Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ
Bizi izləyin

Sosial

Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ

Bu gün uşaqlarla yanaşı, böyüklər də saatlarla televiziya qarşısında, ya da internetdə cizgi filmləri izləyə bilərlər. Animasiya formatında çəkilən cizgi filmlərindən əldə olunan gəlir aylıq milyonlarla dollarla ölçülür. Silsilə şəklində çəkilən cizgi filmlərinin əksərinin mövzusu isə bir o qədər də ürəkaçan deyil. Bir çox valideynlər şikayətlənir ki, animasiya filmlərindəki səhnələr uşaqlarda aqresiya yaradır. Uşaqların "silahlanıb" bir-birinə "səni öldürəcəm" deməsi, onların psixologiyasında ciddi travmaların yaranmasına işarədir. Bəs valideynlər uşaqların psixologiyasını necə qorumalıdır?

Dünya təcrübəsində cizgi filmləri uşaqlara kitab oxumaq, danışmaq, şəxsiyyət kimi formalaşmaq kimi məsələlərdə kömək edən vasitə rolu oynayır. Onların şəxsi inkişafının formalaşmasına xidmət edir. Hər uşaq kitab oxumağı sevməyə bilər, amma uşaqların böyük əksəriyyəti cizgi filminə baxmağı xoşlayır. Dünya şöhrətli psixoloqlar qeyd edir ki, cizgi və animasiya filmlərinin mövzusu, çəkilmə şəkli uşaqların müəyyən yaş həddinə uyğun seçilməlidir. Çünki bir çox ölkələrdə uşaqların intellektinin inkişafı, doğma dilini sərbəst mənimsəməsi üçün kifayət qədər məzmunlu və ibratamiz hekayələr, nağıllar üzərində çəkilən cizgi filmləri var. Uşaqlar türk və rus dillərində cizgi filmi izlədikcə, başqa ölkənin mental düşüncələrini və dilini mənimsəyirlər. Bu isə uşağın inkişaf mərhələsində doğru addım hesab olunmur.

Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva mövzu ilə bağlı Publika.az-a danışıb. O qeyd edib ki, valideynlər ağlayan uşağı belə sakitləşdirmək üçün televiziya və ya kompyuter qarşısında cizgi film açırlar. Bu onların psixologiyası üçün yanlış istiqamətdir:

“Bu zaman valideynlər cizgi filminin mövzusuna, məzmununa diqqət etmədən uşaqların psixologiyasına təsir göstərirlər. Kompyuter, planşet, mobil telefon və s. qurğulardan izlənilən animasiya filmlərinin üzərində bəzən yaş məhdudiyyəti qoyulur. Təəssüf olsun ki, valideynlər buna da diqqət etmir. Məsələn, üzərində +7 yazılan cizgi filmlərinə 6 yaşa qədər uşaqların baxması belə düzgün deyil. Çünki o uşaqların düzgün qavrama qabiliyyəti nəzərə alınaraq seçilib. Dini mövzular, subliminal mesajlar verən cizgi filmlərinin azyaşlılara izlədilməsi doğru deyil. Bu onların psixologiyasında fəsadlar yarada bilər. Dünyada uşaq psixologiyasında belə bir şey var ki, 0-3 yaş arası uşaqlar televizor (kompyuter, planşet, mobil telefon) tanış olmamalıdır. Uşaqların diqqəti o dərəcədə inkişaf etmədiyi üçün bu onların zehni yorğunluğuna səbəb ola bilir”.

Uşaqların yaşına uyğun olmayan məzmunlu verilişlər, cizgi filmləri izləməsi onlarda nitq geriliyinə də səbəb ola bilir. Onların zehni bu məlumatları tam olaraq başa düşmədiyi üçün inkişaf prosesini yayındırır və normal yaşlarından daha gec danışmağa başlayırlar:

“ 2-5 yaş arası uşaqlar gün ərzində sadəcə 1 saat televizya (kompyuter) qarşısında otura bilərlər. Burada təbii ki, 10 dəqiqədən çox olmamaq şərtilə müəyyən fasilərlə 1 saat nəzərdə tutulur. Hazırda 10 dəqiqəlik cizgi filmləri tapmaq olduqca çətindir və təbii ki, cizgi filminin yarıda kəsilməsinə uşaqlar kəskin sürətdə reaksiya verirlər. Çünki indi ən az davam edən cizgi filmləri 20-25-45 dəqiqə davam edir. Belə halların yaşanmamsı üçün yaxşı olar ki, tammetrajlı cizgi filmləri seçilməsin. 6-12 yaş arası uşaqlar isə daha çox animasiya filmlərini sevirlər. Onlar üçün də tərtib edilən norma maksimum 1 saatdır. Normada artıq izlənilən hər dəqiqə uşaqların dərs fəaliyyətinin azalmasına gətirib çıxarır. Çalışmaq lazımdır ki, tədris ili ərzində bu normalara riayət edilsin”.

Valideynlərin uşaqlara cizgi film qəhrəmanlarının geyimlərini, çantalarını alması da onların psixologiyasına təsir edən amillərdəndir:

“Bu gün satışda müxtəlif növ personajların geyimləri, dəftərləri, çantaları satılır. Uşaqlar bunları görür və təbii olaraq istəyir. Lakin bu personaj mənfi obrazdırsa, bu ciddi fəsadlar verə bilər. Məsələn, kiməsə cəza verən ”hörümçək adam", kimlərisə öldürən, vuran, dalaşan obrazlar uşaqlara əxlaqi keyfiyyətlər aşılamır. Bu onlara olduqları mühitdə həmyaşıdları ilə müəyyən problemlər yaşadacaq. Biz hətta yarış xarakterli cizgi filmlərini bəzi uşaqlara qadağan edirik. Həssas və fobiyası olan uşaqların bu tipli cizgi filmlərinə baxmasını və oyunlar oynamasını tövsiyyə etmirik”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm