İlkin əlillik təyin olunanların sayı azalıb
Bizi izləyin

Sosial

İlkin əlillik təyin olunanların sayı azalıb

“2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olub. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb”.

Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən gün keçirilən tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası mövzusunda keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, bununla belə, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb- aparılmamasına münasibətdə TSEK-lər tərəfindən bir sıra hallarda obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Bu amil əlilliyin qiymətləndirilməsində daha obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər bu məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki onlar şəxsi görmədən, onun barəsində əlavə informasiyaya malik olmadan, yalnız sistem vasitəsilə qəbul etdikləri elektron göndərişdəki məlumata əsaslanaraq əlilliyin qiymətləndirilməsini həyata keçirirlər.

S.Müslümov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edib:

“Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Ötən il də 28 min 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb”.

Nazir bildirib ki, əlilliyi olan insanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilir: “Nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətləri göstərilib. Son 1 ildə əlilliyi olan şəxslər 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən tibbi göstərişi olan əlillər 1193 ədəd əlil arabası ilə təmin edilib. Respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi işlərinin davamı kimi, ötən il bu təbəqələrdən olan 1011 nəfər şəxs elə yaşadıqları rayon və ya şəhərdə səyyar qaydada müvafiq xidmətlərlə təmin olunub”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm