Aşura mərasiminə uşaqların aparılması düzgündürmü? - "CİNAYƏTDİR..." - RƏYLƏR
Bizi izləyin

Sosial

Aşura mərasiminə uşaqların aparılması düzgündürmü? - "CİNAYƏTDİR..." - RƏYLƏR

İslam dini ona görə ən çox sevilən dinlərdəndir ki, mərhəməti, qayğını, rəhmi təbliğ edir. İnsanları özlərinə xətər yetirməkdən, israfçılıq etməkdən, başqalarını incitməkdən uzaq durmağa çağırır. Bu önəmli çağırışların içində keçmişini, dini tarixini unutmamaq da var.

Məhərrəmlik ayı da bizi dini keçmişimizlə bağlayan aylardan biridir. Bu ayda Kərbəla şəhidlərinə həsr olunmuş Aşura mərasimi hər il Azərbaycanda da keçirilir. İnsanlar kütləvi şəkildə məscidlərə axın edərək həmin gün qətlə yetirilən imamların və yaxınlarının yasını tuturlar.

Dünən də Aşura günü idi. İnsanlar məscidlərə axın etdilər, yas tutdular.

Mərasimdən sonra isə böyüklərlə bərabər, sosial şəbəkələrdə balaca uşaqların da fotoları yayıldı. Qaralara bürünmüş, ətrafda baş verənləri diqqətlə izləyən körpələr. Hətta içlərində hələ əmziyindən ayrılmamışı da var.

Bu görüntülər geniş müzakirələrə yol açdı.

Ağlaşma olan, zəncir vurulan mərasimə onların aparılması düzgündürmü?

Mövzu ilə bağlı bir sıra qurumların və bu müzakirəyə qoşulan şəxslərin fikrini öyrəndik.

Hacı Şahin Həsənli İslam dininə aid bütün mərasimlərin ifrat dərəcəyə çatdırılmadan qeyd olunmasında heç bir yanlışlıq görmədiyini dedi:

“Ümumilikdə onu qeyd edim ki, bəzi insanların əzadarlığa qarşı birmənalı münasibəti ilə razılaşmıram. Yəni, bu və digər dini mərasimlər sovet dövründə də qeyd olunurdu, indi də qeyd olunur. Kərbəla hadisəsi bir məktəbdir. İnsanların belə bir məktəb keçməsində heç bir mənfi nüans ola bilməz. İslam dinində bədəndən qan çıxarılması, insan sağlamlığına ziyan vurulması qəti şəkildə qadağandır. Din bunu haram hesab edir. Əvvəlki illərə nisbətən hazırda bu kimi ifrat hallar azalıb. Və mən düşünürəm ki, bu hadisələri müasir dövrlə uzlaşdırmaq lazımdır. Kərbəla şəhidlərini yad edən insanlar nə deyir? Onların hər biri insan zorakılığına yox deyirlər. Kərbəlada şəhid olan insanlar nə üçün şəhid olublar? Dinin yolunda zorakılığa yox dedikləri üçün, özləri də, azyaşlı uşaqları, qızları da öldürülüb. Bu radikal zehniyyətə tamamilə qarşı olan yanaşmadır.

Dindən məhəbbət hissini qoparmaq olmaz axı. Əhli-beytə məhəbbəti insanlardan alsaq, yerdə qalacaq radikallıq. Dünya xalqlarının Suriyada baş verən hadisələrə münasibətinə baxsaq, görərək ki, bu tamamilə radikallıq nümunələridir. Aşura mərasimi isə dinə olan məhəbbətin nümunəsidir. Biz məsciddə bu mərasimi ənənəvi sinəvurma ritualları ilə keçirdik. İkinci ən önəmli məsələ, biz həmişə insanlara tövsiyyə edirik ki, heç nəyi ifrat dərəcəyə çatdırmaq lazım deyil. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyyələrində də bu var. Bizim məscidlərin özünün təziyə mərasimləri, mərsiyə ədəbiyyatı var. Eyni zamanda, biz hər il qanvermə aksiyaları keçiririk. Bu insanlara yardım məqsədilə həyata keçirilir. Şüar xətrinə demirəm, amma Kərbala məktəbi həqiqətən insanlara vətənpərvərlik aşılayır. Biz hər gün Kərbala şəhidləri ilə yanaşı, aprel döyüşlərində, eləcədə də digər ərəfələrdə vətən yolunda canlarından keçən insanları yada saldıq. İnsan vətənini, torpağını sevməzə, onun yolunda canından keçib şəhid ola bilməz. Kərbala məktəbi də bu eşqə şəhadət gətirir. O ki qaldı insanların azyaşlı övladlarını belə mərasimlərə gətirməsinə, biz buna müdaxilə edə bilmərik. Təbii ki, mən buna o şərtlər altında normal baxıram ki, mərasimdə ifratlığa yol verilməsin. Azyaşlı qız uşaqlarının qara çarşab geyinməsinə gəldikdə isə bizim dinimiz yetkinlik yaşına çatmamış uşaqların çarşab bağlamasını tələb etmir. Dində belə bir məcburiyyət yoxdur. Din qızlara yetkinlik yaşına çatdıqdan sonra öz geyimini müəyyən etməyə imkan verir. Aşura mərasimi artıq bizim milli mərasimlərdən birinə çevrilib. Bunun uşaqların təhsilinə, psixoloji inkişafına heç bir təsiri yoxdur. Mən həmişə məsciddə dərsdən qaçıb cümə namazına gələn uşaqlara deyirəm ki, dərsdən qaçıb qılınan namaz Allah dərgahında qəbul olunmur. Yəni bütün bunları biz maarifləndirmə üçün edirik. Açıq danışsaq, mənəviyyatla elmi qarşı-qarşıya qoymaq o qədər də düzgün hal deyil. Çünki bu mərasimlər xalqın dini maraqlarına uyğundur. Xalq Aşura mərasimində zorakılığa məruz qalan o qədər Kərbala şəhidlərinin yanında durur. Amma azyaşlı uşaqların gözü önündə bədəndən qan çıxarılması və digər hərkətlər birmənalı şəkildə yolverilməzdir. Bunun qarşısını almaq üçün isə ilk növbədə din xadimləri maarifləndirmə işləri aparmalıdır”.

İlahiyyatçı Elşad Miri isə deyir ki, dinimizdə keçirilməsi vacib olan belə bir mərasim yoxdur:

“İslam dinində keçirilməsi buyrulan iki bayram var. Onlardan biri Ramazan bayrımıdır, digəri isə Qurban bayramı. Ümumiyyətlə bu kimi mərasimlərə azyaşlı uşaqların aparılması heç bir cəhətdən, istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən normal hesab edilmir. Bu gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün xalq arasında maarifləndirici tədbirlər görülməlidir.”

Millət vəkili Fazil Mustafa baş verənləri birmənalı olaraq cinayət hesab edir:

“Mən düşünürəm ki, bu birmənalı şəkildə cinayətdir və hüquq mühafizə orqanları buna qarşı ciddi tədbirlər görməlidir. Hansı valideyn ki, yetkinlik yaşına çatmamış uşağı belə mərasimlərə aparır, o, birbaşa uşağın hüquqlarını pozur. Ona görə də, uşağı təhsilə deyil, belə yerlərə cəlb edərək istismar edirsə, həmin insanlara inzibati həbsdən tutmuş, istənilən cəzanı vermək olar. Bunun heç bir elmi izahı yoxdur. Sekulyar dövlətdə yaşayırıq. Amma bu o demək deyil ki, uşaqları təhsildən uzaqlaşdırıb belə təbliğatlara cəlb etmək lazımdır. Dərinə getsək, bu heç din məsələsi deyil. Bu proseslər cinayətdir və buna heç bir halda heç bir cəhətdən bəraət qazandırmaq olmaz. Ümumi götürsək, hüquq mühafizə orqanları bu istiqamətdə kifayət qədər müsbət addımlar atırlar. Düşünürəm ki, bunu bir qədər də genişləndirməklə bu məsələlərin qarşısını almaq olar.”

Millət vəkili Zahid Oruc da bildirib ki, indiki dövrdə bu mərasimlərin bu dərəcədə ifratlaşması qəbuledilməzdir:

“Məktəbi, kitabı və kitabxananı Aşura mərasiminə qarşı qoymaq kimi fikrim yoxdur. Məscidən, cameədən dövlət idarə olunmaz. Bizim ölkədə din dövlətdən ayrıdır. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Bunların valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, artıq gələcəkdə Suriyaya göndəriləcək kamikadzelər yetişir? Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətin olsa da, təhsil və güclü təbliğat vasitəsi ilə qarşısını almaq olar. Sadəcə bunu insanlara izah etmək lazımdır”

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidovun fikrincə, bu insan hüquqları ilə bağlı bütün qətnamələrə ziddir:

“Bu BMT tərəfindən təsdiqlənmiş Beynəlxalq Uşaq Hüquqları Konvensiyasına, eləcə də, İnsan Hüquqları haqında qətnamələrə əsasən qanun pozuntusudur. Uşaqların bu şəkildə istismar edilməsi həm fiziki, həm də mənəvi cəhətdən qəbuledilməzdir. Uşaqların inkişafına çox mənfi təsir edir. Psixoloqlar azyaşlı uşaqların şiddət əks etdirən cizgi filmlərinə belə baxmasına icazə vermir. Bir düşünün, körpə uşağın gözü önündə insanlar nələr edir. Özünü döyən, bədənindən qan çıxaran insanlar onlara nə kimi müsbət təsir edə bilər? Bunun bir adı var: psixoloji işgəncə, psixoloji travma. Qanun 18 yaşına çatmamış uşaqları müdafiə edir. Təbii ki, valideynlər də onların rəsmi təmsilçiləri hesab olunurlar. Amma bu kimi hallarda qanun öz hökmünü ortaya qoymalıdır. Düşünmürəm ki, valideyn bilərəkdən öz övladına zərər vursun. Sadəcə, bu yanlış məlumatlandırmadan irəli gəlir. Onlar bunu adət-ənənə kimi qəbul edir, dinə xidmət hesab edir və onları da bu mərasimlərə cəlb edirlər. Orada ağzında əmzik olan uşaqlar var. Axı onlar bu mərasimin fərqində deyillər. Sadəcə ətrafdakılara baxıb əllərini göyə açıblar. İnkişaf mərhələsində olan uşaqların qarşısında sərgilənən bu cür davranışlar sabah onları cinayət əməllərinə də sövq edə bilər”.

Uşaq və Ailə Mərkəzinin rəhbəri, psixoloq Kəmalə Baxış düşünür ki, uşaqların bu hallarda psixoloji sarsıntı keçirməsi onların gələcəkdə ciddi problem yaşamasına səbəb olur, şəxsi inkişaflarına mənfi istiqamət verir:

Bu düzgün hal deyil. Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqlara bu kimi yerlərə aparmaq olmaz. Xüsusilə dini mərasimlərə. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər. Yetkinlik yaşına çatmamış uşaqların yerinə qərarları valideynlər verir. Amma bu o demək deyil ki, onları bu cür istismar etmək olar. Uşaqlar üçün valideynlər (ana və ya ata) ideal olur. Bir də düşünün, bunları sizə ideal hesab etdiyiniz insan deyir. İdeoloji olaraq bu uşaq psixologiyasında dərin izlər qoyur. Gələcəkdə bir çox psixoloji problemlərin yaranmasına şərait yaradır. Eyni zamanda, uşağın öz-özünə ciddi xəsarət yetirməsinə belə gətirib çıxara bilər. Ona görə də, valideynləri bu mövzuda diqqətli olmağa çağırırıq.”

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, konstitusiyamızda göstərildiyi kimi hər kəsin vicdan azadlığı var:

“Bizdə din həm təhsildən, həm də dövlətdən ayrıdır. Biz heç kimin dini etiqadına mane ola bilmərik. O şərtlə ki, dini təbliğatlar, maarifləndirmə təhsil və iş saatlarına mane olmasın. Dünən keçirilən Aşura mərasimində çoxsaylı uşaqların iştirakı uğurlu addım deyil. Birincisi indi nə 7, nə də 8-ci əsr deyil. Biz 21-ci əsrdə yaşayırıq. Mən dinə qarşı deyiləm. Amma düşünürəm ki, azyaşlılar bu cür mərasimlərdənsə, maarifləndirici tədbirlərə qatılsalar, daha yaxşı olar. Onlar Aşuranın mahiyyətini hələ dərk edəcək yaşda deyirlər. Bu mənada ikiqat uduzurlar. Üstəlik, orada insan bədənindən qan çıxarılması, şiddət, döyülmə, sinə döymə və s. addımlar heç də müsbət mənəvi dəyər aşılamır. Eyni zamanda, təhsil vaxtı məktəbdən çıxaraq məscidə ibadət etməyə gedən uşaqlara şərait yaradan təhsil müəssisələri, müəllimlər, məktəb direktorları məsuliyyətə cəlb olunmalıdır. Uşaqlar tədris müddəti ərzində təhsil müəssisəindən kənarda olmamalıdır. Hər hansı hadisə baş verərsə, birbaşa təhsil müəssisəsi məsuliyyət daşıyır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov isə bildirib ki, xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma hallarına meyilli olan insanlarla bu istiqamətdə tövsiyə xarakterli profilaktik söhbətlər aparılıb. Onun sözlərinə görə, ümumiyyətlə, məzhəbindən asılı olmayaraq, bütün müsəlman alimləri zəncir vurmaq, baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri haram hesab edir.

"Bu İslamın gözdən salınması və İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə gətirib çıxarır. Bəzi valideynlər cahillik ucbatından nəinki özləri, hətta azyaşlı uşaqlarını da dini baxımdan günah olan belə əməllərə cəlb edir ki, bu da böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizi sağlam ruhda öyrənməsində ciddi əngəl yaradır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm