Anar Bağırov: "Prezidentin seçdiyi hədəflər vəkillərin fəaliyyətini daha da inkişaf etdirəcək"
Bizi izləyin

Sosial

Anar Bağırov: "Prezidentin seçdiyi hədəflər vəkillərin fəaliyyətini daha da inkişaf etdirəcək"

Prezident İlham Əliyev Vəkilliyin inkişafı ilə bağlı Sərəncam imzalayıb və bununla bağlı Nazirlər Kabinetinə tapşırıqlar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyələr verib. Habelə Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi də nəzərdə tutulub.

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxladıq. Publika.az-a açıqlama verən Anar Bağırov bildirib ki, prezidentin bu sərəncamı əhalinin yüksək keyfiyyətli hüquqi yardım ala bilməsini daha da asanlaşdıracaq:

- Bilirsiz, cənab prezidentin 22 fevral 2018-ci il tarixli sərəncamı həddən artıq həyati və tarixi baxımdan kifayət qədər ciddi hüquqi aktdır. Bu sərəncamın əsas məqsədi əhaliyə peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın təqdim edilməsidir. Keyfiyyətli hüquqi yardım isə Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən, dövlətin öhdəçiliyidir. Bu öhdəçiliyi isə dövlətimiz qanunla Vəkillər Kollegiyasına həvalə edib. Məhz bu baxımdan da Vəkillər Kollegiyasının əhaliyə yüksək səviyyəli, peşəkar hüquqi yardım göstərməsi üçün müvafiq şəraitə malik olması, maddi texniki baza baxımından təminatlı olması vacib şərtdir. Sərəncam birbaşa Vəkillər Kollegiyasının Rəyasət Heyətinin maddi-texniki bazasının gücləndirilməsi, zəruri şəraitli bina və nəqliyyat vasitələri ilə təmin olunması ilə yanaşı, eyni zamanda, ölkənin digər regionlarında fəaliyyət göstərən vəkil qurumlarının işlərinin də səmərələşdirilməsinə xidmət edəcək. Regionlarda vəkil qurumlarının yerləşdiyi binaların təmiri, informasiya-kommunikasiya texnologiyalarında istifadə baxımından gücləndirilməsi və təkmilləşdirilməsi nəticəsində əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətində müsbət mənada dəyişiklik müşahidə olunacaqdır”.

Eyni zamanda Vəkillər Kollegiyasının köçürüldüyü yeni bina haqqında qısa məlumat verən sədr bildirib ki, bina icarəyə götürülüb:

“Bu gün Vəkillər Kollegiyasının yerləşdiyi bina özümüzə məxsus deyil. Onu da qeyd edim ki, bina kifayət qədər zəruri texniki avadanlıqlarla təchiz olunduğu üçün olduqca rahat və əlverişlidir. Yalnız bir məqamı da diqqətinizə çatdırım ki, Vəkillər Kollegiyasının vəsaiti vəkillərin ödədiyi üzvlük haqqı əsasında formalaşır. Dolayısı ilə bu binanın icarə haqqı birbaşa Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərinin ödədiyi üzvlük haqqı hesabına ödənilir. Bu səbəbdən də vəkillərin vəsaitləri də qənaətlə istifadə olunmalıdır ki, Rəyasət Heyəti buna da olduqca həssas yanaşır. Bununla yanaşı, hazırda vəkillərin ölkə üzrə fəaliyyətinin təkmilləşdirilməsi, onların peşə, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi, daha da ixtisaslaşmalarının təmin edilməsi baxımından geniş şərait yaradılmaqdadır. Hansı ki, yeni binanın daxilində onlara müəyyən mənada tədris məşğələlərinin keçirilməsinə də şərait var. Sərəncamda Vəkillər Kollegiyası və onun qurumları da nəzərə alınıb. Bilirsiz ki, vəkillərin İxtisas və İntizam komissiyaları fəaliyyət göstərir. Bu komissiyalar vəkillərin peşəyə buraxılışına və fəaliyyətinin etik tərəflərinə, onların qanunvericiliyin tələblərinə nə dərəcədə riayət etməsinə diqqət yetirir. Bu baxımdan, həmin qurumların da fəaliyyəti yüksək səviyyədə təşkil olunmalıdır”.

Azərbaycanın bir sıra regionlarında fəaliyyət göstərən hüquq məsləhətxanaları haqqında danışan Anar Bağırov onu da qeyd edib ki, bu gün həmin vəkil qurumlarının fəaliyyəti və şəraitləri o qədər də ürəkaçan deyil:

“Ölkənin bir çox rayonlarında və şəhərlərində hüquq məsləhətxanaları mövcuddur. Lakin təəssüf ki, onların vəziyyəti bu gün ölkədə vəkilliyin nüfuzu ilə uzlaşmır. Bu baxımdan, sərəncamda bölgələrin nəzərdə tutulması olduqca sevindirici haldır. Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhərlərində Vəkillər Kollegiyasının qurumlarının fəaliyyətinin təmin olunması ilə yanaşı, hazırda fəaliyyət göstərən hüquq məsləhətxanalarının təmiri və lazımı texniki avadanlıqlarla təchiz edilməsi də sərəncamda öz əksini tapır. Ümid edirik ki, Prezidentin seçdiyi hədəflər vəkillərin fəaliyyətini daha da inkişaf etdirəcək və bu da yeni kadrların daha həvəslə çalışmasına təkan verəcək”.

Aztəminatlı şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin 3 dəfə artırılması vəkillərin maddi rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək:

“Bilirsiniz ki, ödənişsiz hüquqi yardım institutu mövcuddur. Aztəminatlı şəxslər üçün dövlət tərəfindən ayrılan hüquqi yardım, sadəcə vətəndaş üçün ödənişsizdir. Lakin vəkillərə bu kimi xidmətə görə, dövlət tərəfindən saathesabı haqq ödənilir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasan, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardımla təmin olunmasında vəkillərin hər saatına görə onlara 2 manat məbləğində haqq ödənilir. Lakin möhtərəm cənab Prezidentin Sərəncamına əsasən, artıq bu məbləğ 3 dəfə artırılaraq 6 manat təşkil edəcək. Təbii ki, bu da öz növbəsində xüsusilə regionlarda yaşayan vəkillərin maddi rifah səviyyəsinin kifayət qədər yaxşılaşmasına, əhaliyə göstərəcəkləri hüquqi yardımlara maraqlarının daha da artmasına rəvac vermiş olacaq. Düzdür qanunla Vəkillər Kollegiyasının elə bir səlahiyyəti yoxdur ki, hüquqi yardımın təyin olunması haqqında məhkəmə qərarı olmadan, kimisə ödənişsiz yardımla təmin etsin. Çünki bu proses birbaşa məhkəmə qərarı əsasında mümkündür. Lakin bununla belə biz çalışacağıq ki nəinki, paytaxtda, eləcə də regionlarda, zəruri hallarda hətta səyyar hüquqi yardım xidmətləri vastəsilə ucqar rayonlarda da əhaliyə ödənişsiz əsaslarla hüquqi yardımlar göstərilsin ”.

A.Bağırov vəkillərin yazılı test imtahanları haqqında danışarkən, 1966 nəfərin sənəd verdiyini deyib:

“28 yanvar 2018-ci ildə ““Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, vəkillər yazılı test imtahanı verib. Ümumi müraciətçilərin sayı 1966 nəfər qeydə alınsa da, yazılı imtahanda 1873 vəkil iştirak edib. 93 nəfər müəyyən səbəblərdən imtahanda iştirak etməyib. İmtahan 100 ballıq sistemlə dəyərləndirilib. Burada 60 və daha artıq bal toplayan 607 nəfər birinci mərhələni keçib . Onlarla mart ayının 1-dən etibarən ikinci, şifahi müsahibə mərhələsinə başlanılacaq. Bu mərhələni keçənlər isə 3-cü icbari təlim mərhələsinə buraxılacaqlar. Prezidentin Sərəncamında da qeyd olunduğu kimi, gənc hüquqşünasların vəkilliyə cəlb olunması, burada savadlı kadrların sayının artırılması məsələsi Vəkillər Kollegiyasına tövsiyə olunub. Ümid edirik ki, qısa müddətdə bu proses uğurla yekunlaşdırılacaq.

Daha bir məqam isə Vəkillər Kollegiyasına qəbul imtahanlarının müntəzəm əsaslarla keçirilməsidir. Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunmuş ilkin razılığa əsasən, gələcəkdə qəbul imtahanlarının müntəzəm əsaslarla həyata keçirilməsi gözlənilir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm