“İstilik enerjisinin tarifi maya dəyərindən bir neçə dəfə aşağıdır”
Bizi izləyin

Sosial

“İstilik enerjisinin tarifi maya dəyərindən bir neçə dəfə aşağıdır”

Büdcə təşkilatları üçün müəyyən olunmuş istilik təchizatına tələbat limitləri onların faktiki istehlakından çox aşağıdır. İstilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə deyil, yaşayış sahəsinə tətbiq edilməsi nəticəsində subyektin iri həcmdə maliyyə itkilərilə üzləşir və istilik təchizatı tariflərinin həddən artıq aşağı olmaqla mövcud xərcləri qarşılaya bilmir.

Bu məsələlər “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

İcraçılardan ibarət işçi qrupun iclasından sonra qeyd etdiyimiz məsələlər “Azəristiliktəchizat” ASC-nin qarşısında problem kimi qoyulub.

Strateji Yol Xəritəsində qeyd olunan bu məqamlarla bağlı Publika.az-a “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Qurumun abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev yol xəritəsi ilə bağlı işçi qrupların yaradıldığını və komissiyaların yol xəritəsində göstərilən məqamlarla bağlı iş apardığını deyib:

“Əlaqədar təşkilatlarla birlikdə müəyyən müddətdən bir toplanıb, müzakirələr aparılır. Xərclərin aşağı salınması, istisu tariflərinin tənzimləmədən çıxarılması kimi məsələlər həllini tapır. İstilik tarifləri isə hələ ki tənzimləmədədir, bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz yalnız yol xəritəsinə uyğun istilik təchizatı sistemlərinin səmərəliliyinin artırılması, maya dəyərinin aşağı salınması, enerji effektli avadanlıqların tətbiq edilməsi, idarəçilikdə daha səmərəli metodların tətbiq edilməsi istiqamətində araşdırmalar aparırıq. Həmçinin xarici istilik sistemləri ilə bizimkilərin müqayisəsi, bizim sistemə uyğun olanının daha səmərəli tətbiq edilməsi istiqamətində işlər görülür. Yol xəritəsinə uyğun araşdırma aparılıb, təkliflər verilir”.

İstilik təchizatında tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməsi sualının cavabında R.Əliyev hər il hesabatlarda istilik enerjisinin maya dəyəri və tarifləri ilə bağlı məlumatları təqdim etdiklərini deyib:

“Hər il həm Tarif Şurası, həm də digər aidiyyəti qurumlara göndərdiyimiz hesabatlarda tariflərlə maya dəyəri arasındakı fərq göstərilir. Bu qərar əhalinin sosial vəziyyəti və digər məqamlar nəzərə alınaraq, Tarif Şurası tərəfindən verilə bilər. Bu gün istilik enerjisinin tarifi maya dəyərindən bir neçə dəfə aşağıdır”.

R.Əliyev onu da bildirib ki, qurumun “Azəriqaz” İB-nə olan 90 mln. manata qədər borcu da məhz tariflərlə bağlıdır:

“Hər ilin sonunda abonentlər tərəfindən borc yaranmır. Hazırkı tariflər əhaliyə ödənişdə çətinlik yaratmadığından, hər ilin sonunda abonentlər tərəfindən ödəniş yüksək səviyyədə olur. Çünki 2 otaqlı mənzilin bir ayda istiliklə təchizatı üçün abonent, 4.5 manat ödəniş edir. “Azəriqaz” İB-nə olan borcumuz da məhz istilik tariflərinin aşağı olması ilə bağlıdır”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Publika.az-a açıqlamasında bildirib ki, Strateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq hazırda müvafiq təşkilatların nümayəndələrinin daxil olduğu işçi qrup tərəfindən istilik təchizatı xidmətlərindən istifadə qaydaları üzərində iş aparılır:

“Bu qaydalar təsdiq ediləndən sonra bu barədə müəyyən edilən kompleks tədbirlər görüləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm