• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Azərbaycanın dünyadakı bütün canlıları öldürə biləcək gücdəki MADDƏSİ: 20 milyonluq sərvət niyə çürüdülür?

  • Sosial
  • 18 Oktyabr 2017 11:17
  • 7 555 Baxış
Azərbaycanın dünyadakı bütün canlıları öldürə biləcək gücdəki MADDƏSİ: 20 milyonluq sərvət niyə çürüdülür?

Maye şəklində olan 1 qram kobra zəhəri 46 baş iti (hər biri 25 kq.), 166 baş dovşanı (hər biri 6 kq.), 10 000 baş siçovulu, 25 000 baş siçanı öldürə bilir. Onun 1 q. quru zəhəri isə 80 baş atı (hər biri 250 kq.) və 167 insanı (hər biri 60 kq.) öldürmək gücünə malikdir. İlan zəhərinə qarşı ən dözümlü heyvanlar - kirpi, donuz və itdir.

Xeyli qorxulu görünsə də, ilan zəhəri yalnız bu canlıları məhv edə bilmə gücünə görə deyil, eyni zamanda duzlaşma və revmatizm kimi xəstəliklərin müalicəsi, ilan sancmalarında istifadə edilən zərdab, bir sıra kosmetoloji məhsulların, habelə transplantasiya əməliyyatlarında istifadə olunan dərmanların tərkibindəki əsas maddədir.

Amma ölkəmizdə 20 kq ilan zəhəri Zoologiya İnstitutunun bazasında, istifadə olunmaz halda qalıb. Səbəbi barədə bir az sonra...

Bir qədər geriyə qayıtsaq, öyrənərik ki, Azərbaycan keçmiş SSRİ-nin ilan zəhərinə olan bütün ehtiyacının 65-70 faizini ödəyib. Bu zəhərdən SSRİ-nin tibb bazarında dərman preparatları hazırlamaq üçün istifadə olunurdu. Zirə Herpetoloji Kombinatı ötən əsrin 70-ci illərində hər qramının qiyməti 160 sovet rublu, 1987-ci ildən 210 rubl olmaqla SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına, ildə təxminən 2,5-3 kq quru gürzə zəhəri Tallinin müvafiq zavoduna göndərirdi.

Bu gün dünyada ilan zəhərinə olan illik tələbat 10 kiloqramdır. Dünya bazarına bu məhsulu əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.

Hesablamalar göstərir ki, qramı orta hesabla min dollar civarında olan ilan zəhəri çox gəlirli sahədir. Zəhərin emalı birinci ildə onun dəyərinin 40, sonrakı illərdə isə 60 faizi qədər gəlir gətirir. Dünyada qurudulmuş ilan zəhərinin bir qramının qiyməti 600-800 dollar arası dəyişir. Zəhər təmizlənib sertifikatlaşdırıldıqdan sonra bu qiymət təxminən 2 dəfə artır.

İndisə qayıdaq qramı min dollardan yuxarı olan bu məhsulun 20 kq-nın Zoollogiya İnstitutunda “çürüməsinə”. Bu sözü boşuna işlətmədik, çünki məhsul 20 ildir institutun bazasındadır və ildən-ilə keyfiyyətini itirir.

100 faizlik zəhərin 1 qramı 1000-1500 dollar

Zoologioya İnstitutunun direktoru Elman Yusifov Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək yaşadıqları çətinliklərin detallarından danışıb:

“Sovet dövründə ilan zəhəri iqtisadiyyata dəstək olan, əsas gəlir mənbələrindən biri olub. Zirə, Ağsu və Qobuda Qafqaz gürzələri yetişdirilirdi. Sonradan istehsal mərkəzinin fəaliyyəti dayandırıldı, onun bütün daşınar və daşınmaz əmlakı əvvəl Səhiyyə Nazirliyinə, sonra da Zoologiya institutunun balansına verildi. Sovet dövründə bizdə istehsal edilən gürzə zəhəri Estoniyaya göndərilirdi, oradan da dünya ölkələrinə satılırdı. SSRİ dağılandan sonra əlaqələr kəsildi. İlan zəhərinin satışına ikinci mənfi cəhət onun strateji mallar siyahısına salınması idi. Yəni ilan zəhərinin satışı bir sıra təşkilatların razılığından sonra mümkündür və əldə olunan gəlirin 70-80 faizi dövlət büdcəsinə gedir. Bu da öz növbəsində fəaliyətin cəlbediciliyini azaldır. Biz büdcə təşkilatıyıq, lakin alıcı tapan, beynəlxalq sertifikat ala bilən vasitəçi təşkilatlar var. Bu cür təşkilatlar həm də öz mənfəətlərini məhsulun üzərinə qoyaraq ikitərəfli müqavilə imzalayaraq onun satışını həyata keçirə bilirlər. Lakin bu gün ilan zəhəri strateji məhsullar siyahısında olduğundan 20 ildən çoxdur ki, həmin müəssisənin bazasındakı 20 kq zəhər bizim institutda vakuumda saxlanılır. Özümüz də müstəqil şəkildə bu satışı həyata keçirə bilmirik. İnstitut olaraq bu işin marketinqini apara biləcək, beynəlxalq sertifikat ala biləcək qədər vəsaitimiz yoxdur. Bu məsələnin ictimailəşdirilməsi hesab edirik ki, böyük bir dəstək ola bilər”.

E.Yusifov deyir ki, ilan zəhərinin strateji məhsullar siyahısından çıxarılması Nazirlər Kabinetinin qərarı ilə tənzimlənə bilər: “Bunun üçün Ekologiya və Təbii, Sərvətlər, Səhiyyə, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri kimi qurumların razılığı lazımdır. İnstitutda saxlanılan 20 kq-a yaxın zəhər Sovet dövründən qalmadır. İndi istəsək də, ildə o qədər zəhər ala bilmərik. Biz yalnız ildə 300-400 qram əldə edə bilərik, 20 kq böyük rəqəmdir. İllər ötdükcə fermentin keyfiyyətinin dəyişməsi mümkündür. Bu yaxınlarda elmi əməkdaşlıq çərçivəsində həmin zəhərin analizi aparıldı. Məlum oldu ki, keyfiyyətinin 80 faizini saxlayır, bu da kifayət qədər böyük göstəricidir. Lakin bu, onun qiymətinə təsir edir. 100 faizlik zəhərin 1 qramı 1000-1500 dollara satılırsa, bizdə olan zəhər 300-500 dollara satıla bilər”.

Böyük ilan zəhəri potensialı

İnstitut direktoru ölkədə farmakoloji zavodun istifadəyə verilməsinin satış üçün yeni imkan yaradacağını düşünür: “İlan zəhəri əsasən farmaseptikada, Şərq ölkələrində kremlər və sağlamlıq üçün müəyyən vasitələrdə, kosmetologiyada, transplantasiya əməliyyatları zamanı immun sisteminin köçürülən orqana qarşı “hücumunun” qarşısını almaq üçün istifadə edilən dərmanın ən vacib komponentidir. Azərbaycanda yaxın dövrdə farmaseptik fabriklər açılacaq. Hesab edirik ki, bundan sonra ilan zəhəri üçün geniş imkanlar açıla bilər. Bu tip komponentlər olan dərmanların istehsalı nəzərdə tutulubsa, o zaman, ilan zəhərinə təlabat artacaq. Bu, həmçinin ölkə iqtisadiyyatına da xeyir verər. Hazırda institutumuzun Ağsuda təcrübə-dayaq məntəqəsi var. Orada təxminən 20-yə yaxın gürzə saxlayırıq. Onlardan əldə edilən zəhər yalnız elmi fəaliyyətdə istifadə olunur. Sənaye miqyasında istehsal səviyyəsində ilan zəhəri əldə etmirik. Bu, bizim profilə də uyğun deyil”.

Azərbaycanda ilan zəhəri əldə etmək üçün əlverişli mühitin olduğunu deyən direktor satışa başlayarlarsa, bazarda yer tutmağın asan olmayacağını düşünür: “Qafqaz biloji müxtəlifliyinin 70 faizi Azərbaycandadır, bizim ərazimizin 50 faizi yarımsəhradır. Bu da ilanlar üçün əlverişli mühit deməkdir. Kür-Araz ovalığı, Qobustan, Ağstafa, Qazax, Beyləqanda Hərəmi düzü, Kürdəmir ərazisi əlverişli zonalardır. Qobustan Qafqaz gürzəsinin məskənidir. Burada çox böyük ilan zəhəri potensialı var. Amma rəqiblər də az deyil. Dünyada ilan zəhərilə tanınan ölkələr kifayət qədərdir. Qonşu İran, Türkiyə, Türkmənistan, Pakistan, Özbəkistan kimi yarımsəhra əraziləri çox olan ölkələr bu sahədə irəli gediblər. Azərbaycan gürzəsinin zəhəri də çox dəyərli sayılır”.

Dövlət nəzarət etməlidir

Tibbi ekspert Adil Qeybulla dünyada bu məhsula marağın yüksək olduğunu deyir:

“Xüsusi laboratoriyalarda ilan saxlanılır və zəhəri alınır. İlan zəhərindən alınan maddə ilan sancmaları zamanı istifadə edilən zərdabın əsas tərkibidir. Həmçinin bu zəhərdən bəzi dərman preparatları alınır. Azərbaycanda ondan əvvəllər “Viprosal” mazı hazırlanırdı. Bu strateji xammalı reallaşdırmaq asan deyil. İlan zəhərindən ölkə daxilində dərman istehsalı, müalicə məqsədilə və zərdab üçün istifadə etmək olar. Bu gün Azərbaycanda gürzə və əfi ilan sancmaları daha çox müşahidə edilir. Bəzən də bir sıra bölgələrdə zərdab tapılmır”.

A.Qeybullanın sözlərinə görə, hazırkı durumda bu məhsulun satışı dövlət tərəfindən həyata keçirilə bilər:

“Bu strateji xammal olduğu üçün satış bazarını və satışın təşkilini dövlət reallaşdırıla bilər. Zoologiya institutu bazasında olan zəhərin satışının da dövlət qurumlarının xəttilə həyata keçirilməsi mümkündür. Həmin zəhər mütəxəssislər tərəfindən yoxlanılır və əldə olunan gəlir də büdcəyə transfer edilir”.

“Bizə müraciət etsinlər, həll edək”

Millət vəkili Musa Quliyev hesab edir ki, ilan zəhərinin strateji məhsullar siyahısından çıxarılması hazırkı durumda doğru deyil:

“Həm təhlükəlilik, həm də strateji məhsul olması baxımından ilan zəhəri siyahıda olmalıdır. Strateji məhsul hesab edilməsinin satış üçün problem yaratdığını düşünmürəm. Zəhərin standartlara uyğun olması və sənədlərin tam olması ölkədən çıxarılması üçün yetərlidir. Məhsulu satmaq istəyən institut və ya şirkət qarşılaşdıqları hüquqi problemlərlə bağlı Milli Məclisin Səhiyyə Komitəsinə müraciət edə bilər. Anoloji problem buynuz qişanın ölkəyə gətirilməsi ilə bağlı idi. O, dövriyyəsi qadağan olunmuş mallar siyahısında idi. Qanunda dəyişiklik edib, çıxartdıq. İnstitut yaşadığı problemlə bağlı Komitəyə müraciət etsin, sonra həll edə bilərik. Bildiyim qədərilə onun ölkədən çıxarılmasına hüquqi qadağa yoxdur. O dövriyyəsi icra hakimiyyətinin qərarı ilə icazə verilən məhsullar siyahısındadır”.

Görünən odur ki, baza var, təcrübə də, yetər ki, maraq artsın. Səhralarda, düzlərdə yayılan qiymətli ilanlar zəhərini insanları zəhərləməklə sərf edib ömrünü başa vuracaq. İlan zəhəri strateji məhsullar siyahısından çıxarılmasa belə, dövlətin ən qısa zamanda hərəkətə keçməli və əldəki məhsulun satışını reallaşdırmalıdır. Əks halda, zamanla milyonluq sərvət Zoologiya İnstitutunda “çürüyəcək”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR