• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

“Proqnoz”u “öncəgörüb”, "siçan"ı “bələdçi” edən alim DANIŞDI

  • Sosial
  • 26 Oktyabr 2017 18:00
  • 1 634 Baxış
“Proqnoz”u “öncəgörüb”, "siçan"ı “bələdçi” edən alim DANIŞDI

“Dildə uzun müddətdir bu proseslər gedir və artıq bir sıra alınma sözlərin qarşılığı işlədilir. Qarşılıq kimi təqdim etdiyimiz sözlər birdən-birə gündəmə gəlməyib, onların bəziləri mətbuatda işlənir”.

Bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova əcnəbi sözlərə qarşılıq kimi təqdim edilən milli sözlərin cəmiyyətdə etirazla qarşılanmasına münasibət bildirərkən deyib.

S.Sadıqova bildirib ki, onsuz da bu gün mesajın qarşılığı kimi ismarış, laykın qarşılığı kimi bəyənmə işlədilir:

“Bizim təklif etdiyimiz sözlər arasında uzun müddət mətbuatda, televiziyada müzakirə edilib, işləklik qazanan ifadələr də var. Bəziləri isə tamamilə yeni təkliflərdir. Onlar sadəcə təklifdir, dilin lüğət tərkibində özünə yer tapıb-tapmayacağını zaman göstərəcək. Məsələn, proqnoz sözünün qarşılığı kimi öncəgörmənin işlədilməsi nümunəsini mətbuatdan götürmüşük. “Pronozlaşdırma agentliyi” birləşməsində sözü öncəgörmə ilə əvəz etmək uyğun olmaz. Bəlkə, heç öncəgörmə qəbul edilməyəcək. Hadisə yerinə də olay sözünün işlədilməsini də tez-tez mətbuatda müşahidə edirik. Bu gün adapter sözü dilimizdə işlədilir. Lakin rejissorlar tərəfindən bu sözün qarşılığı ilə bağlı bizə çox müraciətlər olur. Bir variant kimi yükləyicini təklif etdik. Qəbul olunsa, işləklik qazanacaq. “Mouse” sözünün bələdçi ilə əvəz edilməsinə etirazlarını bildirirlər. Bu sözü isə kompüter texnologiyaları üzrə mütəxəssislər təklif ediblər. Mütəxəssislər bildirir ki, onlar kompüterin hissələrinin alınması üçün ərizə ilə müraciət edəndə “1 ədəd “siçan” lazımdır” yazmaq istəmirlər. Bunun qarşılığı axtarılıb və hələ ki, bələdçi sözü ilə əvəzlənməsi uyğun görülüb. İngilis dilində mouse siçana oxşadığına görə verilib. Bizdə isə siçan qarşılığı uğurlu alınmadı. Kompüter sahəsi yenidir, bu sözün qarşılığı kimi bir neçə söz təklif edilir. Ən uğurlu variant dildə qalacaq. Dil daim inkişafdadır, yeni sözlərin təklif edilməsi normaldır”.

S.Sadıqova bildirib ki, bu sözlər tövsiyə deyil, sadəcə təklifdir: “Dildə qarşılığı tapılan sözlərin işlədilməsi heç zaman tələb kimi irəli sürülə bilməz. Hansı sözün işləklik qazanacağı istifadəçilərdən asılıdır. Kompüter sözünün qarşılığı kimi bilgisayar qəbul edildi, lakin bu söz işləklik qazana bilmədi”. İşıqfor sözü də eyni taleyi yaşadı. Dilə daxil olan yeni sözlərin qarşılığı tapılmalıdır. Lakin bu, o demək deyil ki, onlar mütləq dildə işləklik tapacaq. Bizim məqsədimiz əcnəbi sözlərin qarşılığını verməkdir. Əlbəttə, beynəlxalq terminləri olduğu kimi saxlayırıq. Hər sözün qarşılığını verə bilmərik. Lakin dilimizə son illərdə 5 mindən artıq alınma söz daxil olub. Qarşılığını yaratmaq mümkündürsə niyə də etməyək? Tıxac, atəşkəs, yetərsay sözləri yarananda qəbul olunmurdu. Yetərsay sözünü “saylarımız yetəcək” kimi ifadələrlə lağa qoyurdular. Bu gün isə həmin sözlər işləklik qazanıb”.

Qeyd edək ki, S.Sadıqova “zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” - “öncəgörmə”, “konsensus” - “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarış”, “mouse”- “bələdçi” kimi işlədilməsini təklif edib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR