Mütəxəssislər “q” hərfinə "hə" dedi
Bizi izləyin

Sosial

Mütəxəssislər “q” hərfinə "hə" dedi

“Yeni orfoqrafiya qaydaları ilə bağlı layihənin müzakirəsində iştirak edən mütəxəssislər, eyni zamanda qeyri-mütəxəssislərin çoxu “alqı-satqı” sözünün yazılışında “q” hərfinin saxlanılmasının tərəfdarı olublar. Məncə, buna görə də bu sözün yazılışı ilə bağlı geniş müzakirələrin aparılmasına ehtiyac qalmayacaq, çünki ictimai rəy artıq bir çox məsələləri həll edib”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini davam etdirir. Hazırda işçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirir.

Komissiyanın sədr müavini əlavə edib ki, artıq işçi qrup öz işini yekunlaşdırmaq üzrədir: “İşçi qrupun indiyədək keçirdiyi 3 iclas müzakirələrdə səslənən fikirlərin statistikasının və hər bir təklif haqqında məlumatların hazırlanması ilə bağlı olub. Orfoqrafiya qaydalarının müzakirə edilməsi səlahiyyəti Orfoqrafiya Komissiyasına aiddir”.

Akademik qeyd edib ki, işçi qrupun daha bir iclası hesabat dinləniləcək, daha sonra isə bütün sənədlər AMEA-da yaradılmış Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

İ.Həbibbəyli deyib ki, işçi qrup hazırladığı hesabatı yaxın 10 gün ərzində Orfoqrafiya Komissiyasına təqdim edəcək. Layihə komissiyada müzakirə edildikdən sonra təsdiq edilmək üçün Nazirlər Kabinetinə (NK) təqdim ediləcək: “Düşünürəm ki, aprel ayının sonu, may ayının əvvəlində bu işlər yekunlaşa bilər. Yalnız NK-nın təsdiqindən sonra bu proses bitmiş hesab olunacaq və həmin prinsiplər əsasında Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq”.

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanıb. Layihə əvvəlcə geniş müzakirə üçün ictimaiyyətə təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaratmaq, nəticədə layihə ilə bağlı fikirləri sonda nəzərə almaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm