Azərbaycanlı xanım “ser” titulunu aldı - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanlı xanım “ser” titulunu aldı - FOTO

Azərbaycan Respublikasının vətəndaşı Nərgiz Səfərova Malayziya taxt-tacının “PMW/ Datuk Panglima Mahkota Wilayah” “cəngavər” tituluna layiq görülüb. Bu titul Böyük Britaniyanın “ser” titulunun ekvivalenti sayılır.

Kult.az Malayziya mediasına istinadla xəbər verir ki, kral V Sultan Məhəmməd Fariz ölkəsinin Federasiya günü münasibətilə uzun illər davam edən məhsuldar əməkdaşlığı yüksək qiymətləndirərək Nərgiz Səfərovanı bu ada layiq görüb.

Həmyerlimiz “Malayziyanın turizmin inkişafına tövhəsi və inkişafında nailiyyətlərinə, onun bütün dünyada tanıtdırılmasına görə” mükafatlandırılıb. Təntənəli mərasim Kuala Lumpurda, İstana Neqara kral sarayında baş tutub.

Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir. Rəsmi mənbələrə görə, “datuk” titulu “ser” titulunun ekvivalentidir. Bu titulun sahibinə ölkədə müəyyən üstünlüklər verilir, o müəyyən qaydalara əməl etməlidir. Datuk titulu ilə Malayziyada Cimmi Çu (məşhur ayaqqabı və aksessuar dizayneri), Ceki Çan (məşhur kino aktyoru) kimi məşhurlar layiq görülüb.

Bu titulun sahibləri yerli zadəganlar sırasına aid edilir. Eyni vaxtda ölkədə 400-dən çox “datuk” ola bilməz.

Nərgiz xanım Malayziyada bu cür yüksək dövlət mükafatı almış ilk əcnəbidir.

Malayziya Sinqapur kimi yalnız Asiyada deyil, bütün dünyada turizm industriyasında dəb qaydalarını müəyyənləşdirən ölkədir. Dünyanın 10 ən iri turizm ölkələri sırasına daxil olan dövlətdən (Malayziya ildə 25 milyon nəfərdən çox turist qəbul edir, paytaxt Kuala-Lumpur isə turist sayına görə dünyada 10-cu yeri tutur) belə yüksək mükafat almaq çox yüksək bir qiymətdir.

Nərgiz Səfərova peşəkar turizm auditoriyasına Asiya istiqamətində ixtisaslaşan ən qabaqcıl şirkətin (1992-ci ildə yaradılıb) top meneceri və rəhbəridir. ASEAN ölkələrində turizm və marketinq sahəsində 25 il iş təcrübəsinə malik olan yüksək səviyyəli ekspertdir. O uzun illərdir ki, turizm sahəsində peşəkar tədbirlərin, sərgi, forum, təqdimatların yalnız iştirakçısı deyil, həm də təşkilatçısıdır, Asiya mövzusuna aid müxtəlif müsabiqələrin münsiflər heyətinin üzvüdür. O “Yeni Asiya” jurnalının baş redaktorudur.

Nərgiz Səfərova turizm sahəsində təmsilçilik və məsləhətçi biznesi ilə məşğuldur. O mədəniyyətlərarası münasibətlər sahəsində mütəxəssisləşir, turizm sahəsində müxtəlif mükafatların sahibidir. ASEAN ölkələrində turizmlə bağlı müxtəlif məqalələrin müəllifidir, bir çox toplantıların məruzəçisi olub. 2017-ci ilin noyabrından etibarən o Malayziyanın turizm məsələləri üzrə Rusiya və MDB-də səfiridir.

Nərgiz Səfərovanın mükafatlandırılması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyində qəbul keçirilib.

Nərgiz Səfərova Bakıda anadan olub, Azərbaycan vətəndaşıdır. Onun turizm sahəsində karyerası 1992-ci ildə Moskvada başlayıb. O burada Sovet İttifaqı dağıldıqdan sonra turizm biznesini yaradanlardan biri olub.

Ailəlidir, 2 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm