Əli Həsənov mediaya çağırış etdi: "Aktiv olmalısınız" - - FOTO
Bizi izləyin

Sosial

Əli Həsənov mediaya çağırış etdi: "Aktiv olmalısınız" - - FOTO

Bu gün "Altun Saray"da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib.

Publika.az xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Aqil Abbas, Adil Əliyev, Hikmət Babaoğlu, Eldar Ibrahimov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı və digər media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər, həmçinin nazirlik və komitələrin mətbuat xidməti rəhbərləri, icra başçıları, nazir müavinləri iştirak ediblər.

Tədbir aparıcıları gələn qonaqları salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra isə KİVDF-nin iş fəaliyyətindən, jurnalistlərin, KİV-in potensialından, bu istiqamətdə görülmüş və görüləcək genişmiqyaslı işlərdən danışılıb.

Daha sonra söz KİVDF -nin sədri Vüqar Səfərliyə verilib. O bildirib ki, fond jurnalistlərin mənzil məişət səviyyəsinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib: "Fondumuz KİV nümayəndələrinə diqqət ayırır. İl ərzində 10-a yaxın belə müsabiqələr keçirilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb. Bu ilin ilk müsabiqəsi Novruz bayramına həsr edilib. Ümumilikdə müsabiqəyə 169 yazı verilib. Müsabiqə nəticələrinə görə, 65 jurnalistin yazısı mükafatlara layiq görülüb. 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə isə 300 AZN dəyərində mükafat təyin edilib. Bu gün isə yalnız 1-ci yeri tutan 15 qalibə mükafatları təqdim etmək üçün burda yığışmışıq. "

Prezidentin köməkçisi Əli Həsənov tədbir iştirakçılarını təbrik edib: "Mən hər zaman qeyd edirəm ki, jurnalistlər bu ölkənin ən güclü nümayəndələridir. Qələm əhlinin arasında olmaq çox gözəldi. Siz ölkə daxilində baş verən hadisələri dünyaya işıqlandıran güzgüsüz. Ötən il dövlətin, sosial həyatın, iqtisadiyyatın inkişafına həsr edilmiş çoxsaylı layihələr gerçəkləşdirilib. Cari ildə isə bizi gözəl layihlər gözləyir. Ən mühüm layihə isə 11 aprel seçkilərdi. Artıq seçkiqabagı təbliğat başlayacaq. Bu mövzuda da siz aktiv olmalısınız. Seçkiləri müşahidə edəcək qurumlar öz müşahidələrini, seçkinin şəffaflığını sizlərin vasitəsiylə bütün dünyaya çatdıracaqlar. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyiyi təntənəli şəkildə qeyd olunacaq. Jurnalistlərimiz bu istiqamətdə həyata keçiriləcək mühüm və əlamətdar layihələri cəmiyyətə çatdıracaqlar. Burada iştirak edən jurnalistlərin timsalında bütün jurnalistləri, təmsil etdikləri KİV orqanları təbrik edirəm. Bu gün respublikamızda jurnalistlərin qorunması, həyat və rifah şəraitinin yaxşılaşdırılması, senzuralardan azad olunması ölkədə medianın nə dərəcədə yüksəkdə olmasının bariz nümunəsidir. Düşünürəm ki, dövlətin sizə olan sədaqətini siz də öz fəaliyyətlərinizlə ona geri qaytaracaqsınız. Arzu edirəm ki, bu il Azərbaycanın işğal altında olan torpaqları azad edilsin".

Daha sonra Əli Həsənov və digər qonaqlar qaliblərə mükafatları və KİVDF-nin diplomlarını təqdim edib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli jurnalistləri təbrik edib və onların peşə fəaliyyətini yüksək qiymətləndirib : "İctimai Televiziyada hazırladığı verilişlərlə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır. "Qarabağ həqiqətləri" proqramında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bütün faktlar ictimaiyyətə duyurulur. Jurnalistlərimizi təbrik edir, onlara bu çətin yolda uğurlar arzu edirəm".

Rəsmi hissə bitdikdən sonra tədbir əyləncəli bədii proqramla davam edib.

Könül Cəfərli

FOTO Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm