Sayt bu, su misalı, qıvrım-qıvrım AXAR ya... - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Sosial

Sayt bu, su misalı, qıvrım-qıvrım AXAR ya... - REPORTAJ - FOTOLAR

Bu gün Azərbaycanın ən operativ, dürüst və bir o qədər sevimli media orqanlarından olan Axar.az 4-cü yaşını qeyd edir.

Publika.az bu münasibətlə qardaşını təbrikə getdi. Fürsətdi deyib, reportaj da hazırladı.

Öncə Axar.az saytının baş redaktoru Anar Niftəliyevlə həmsöhbət olduq. O, saytın yaranmasından danışdı və fəaliyyətilə bağlı təəssüratlarını bölüşdü:

“4 yaşın təəssüratı həddən artıq böyük və doğmadır. Bu gün mənim kariyeramla bağlı qeyd etdiyim ən əziz günlərimdən biridir. Mən ildə iki dəfə doğum günümü qeyd edirəm ki, bunlardan biri də məhz 19 oktyabrdır. 4 bizim üçün həm yaş, həm də təcrübə baxımından az rəqəm deyil.

İşimizin başlanma vaxtı var, ancaq bitmə vaxtı yoxdur. Uzun müddət qəzet jurnalistikası ilə məşğul olmuşam. Axar.az onlayn mediada ilk təcrübəmdir. Burada çalışandan sonra bir daha əmin oldum ki, həqiqətən də, bu işin bitmə saatı olmur. Biz də 2013-cü il 19 oktyabr saat 12:10-da başladıq və bu ana qədər davamlı, fasiləsiz, yorulmadan işləyirik.

Doğrudur, şəxsi həyatımız ikinci plana keçir, yatana qədər işləyirik. Ancaq bura bizim işlə birgə, həm də sığınacaq yerimizə çevrilib.

İki qızım var. Axar.az isə 3-cü övladıma çevrilib. Çünki o, həqiqətən də, bir övlad qədər qayğı və məsuliyyət, diqqət tələb edir. Hətta bu gün dostum məni təbrik edəndə dedi ki, artıq saytın 4 yaşı olur. Mən də biixtiyar olaraq “hə, qızım İncidən kiçikdir” dedim. Sözümün hansı mənaya gəldiyinə sonradan fikir verdim və ikimiz də güldük.

Bu saytı ərsəyə gətirən, ona valideynlik edən Aynur Camalqızıdır. Mənimlə bu saytda çiyin-çiyinə işləyən keçmiş redaktorumuz Pərviz Cəbrayılın da çox böyük və gərgin əməyi var. Bütün idarəçilərlə yanaşı, Axar.az böyük bir komandanın məhsuludur.

Saytımızın ilk yaşını böyük təntənə ilə qeyd etmişdik. Mən həmin tədbirə kollektivimizdə iki saat belə işləyən işçilərimizi dəvət etmişdim. Kollektivimizdən elə insanlar ayrılıblar ki, onların gedişinə təəssüflənmişəm, çox üzülmüşəm. Lakin onların aramızdan ayrılması axar.az-çı olmalarını dəyişmir. Aramızdan ayrılan bütün dostlarımıza hər zaman qucağımız açıqdır. Biz bir ailə kimi formalaşmışıq. Öz işçilərimi balaca bacı-qardaşlarım kimi görürəm. Ümumilikdə, Axar.az kollektivi olaraq saytımızı bir ailə üzvümüz kimi sevirik və oxucularımıza bizə verdikləri dəyərə görə təşəkkür edirik”.

Daha sonra müxbirlərin olduğu otağa keçdik və hamısı ilə qısa söhbətlər etdik.

Saytın əsas sütunlarından biri, şair Aqşin Evrən Axar.az-da keçirdiyi maraqlı günlərdən söhbət açdı:

“Burada doğrudan da, maraqlı kollektiv formalaşıb. Gün ərzində bir-birimizlə etdiyimiz zarafatları rahatlıqla TV-yə çıxarıb camaatı güldürmək olar (Gülür). Bu il kollektivimizə yeni məzun olan jurnalistlər qatıldı və onların gəlməsi mənim zəhləmin tökülməsi ilə müşayiət olundu. (Gülür). Təbii, zarafat edirəm. Onlar yeni idilər deyə, xəbər jurnalistikasını bilmirdilər, öyrətmək prosesi əziyyətli olurdu. Amma hazırda hər biri peşəkar jurnalistdirlər.

Kollektivimizin digər bir aktiv üzvünün adını çəkmək istəyirəm ki, bu da Bərzanidir. Hər gün onunla bağlı o qədər xəbər oxuyur, yazırıq ki, artıq kollektivimizə daxil olub, ona öz aramızda “Bəriş” deyirik (gülür).

Ümumiyyətlə, saytın bünövrəsi qoyulandan kollektiv çox mehriban və səmimi olub. Bu ənənə hələ də davam etməkdədir. Zarafatımız öz yerində, ciddiyyətimiz və işimiz öz yerində.

İş prosesində maraqlı və gülməli hallar tez-tez baş verir. Lakin bu yaxınlarda baş verən hadisə daha çox maraqlı, inanılmaz idi. Deməli, bizə press-reliz gəlmişdi ki, Vaqif Mustafazadəyə həsr edilən tədbir keçiriləcək. Mən də düşündüm ki, bu, cazmen Vaqif Mustafazadədir. Tədbirə əməkdaşımız Billurə getdi. Ona dedim, inanmıram ki, sənətkarın qızı Əzizə Mustafazadə tədbirə gəlsin, ancaq sən qohumlarından kimisə görsən, fikirlərini mütləq öyrən, xatirələrini danışdır. Büllurə də tədbirdə iştirak edənlərdən soruşub ki, Vaqif Mustafazadənin qohumlarından kimsə iştirak edirmi? Bir nəfər də gizəmli şəkildə deyib ki, səbr elə, qızım, bir azdan özü də gələcək. Təbii, Büllurə bir anlıq şoka girib ki, bu necə ola bilər?! Ancaq özünü itirməyib. Bir az keçəndən sonra Billurəyə deyiblər ki, Vaqif Mustafayev gəlib, sizi axtarır. Billurə yenə şoka girib ki, bəs bu adam ölüb axı, məni necə axtara bilər? Hətta qorxub ki, bəlkə mənə nəsə olub?! Nəhayət gedib görüb ki, sən demə, bu Vaqif Mustafazadə yox, Mustafayev imiş - “Space" TV-nin rəhbəri. Vaqif müəllim də Büllurədən soruşub ki, xanım, siz mənim qohumlarımı niyə axtarırdınız? (gülür).

Saytın siyasi xəbərlər üzrə əməkdaşı İlkin Həsənov isə işini xatirələrini danışmaqdan üstün tutdu:

“Burada işləyən zaman başıma çox qəribə və gülməli hadisələr gəlib. Ancaq onları danışsam, çox güman ki, işdən qovularam. (Gülür)”.

İ.Həsənov kollektivini tərifləməyi də unutmadı:

“Çox yaxşı kollektivdir. Kollektivdə, demək olar ki, ən qocaman əməkdaş mənəm. İlk gündən buraya gələn hər kəsi tanıyıram və burada işləyən bütün insanların saf, təmiz olduğuna şahidəm. Bizdə heç vaxt kin, rəhbərliyə xoş görünmək, yaltaqlıq kimi hallar olmayıb. Buna görə də dəyərli kollektivimiz var. Mənim “Turan dövləti qurmaq” ideyam var. Çünki dünyanın hər tərəfində bir imperiya qurulub və onlar da üstümüzə gəlməkdədirlər. Bizə isə imperiya qurmaqdan başqa çarə qalmır. (Gülür)”.

Nərmin Əkbərli isə İlkinin “mehriban kollektiv”indən narazılığını dilə gətirdi:

“İş yoldaşlarımın hamısından şikayətçiyəm. Çünki mənim zarafatlarıma gülmürlər. Gül kimi zarafatlar edirəm, ancaq onların İQ səviyyəsi mənim zarafatlarıma gülməyə bəs etmir. (Bu yerdə Aqşin müdaxilə edir və “Nərmin, biz sənin istifadə tarixi keçmiş, çirkin zarafatlarına dözmək məcburiyyətində deyilik” deyib üsyan edir.)

Bir dəfə iş yoldaşım Orxanla “Qarabağ”ın qalib gəlməsi üzərinə mərcə girmişdik. Söz vermişdi ki, “Qarabağ” qalib gəlsə, 1 həftə mənim bütün sözlərimə güləcək. Bəxtim gətirdi və komanda matçı qazandı. Həmin gündən etibarən Orxanın adını belə çəkəndə çevrilib mənə gülürdü”.

Billurə Yunis bir az əvvəl medianın gündəminə gələn məşhur rüşvətxor direktoru üzə çıxaran jurnalist kimi imzasını tanıtdığını bildirdi:

“Məşhur direktorun xəbərini yazdığım gün baş redaktora işləmək üçün iki mövzu təklif etmişdim. Ancaq heç birini bəyənməmişdi. Mən də boş oturanda özümü pis edirəm. Əlimdə heç bir yazı olmadığı üçün özümü pis hiss etdim və ağladım. Sonra Aqşin dedi ki, sayta məktub gəlib, ona baxa bilərsən. Baxdım ki, şikayət məktubudur. Anar müəllimlə məsləhətləşdim. O da dedi ki, həmin xanımın mövqeyini mütləq öyrənmək lazımdır. Mən də xanıma zəng etdim. Telefonu götürən adam mənə özünü direktor müavini kimi təqdim etdi. Sonra sualımı 3 dəfə təkrarlatdı və o məşhur əhvalat baş verdi. Nə isə... həmin gün yazını yazdım və növbəti gün üçün hazırladım. Düzü, tərəddüd edirdik yazını dərc etməkdə. Düşünürdük adi məsələdi. Ancaq çıxandan sonra gözləmədiyimiz qədər baxış sayı oldu. O gündən sonra redaksiyada məni direktorun təbiri ilə “saytın ən tərbiyəsiz jurnalisti” çağırırlar. Həmişə düşünürdüm ki, görəsən hansı yazı ilə partlayış edə biləcəm. Qismət məni gətirib bu rüşvətxor direktora çıxardı”.

“Deputatların qənimi” Aygün Yusubova isə təvazökarlığından pay vermədi:

“Bura mənim ilk iş yerimdir və buranın ən qocaman işçilərindən sayılıram. Düzdür, kollektivin tərkibi zaman-zaman dəyişsə də, hamı ilə ayaqlaşa bilirik. Burada çox yaxşı dostlar qazanmışam. Hər şeyimizi, yeməyimizi belə bölürük. Ən çox xoşuma gələn şey isə birinin problemi olanda ona hamının can yandırmasıdır. Hər günümüz, demək olar ki, maraqlı bir hadisə ilə sona çatır”.

Firuzə Vahidqızı saytın yeni əməkdaşlarından biri kimi ilk təəssüratlarını paylaşdı:

“Jurnalist kimi ilk dəfə Axar.az saytında fəaliyyətə başlamışam. Bir neçə yerə müraciət etmişdim. Burada başladım. "Axar"da işləmək çox xoş və əyləncəlidir”.

Orxan Tağıyev isə hələ də doğum günü münasibətilə gətirilmiş tortun davasını edirdi:

“Burada bəzi öz payından artıq yeyən insanlar mövcuddur. Mən də payımı qorumaq üçün tortumu salfetdə gətirməyə məcbur oldum. (Bu zaman Aqşin Orxanın fikirlərinə əlavə edir və “elə insanlar da var ki, görməmişlikdən tortu çörəyin arasına qoyub yeyir” deyir)”.

“Axar.az sənin üçün nə deməkdir” sualımıza isə Orxan böyük ciddiyyətlə cavab verir:

“Axar.az mənim üçün operativ xəbər portalıdır. (Gülür). Bu sayt hər şeydən öncə hamımızın imzasının tanındığı yer olub. Buraya ilk gəldiyimiz gündən etibarən səhvlərimizə, təcrübəsizliyimizə baxmayaraq, həm Anar bəy, həm də Pərviz bəy bizə çox səmimi və mehriban münasibət göstərdilər. Buna görə də bizim təcrübəsizliyimiz onların peşəkarlığı fonunda aradan qalxdı. Hamısına təşəkkür edirəm.

Burada başıma gələn ən yaxşı hadisə isə İlkindir. Biz onunla birgə bir imperiya qurmaq niyyətindəyik. İlkin imperiyanın başçısı olacaq, mən isə onun köməkçisi. Ancaq mən təbii ki, onun taxtına iddialı olacam. (Gülürlər)”.

Orxan bu yerdə digər “əməkdaş” Bərzanini unutmayaraq, onu bütün dünyaya əslində Axar.az kollektivinin düşmən etdiyini bildirir.

Aytac Qədirova işi nostaljiyə bağladı və otaq yoldaşı Əlinin onun iş həyatına qatdığı maraqdan danışdı:

“Axar.az-ın kollektivində var olmamın ikinci ilinin tamamına cəmi 3 gün qalıb. Həmin tarixi həyatımın dönüş nöqtələrindən hesab edirəm. Burada ilk tanıdığı iş yoldaşlarım Aqşin, Natiq olub. Axar tarixində maraqlı anlarımız isə sırf Aqşin və Natiqin adı ilə bağlıdır. Bir dəfə Aqşin mərhum yazıçılarımızın birinin ad günündə onun feysbuk hesabını tapmağım və ondan doğum günü təəssüratlarını yazmağımla bağlı göstəriş verdi. Mən də uzun axtarışlardan sonra “Ay Aqşin, ancaq səhifədir e, profili yoxdur” deyəndə Aqşin soyuqqanlılığını pozmadan, “Hə, o tez-tez profilini dondurur, səhifəsinə yaz, cavab verəcək”, -dedi. Amma birdən çatdı ki, filankəs neçə min ilinci ildə haqqın dərgahına qovuşub.

Başqa bir səfər Natiqlə Aqşin birləşib Dilarəyə “Keçəl qızın hörükləri” filminin rejissorundan müsahibə almağı məsləhət gördülər. Qızcığaz çox axtarmışdı, axırda anladı ki, bu da növbəti oyundur.

Bir dəfə də açıqlama almalıydım. İşin telefonu ilə Natiqin telefonu eyni marka idi. Götürüb danışanda telefona Aqşindən dəfələrlə zəng gəldi. Söhbət də yarıda kəsildi, konturu bitmişdi. “Aqşin, əlaqə kəsildi” deyəndə Natiqin bərəlmiş gözləri ilə qarşılaşdım. Demə Natiq telefonunu axtarırmış, Aqşin də zəng edir ki, “səs gələn tərəf”də tapsın. Çox lağa qoymuşdular...

Artıq 10 aydır ki, Güney Azərbaycan mədəniyyəti ilə tanışlığa başlamış, başqa məqsədə çatmağı hədəfləmişik. "Axar" mənim ikinci ailəmdir. Əli bəy təbrizlilərin spesifik xüsusiyyətlərdən ağız dolusu danışır, Təbrizin əsrarəngiz gözəlliklərini canlandırır. Buraya gələn hər bir işçi sanki məxsusi olaraq bu ailə üçün hazırlanır. "Axar" ailəsi zəhmətkeşlik, səmimilik, qayğıkeşlik simvoludur”.

Bayan Nigar isə köhnə kollektivdən olan qalstuklu İsminin maşının yük yerindən soyuqqanlıqla çıxma macərasını bizimlə bölüşdü:

“Saytımızdan danışarkən köhnə kollektivimizdəkiləri qeyd etməsəm, ayıb olar. Nilufər, İsmi, Tural, Şəmsəddin, Natiqin adını çəkməsəm, həqiqətən, ayıb olar. Çünki onlarla birgə çox əyləncəli günləmiz keçib. Elə vaxt olub ki, harasa getməli olmuşuq. Bütün kollektiv bir nəfərin maşınına minib. İsmi həmişə maşının yük hissəsində getməli olurdu. Düşəndə özünü o qədər soyuqqanlı aparırdı, sanki bu yük yerində deyil, sürücünün yerində gəlib.

Bu sayt yaranandan təxminən 4-5 ay sonra işə başlamışam. Arada fasilələr olub, ancaq yenə də burada fəaliyyətimi dayandırmamışam. Bura mənim üçün ikinci ev kimidir. Çünki günümün çox hissəsi burada keçir. Axar.az-ın ev ilə bir fərqi var. O da maaş verməsidir. (Gülür)”.

Saytın ərəb əlifbası ilə dərc olunan bölməsində çalışan Əlirza Zamani Axar.az-ın dəyərindən danışdı:

“Ərəb əlifbası ilə Azərbaycan dilində yazılan xəbərlərin ilk müəllifi məhz Axar.az saytıdır. Bu sayt ona görə mənə əzizdir ki, mənim bütün ailəm, yaşadığım və gəzdiyim şəhərdəki insanlar, qohumlarım, dostlarım məhz bu sayt vasitəsilə yazdıqlarımı oxuyur, buradan xəbərdar olurlar. Mənim çoxdankı arzum idi ki, Azərbaycanda belə bir sayt fəaliyyət göstərsin və Güney Azərbaycanı da işıqlandırsın. Bu bölmə sayəsində indi ən az 30 milyon azərbaycanlı da vətənilə bağ qura bilir.

Cənubi Azərbaycanla yanaşı, İraq türkmanları, əfqan türkləri bu əlifbanı daha yaxşı anlayırlar. Bu da demək olar ki, dünyada bir ilk sayılır ki, professional bir şəkildə ərəb əlifbası ilə xəbərlər hazırlanır”.

Əli bəy isə başına gələn ən maraqlı hadisədən danışarkən Aytacı işarə edir və onun tez-tez işə gəlməməyindən şikayətlənmək üçün fürsət tapır.

Bizi qapıda qarşılayan (çünki iş masası oradadır) Anar Əhmədov isə saytın onun üçün xüsusi önəm daşıdığını vurğuladı:

“Aşağı-yuxarı 4 ildir ki, bu saytda işləyirəm. 4 il bir jurnalistin bir məkanda işləməsi üçün böyük bir rəqəmdir. Çünki adətən bir jurnalistin bir redaksiyada bir ildən artıq qalmadığını görmüşük. Mən burada gözəl kollektiv, böyük rəhbərlə birgə işlədim. Və burada olduğum müddətdə çox böyük təcrübə topladım. Buna görə də Axar.az rəhbərliyinə, Anar bəyə və Pərviz Cəbrayıla dərin təşəkkürümü bildirirəm”.

Anar bəy bizimlə başına gələn maraqlı hadisələrdən birini bölüşməyi də unutmadı:

“Aramıza yeni qatılan Samirə Dağlıq Qarabağ mövzusunda politoloqlardan biri ilə danışır və yazı hazırlayır. Müsahib nitqi zamanı “Rusiya Xarici İşlər Nazirliyinin sözüçüsü Mariya Zaxarova ABŞ-a məktub göndərib” kimi bir cümlə işlədib. Samirə isə bunu “Rusiya Xarici İşlər Nazirliyinin sürücüsü Mariya Zaxarova ABŞ-a məktub göndərib” kimi yazmışdı”.

A.Əhmədovun otaq yoldaşı Turanə Məmmədli özünü çox şanslı hesab etdiyini dedi:

“Axar.az ən çətin və işsiz zamanlarımda mənə qucaq açan bir saytdır. Buna görə onun məndə dəyəri çox böyükdür. Burada hamı təpədən dırnağa jurnalistdir və jurnalist ürəyi daşıyır. Bu qədər peşəkar insanların arasında olduğum üçün özümü çox şanslı hesab edirəm”.

Daha sonra Axar.az saytının digər otağına keçdik və xarici dillərdə işləyən əməkdaşların təəssüratlarını öyrəndik. İki böyük xarici dilli bölməni idarə edən dostlarımız elə ana dilimizdə iki kəlimə deməklə kifayətləndilər.

Saytın rus dilli bölməsinin redaktoru Ruslan Qasımov 4 yaşı bayram hesab etsə də, bu günü görə gileylənməkdən də çəkinmədi:

“Dünən Müstəqillik bayramı idi, bu gün isə Axar.azın 4 yaşının bayramıdır. Ancaq təəssüf ki, bunun bizə heç bir aidiyyatı yoxdur. Çünki bu gün də iş başındayıq. (Gülür).

Digər əməkdaşlarımızla ayrı otaqlardayıq. Buna görə qonşu kimi münasibət yaranıb aramızda. Buna baxmayaraq, çox mehriban və əyləncəli kollektivimiz var. Artıq 3 ilə yaxındır burada işləyirəm və işimdən məmnunam”.

Ülkər Həsənova isə Axar.az-ın sözün əsl mənasında onun ailəsi olduğunu dedi:

“Çünki həyat yoldaşımla burada tanış olmuşuq. Mənim üçün ən yadda qalan hadisə də bu oldu. Bu hadisə mənə ömürlük bəs etdi. İndi isə evdə balaca bir axar.az-çı böyüdürük.

Burada işləmək çox böyük səbr tələb edirdi. Ancaq zaman keçdikcə öyrəşdim və hər şey öz "Axar"ına düşdü. Saytın bünövrəsi qurulan zamanın ilk şahidlərindən biri də mənəm. Ona görə də məni qoruyub gələcək nəsillərə ötürməlidirlər. (Gülür)”.

Saytın ən yeni əməkdaşlarından biri də Aida Tinayevadır:

“Bura mənim ilk rəsmi iş yerimdir. Hər şey çox maraqlı və fərqlidir. Düzü, heç belə təsəvvür etmirdim. Yeni şeylər öyrənirəm, maraqlı insanlarla tanış oluram, yeni fikirlər eşidirəm. Bura gələndən sonra siyasətlə daha çox maraqlanmağa başlamışam. Burada keçən, demək olar ki, hər günümüz maraqlı və fərqli olur”.

Ömər Xəyyam isə hələ uyğunlaşma prosesi keçdiyini dedi və bizi hədiyyə (mandarin) ilə yola saldı:

“Mən heç vaxt jurnalist olmamışam, heç olmayacam da. Amma hər halda burada işləmək çox maraqlıdır. Kollektiv də gözləmədiyim qədər mehribandır. Düzdür, bir az səs-küy olur, ancaq yenə də maraqlıdır. (Burada Ömərin sözünə müdaxilə edib, onun da səs-küylü biri olduğunu xatırladıram).

Çalışıram ki, öz çapımda Axar.az-ın inkişafında töhfəm olsun”.

Hazırladı: Zümrüd

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm