının müxtəlif səbəbləri olduğunu deyən mağaza sahibi bütün çətinliklərə, ən əsası, müştərisizliyə rəğmən, kitab satışı fəaliyyətini genişləndirməyi, regionlarda da kitab satışı ilə məşğul olmağı hədəfləyini dedi.

Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən məşhur bukinstlərdən “Xan dayının mağazası”nda vəziyyət digər mağazalara nisbətən ürəkaçandır. 2014-cü ildən fəaliyyət göstərən mağazada müxtəlif dillərdə nəşr edilmiş 10 000 kitab mövcuddur. Çeşid bolluğu həm müştəri aktivliyinə, həm də istənilən kitabı asan yolla tapmağa imkan yaradır. Mağazada kitablar 20 qəpik-10 manat civarında təklif olunur. Kitabların qiyməti nəşr ilindən, vəziyyətindən və nüsxəsindən asılı olaraq dəyişir.

Buradakı ən qədim kitab isə 1908-ci ildə almanca nəşr olunmuş dini kitabdır.

Burada bədii kitablarla yanaşı, abituriyentlər üçün dərs və test vəsaitlərini ucuz qiymətə tapmaq mümkündür. "Xan dayının mağazası"ndan kirayə kitab götürərək 1 həftə ərzində geri qaytarmaq imkanı da var. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və kitabın dəyərinin 10%-i tələb olunur.

Mağazanın satıcısı Abdulla İbrahimli müştərilərin ən çox detektiv, psixoloji, sevgi janrında olan kitablara üstünlük verdiyini bildirdi. “Tom dayının daxması”ndan fərqli olaraq, burada ən çox alınan kitablar kateoqriyasına yerli kitablar - R.Abdullaoğlu, Varis kimi müasir yazıçıların kitabları daxildir.

Bukinistlərdə vəziyyət o qədər də ürəyaçan olmasa da, digər böyük mağaza şəbəkələrində müəəyən qədər alıcıya rast gəlinir. Buradakı alıcı kütləsi isə daha çox xarici ədəbiyyata, yaxud xarici ədəbiyyatın dilimizə tərcümə olunmuş versiyalarına üstünlük verirlər.

Bunu Səməd Vurğun küçəsində yerləşən “Kitabevim” mağazalar şəbəkəsinə baş çəkdiyimiz zaman 2-3 müştəriyə rast gəlsək də, satıcılar alıcılıq qabiliyyətindən razılıq etdilər. Burada ən çox satılan kitablar isə əcnəbi psixoloqların kitablarıdır. Bu siyahıya D.Karneginin “Düşün və varlan”, R.Kiosaki-Ş.Lekterin “Varlı ata, kasıb ata” kitablarının dilimizə tərcümə edilmiş variantı başçılıq edir. Mağazada bir neçə nəşriyyatın məhsulları satışa çıxarılır. Ən çox satılan məhsullar isə “Qanun” nəşriyyatının klassiklər seriyasıdır.

Bundan başqa, mağazanın özəl kitabları da vardır ki, bu “Xan nəşriyyatı”nın “Xatirələr” seriyasıdır. Seriyanın hələ ki, 36 cildi nəşrdən çıxıb. “Xatirələr” seriyası Azərbaycan ədəbiyyatının ən dəyərli qələm adamlarının həyat və yaradıcılıq fəaliyyətindən bəhs edir. Seriyada, həmçinin, xarici yazıçılara da yer verilib.

Paytaxtın ən bahalı və bir o qədər qalmaqallı mağazalar şəbəkəsi olan “Əli və Nino” da müştəri aktivliyindən məmnundur. Burada digər mağazalarda rast gəlmədiyiniz qiymət, keyfiyyət və xidmət fərqliliklərinin şahidi ola bilərsiniz. Məsələn, mağazada Q.Q.Markezin “Yüz ilin tənhalığı” kitabı iki fantastik qiymətə - 34 və 72 manata təklif edilir. Fərq isə sadəcə kitabın materialındadır. Halbuki, həmin kitab digər mağazalarda 10 manat civarında təklif edilir.

Maraqlısı odur ki, bukinistlərdə kifayət qədər ucuz və çeşid bolluğu olmasına rəğmən, mütaliə edənlər bahalı və yeni kitablar almağa üstünlük verirlər. Bu durumda kitabların bahalığının mütaliə edənlərin sayına təsir göstərməsi iddiası absurd olur. Bunu metronun "Azadlıq" stansiyası yaxınlığında fəaliyyət göstərən “Qlobus” kitab evinin sahibi Cavid Aydınov da təsdiq edir. O bildirir ki, 10 ildir kitab sahəsində satıcılıq edir və bu müddət ərzində hər zaman müştəri sarıdan korluq çəkib. Halbuki onun da mağazasında müxtəlif qiymətə yeni və ikinci əl kitablar tapmaq mümkündür. Mağaza sahibi bu durumu yalnız ölkədə mütaliəyə olan marağın olmaması ilə əlaqələndirib.

İnsanların mütaliəyə marağının olmamasının səbəblərindən biri kimi göstərilən qiymət və xidmət məsələlərini əyani formada təqdim etməyə cəhd göstərdik.

Beləliklə, kitab mağazalarında mövcud vəziyyətin müxtəlifliyinə rəğmən, mütaliəyə marağın bu qədər bərbad vəziyyətdə olmasının sadalanan səbəblərindən birini əyani olaraq aradan qaldırmış olduq.

Bəs insanlarımızın mütaliənin, kitabın mahiyyətinə olan laqeydliyi nədən qaynaqlanır?

Mövzuya qayıdacağıq...

Zümrüd

Fotoqraf: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm