Bu ölkələrdən heyvan idxalı qadağan edilə bilər
Bizi izləyin

Sosial

Bu ölkələrdən heyvan idxalı qadağan edilə bilər

Rusiyanın Başqırdıstan Respublikasında bir neçə kənddə qoyunlar arasında dabaq xəstəliyi qeydə alınıb. Xəstəliyin Qazaxıstan və Qırğızıstandan qanunsuz gətirilən heyvanlardan keçdiyi bildirilir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Publika.az-a açıqlamasında ölkəmizdə bu xəstəliklə bağlı epizootik vəziyyətin stabil olduğunu deyib:

“Hər il yaz və payızda sərhəd zonalarında bufer zona yaratmaqla yanaşı, iri və xırda buynuzlu heyvanlar arasında vaksinasiya tədbirləri görülür. Bu il də noyabrın sonu, dekabrın əvvəlindən bu tədbirlər görüləcək. Bununla da xəstəliklərin ölkəmizə keçməsinin qarşısı alınır. Dabaq, eləcə də digər yoluxucu xəstəliklərə görə hazırda ölkəmizdə vəziyyət stabildir”.

Y.Xanvəli qonşu ölkələrdən xəstə heyvanların Azərbaycana gətirilmə ehtimalının olmadığını deyib:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatı əsasında xəstəlik yayılan ölkələrdən heyvan idxal edilmir. Biz cins heyvanları əsasən Avstriya və Almaniyadan alırıq, çox az hallarda Rusiya heyvanlarını idxal edirik. Heyvan aldığımız ərazilərdə xəstəlik aşkar edilərsə, idxala məhdudiyyət qoyula bilər. Hər hansı ölkədən heyvan gətirməmişdən əvvəl oradakı epizootik durum araşdırılır, sonra icazə verilir. Heyvanlar gətiriləndən sonra mütləq karantində saxlanılır. Bu müddətdə peyvənd edilir. Çünki bəzi ölkələrdə müəyyən xəstəliklə bağlı peyvənd aparılmır. Lakin bizim ölkədə həmin xəstəliyin daşıyıcıları olduğuna görə mütləq tədbirlər görülür”.

Y.Xanvəli son 15 ildə ölkəmizdə bu xəstəliyin yayılmadığını deyib.

“Vaksinasiya tədbirləri görülsə də, dabaq xəstəliyinin bir neçə növü var. Ola bilər ki, bu dəfə yayılan dabaq xəstəliyinin yeni tipi olsun. Ona görə də, heyvan karantində saxlanılıb, xəstəlik tipinə uyğun vaksinasiya aparılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm