Bakı sakinləri qapı-pəncərələrini söküb SATIRLAR - REPORTAJ/FOTOLAR
Bizi izləyin

Sosial

Bakı sakinləri qapı-pəncərələrini söküb SATIRLAR - REPORTAJ/FOTOLAR

- Qardaş, bu dəfə məni seyid göndərib. Yaxşı bir qapı lazımdır. Gör, neynirsən?

- Bax, qapılar hamısı burdadır, istədiyini seç. O şüşəsiz 90 manatdır.

Bura nə qapı sexi, nə də mağazasıdır. Bura Şərifzadə 162 ünvanıdır. Qapıları satanlar da binanın sakinləri. Evlərindəki qapı, pəncərələrini, bəzi əşyalarını satışa çıxarmalarının səbəbi var.

Bir neçə ay əvvəl Yasamal Rayon İcra Hakimiyyətindən deyiblər ki, binanız dövlət planına uyğun sökülüb, yerində yenisi tikiləcək. Son bir həftədə isə sakinlərin köçürülməsinə başlanılıb. Sakinlərə deyilib ki, 112 mənzillik bina sökülüb, yerində 542 mənzilli bina tikiləcək. Bu müddət ərzində sakinlər kirayə evlərdə yaşayacaq. Amma bu köç hamının ürəyincə deyil.

Publika.az-ın əməkdaşları sözügedən əraziyə təşrif buyuraraq oradan reportaj hazırlayıb.

Binanın həyətində çarəsiz halda əşyalarının yanında oturub sökülən mənzillərinə baxan sakinlərin üzündən bunu anlamaq çətin deyil. Jurnalist olduğumuzu biləndə hamısı bir ağızdan… “Nəyə gəlmisiniz? Sökülən söküldü. İndi nəyə lazım çəkmək?” - suallarını təkrar edirlər.

Lakin narazılıqların səbəbini öyrənə bilmirik. Qadınlar ürəklərini açmaq istəsələr də, yanlarındakı bəylər buna qəti etirazlarını bildirir.

Bir qrup köçürülməkdən narazı olsa da, bu prosesdən qazanclı çıxanlar da var.

- Bu pəncərəni almışıq, indi dəmir qapı axtarırıq. Sizdə olmaz?

- Mənim yoxdur. Amma soruşun, yəqin ki, satan tapılar.

Bir qadın yanındakı oğlanla bina sakinləri ilə sövdələşir.

Öyrənirik ki, paytaxtın müxtəlif ərazilərindən bura alış-veriş üçün gələnlər heç də az deyil. Səhər saatları alverin ən qızğın olduğu zamandır. İndi isə kimi əşyaları maşına yığıb kirayə evinə aparır, kimi də apara bilmədiyi əşyaları satılmaq üçün qapı-pəncərələrin yanında sıralayır.

Evinin sonuncu əşyalarını da maşınına yığıb aparmağa hazırlaşan Hüsaməddin Eyyubov söküntüdən razı olanlardandır: “2005-ci ildən burada yaşayırıq. Bir müddət əvvəl 50-60 nəfəri icra hakimiyyətinə çağırıb dedilər ki, Nazirlər Kabinetinin qərarı ilə pilot layihə çərçivəsində bu binalar söküləcək, yerində təzə bina tikiləcək. Həmin binada hər kəsə evinin kvadrat metrindən 20 faiz çox tam təmirli mənzil veriləcək. İstəyən şəxslər əlavə kvadratın haqqını ödəyərək, sahəsi daha böyük olan mənzilə sahib ola biləcək. Bina köhnə olsa da, qəzalı deyildi, sadəcə şəhərin görünüşünə uyğun gəlmədiyinə görə sökülür”.

H.Eyyubov söküntü üçün sakinlərə şərait yaradıldığını deyir: “Bizə imkan yaradıblar ki, rahat evimizi boşaldaq. Qapı-pəncərələri söküb aparmağa imkan yaradırlar, quru divar qalana qədər sökməyə icazə verilir”.

Onun sözlərinə görə, hazırda binadan köçürülən sakinlərə otaqlarının sayına uyğun kirayə haqqı veriləcək. 1 otaqlı mənzillərə 250-300, 2 otaqlı mənzillərə 350, 3 otaqlı mənzillərə 350-400 kirayə haqqı verilir.

Kirayə haqqı söküntü başlanandan tikilənə qədər pul veriləcək. Tikinti uzansa, kirayə pulları da veriləcək.

Lakin sakinlər arasında bu söküntüdən narazı olanlar da var. Bəziləri bu prosesə etiraz olaraq evlərini tərk etmirlər. Onlar tikinti şirkətinin bu gün kirayə haqqı ödəsə də, sabah boyun qaçıracağından ehtiyatlanırlar. Onlar həmçinin tikinti aparan şirkətin iflas etdiyi halda tikintinin necə davam etdirəcəyinə zəmanətin olmamasından narahatdırlar.

Ceyhun adlı sakin deyir ki, Yasamal rayon İcra Hakimiyyətinin sərəncamında binanın sökülməsi, yerində yeni bina tikilməsi və sakinlərin həmin binada evlə təmin edilməsi göstərilib: “Amma müqavilə şirkətlə bizim aramızdadır. İcra hakimiyyətinin sərəncamında göstərilib ki, bu şirkət tikintini apara bilməzsə, başqa şirkətə həvalə ediləcək. Biz də ümid edirik ki, yaxşı olacaq. Amma məcburiyyətdən çıxanlar az deyil. Mən 4 min manata mətbəx mebeli almışdım, məcbur qalıb 300 manata satdım. Kirayə evə mətbəx mebeli apara bilməyəcəkdim ki. Evimin döşəməsi parket idi, yeni binada tikilən evlərin yeni laminat olacaq. Əlbəttə, eyni olmayacaq da hər şey. İndi kommunal xərclərimiz 20 manat olur, yeni binada təkcə binada təmizliyə azı 20 manat ödəyəcəyik. Bir sözlə, yeni bina bizə baha başa gələcək”.

Pulumu ver, ev istəmirəm deyənlər

Söküntüyə etiraz edənlərdən biri Elçin Hüseynov isə kirayə pulu yox, evin pulunu istəyir: “Evimin pulunu versinlər, sonra nə istəyirlər tiksinlər. Çünki sökülən binanın yerində yenisinin tikiləcəyinə heç kim zəmanət vermir. Bizə dedilər ki, binamızı söküb yerində təzəsini tikəcəklər. Biz də razılaşdıq. Lakin sonra baxdıq ki, icra hakimiyyətinin sərəncamında anlaşılmaz məqamlar var. Keçmiş icra başçısı İbrahim Mehtiyev 10-15 nəfər bina sakinini qəbul etdi. Özünün zəmanət verdiyini dedi. Lakin indi heç kim bu zəmanəti kağız üzərində vermir”.

E.Hüseynov deyir ki, yalnız icra hakimiyyəti yeni binanın tikiləcəyinə zəmanət verdiyi halda mənzilindən çıxacaq: “Bizim binanın istismar müddəti bitib. Amma qəzalı deyil. Söküləcək binalarla bağlı sərəncamda isə yalnız qəzalı binaların sökülməsi göstərilib, istismar müddəti bitənlərin söküntüsü dayandırılıb. Biz də onlardan tələb edirik ki, yeni binanın tikintisi yarımçıq qaldığı halda İcra Hakimiyyəti işin davam etməsi üçün zəmanət versin. Lakin İcra hakimiyyətindən Şahin müəllim təminat verə bilmədiklərini deyir. Biz də şirkətdən tələb edirik ki, evimizin pulunu versinlər, çıxaq. Onlar da pullarının olmadığını deyirlər. Ancaq Xırdalanda ev verə biləcəklərini bildirirlər ki, o da bizə sərf etmir. Gedənlər də, qalanlar da qorxu içərisindədir ki, bina tikiləcək ya, yox. Dövlət pilot layihəsidirsə, icra hakimiyyəti nə üçün zəmant vermir? İcra başçısının müavini Səməd İslamov bizə istəmirsinizsə, çıxmayın deyir. Bina yarımçıq qaldığı halda məhkəməyə müraciət etsək, belə əlimizdəki kağızla haqqımızı tələb edə bilməyəcəyik. Binada 10-dan çox ailə yaşasa da, bilərəkdən kommunal xətlərə zərər vurulur. Bu dağıntılar biz köçəndən sonra başlamalı idi. Amma bir-iki nəfər köçən kimi söküntüyə başladılar ki, digərləri də buradan çıxmağa məcbur qalsınlar”.

Şərifzadə 174 ünvanında da eyni üsulla söküntü işləri aparılır. Burada da söküntü işləri eyni qayda ilə davam edir. Lakin 162-dən fərqli olaraq burada nisbi sakitlikdir. Düzdür, söküntü ilə razılaşmayıb, evini tərk etməyənlər var, lakin onlar bu barədə bizimlə danışmaq istəmədilər.

Hər iki binada sakinlər yaşasa da, söküntü işlərinə başlanılıb. Yeni binanın tikilməsi üçün şirkət bu sakinləri razı salmalıdır. Bu isə heç də asan olmayacaq.

Gülxar,

Fotolar Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm