Jurnalistərin VII qurultayı başa çatdı - FOTO (YENİLƏNİR)
Bizi izləyin

Sosial

Jurnalistərin VII qurultayı başa çatdı - FOTO (YENİLƏNİR)

Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb.

***

“Qurultayda səsləndirilən təkliflərin bir qismi Azərbaycan hakimiyyətinə ünvanlandığından onlara cavab vermək zərurəti yaratdı. Burada səsləndirilən dəyərli fikirlərin hökumətə, Azərbaycan Prezidentinin, Ulu öndərin tarixi fəaliyyətinə ünvanlandığını düşünürəm”.

Publika.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistərin VII qurultayında yekun çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, burada seçiləcək yeni nümayəndələr haqqında, qurultay barəsində mənfi rəy səsləndirənlər olacaq:

“Bundan qorxmayın. Nə qədər ki cəmiyyət var, belə münasibətlər də olacaq. Çalışın ki, onlara cavab verərkən də öz şəxsiyyətinizə uyğun cavab verin. Siz cəmiyyəti formalaşdıran əsas institutlardan birini təmsil edirsiniz. Bu gün yaxşı və pis nümunələri də cəmiyyətə mətbuat tirajlayır. Sizi düşündüyünüz və olduğunuz kimi qalmağa çağırıram. İstər dövlət, istərsə də kənar qüvvələrin fikirlərinə əhəmiyyət verməyin. Bundan sonrakı medianın fəaliyyəti bu gün Mətbuat Şurasının İdarə heyətinə seçilən üzvlərlə tənzimlənəcək. Biz də kimin seçilməsindən asılı olmayaraq onlarla işləməyə hazırıq. Xatırladım ki, hər dəfə görüşlərdə səsləndirilən fikirlər Azərbaycan Prezidentinin diqqətində olur”.

Ə.Həsənov mətbuatın dövlət büdcəsindən maliyyələşməsi barədə səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib:

“Nəyə görə dövlətin sərvətindən aldığın pay günah sayıldığı halda xarici qrantlardan maliyyələşmək normal hal hesab edilir. Sizi ittiham edənlər hansı pullardan maliyyələşirlər?”

***

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurultayda çıxış edib.

Publika.az-ın xəbərinə görə, o, irəli sürülən təkliflərin bir çoxu ilə razı olduğunu bildirib:

“Xüsusən də, jurnalistikaya aid olmayan şəxslərin bu sahəyə sirayət etməsinin qarşısını almaq üçün vahid kart hazırlanması təklifini dəstəkləyirəm. Bundan başqa, Mətbuat Şurasının fəaliyyətini tənzimləyəcək çərçivə qanunun olması vacibdir. Dövlətin yaratdığı imkanlardan media kifayət qədər faydalanır, lakin sui-istifadə halları da var. Hətta Mətbuat Şurası sədrinin imzasını saxtalaşdıranlar da tapılır. Bununla bağlı Şuranın özünə də müraciətlər olur. Hesab edirəm ki, Azərbaycan mediasının sağlamlaşmasında bu məsələlərə xüsusi diqqət edilməlidir”.

V.Rəhimzadə onlayn mediaya verilən azadlıqdan istifadə edənlərin olduğunu bildirib:

“15 onlayn media adını qeydiyyatdan keçirib, bundan şantaj məqsədilə istifadə edənlər də az deyil. Düşünürəm ki, peşə davranış qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsinə ehtiyac var”.

***

Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Jurnalistlər bu cür insanlara qarşı mübarizə aparmalıdırlar.

Publika.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

C.Məmmədli qeyd edib ki, Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir: “Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onlara üzümü tutub deyirəm: kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını belə insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır”.

O, Azərbaycanda mediaya dövlət dəstəyinin göstərildiyini, mətbuatın maddi-texniki bazasının gücləndiyini vurğulayıb: "Ölkəmizdə azad mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb".

***

Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib.

Publika.az bildirir ki, Nizamnamə dəyişikliyinin nəticəsi olaraq İdarə Heyətinin tərkibi genişlənib və üzvlərinin sayı 17-dən 23-ə çatıb.

Nizamnamə dəyişikliyi ilə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.

***

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov müstəqillik dövründə mətbuata dövlət qayğısından danışıb.

Publika.az-ın məlumatına görə, o, mətbuat tarixində iki böyük şəxsiyyətin təsirindən danışıb:

“Onlardan biri Həsən bəy Zərdabidir ki, o Azərbaycanda mətbu sözün banisidir. O, Azərbaycanda oxu mədəniyyətinin zəif olduğu dövrdə milli mətbuatın əsasını qoydu. “Əkinçi”dən əvvəl də, sonra da mətbuat həmişə senzuraya məruz qalıb. Yalnız Ulu öndər Heydər Əliyev senzuranı ləğv etdi, bununla da o azad mətbu sözün banisi hesab edilir. Heydər Əliyev mətbuata sistemli diqqətin əsasını qoyub. Bu mənada bu iki şəxsiyyətin mətbuatımızın inkişafı üçün rolu danılmazdır. Prezident İlham Əliyev də bu diqqəti, qayğını davam etdirir. O, hər bir çıxışında mətbuatı məlumatlandırır”.

B.Sadıqov qurultayda səsləndirilən bir sıra təklifləri dəstəklədiyini bildirib: “Bu gün mənzilə ehtiyacı olan jurnalistlər üçün yeni bina tikilir. Jurnalistlərin bu problemi həll edilməklə onların yaradıcılıq eşqi daha da artır. Bundan başqa səsləndirilən təkliflərdən biri mətbuatın əlavə dəyər vergisindən azad edilməsidir ki, bunu da dəstəkləyirəm. Hesab edirəm ki, Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. Şura fəaliyyətini bu qanun əsasında həyata keçirməlidir”.

***

“Jurnalistlərin sonuncu qurultayından bu vaxta qədər jurnalistlərin bir sıra problemləri həllini tapıb”.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

Ə.Amaşov qurultayın Mətbuat Şurasının 15 yaşına təsadüf etdiyini vurğulayıb:

“Mətbuat Şurası bu dövr ərzində media-hakimiyyət və media-cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib. Medianın maddi texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar həyata keçirilib. VI qurultaydan sonra mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik. VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. Bunlardan 2213 şikayət həllini tapıb, 932-sində razılığa gəlinmədiyindən şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilı bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy verilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq olunub, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarıq edilib”.

Ə.Amaşov onu da əlavə edib ki, Mətbuat Şurası jurnalistlərin müxtəlif sahələrdəki problemlərini öyrənib. Ə.Amaşov şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə də münasibət bildirib:

“Dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur. Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayət Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq. Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin bu müddət ərzində Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir”.

Ə.Amaşov medianın problemlərindən də danışıb:

“Hesab edirik ki, müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynayacaq, ona görə yazılı medianın dövrünün başa çatması ilə bağı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir:

“Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək artırılmalıdır”.

***

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb. Qurultay Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Publika.az-ın xəbərinə görə, qurultayı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıq elan edib. Daha sonra ötən qurultaydan bu vaxta qədər dünyasını dəyişmiş jurnalistlərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ə.Amaşov bildirib ki, bu qurultayda 169 təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb. Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkürünü çatdırıb. O, 10 martın Əli Həsənovun doğum günü olduğunu xatırladaraq Prezidentin köməkçisini bu münasibətlə təbrik edib. Onun hər zaman jurnalsitlərinin yanında olduğunu bildirib.

Ə.Həsənov təbrikə görə təşəkkür edib.

Bildirib ki, 25 illik məmur stajına malik olduğu müddətdə 3 halda özünü güclü hiss edib:

“Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli ordumuzun paradı keçiriləndə hökumət evinin qarşısında ordunun texniki vasitələrini görəndə, media təmsilçiləri içərisində olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz”.

***

Bu gün Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

Publika.az
-ın xəbərinə görə, qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb.

Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm