Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə edildi
Bizi izləyin

Sosial

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə edildi

Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş nitqi ilə VK-nın sədri Anar Bağırov açıb.

O qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatın rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti vardır. Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi VK-na tövsiyə olunub. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində cari ilin yanvar ayından etibarən VK-nın vəkillərin və vətəndaşların bütün tələblərinə və maraqlarına cavab verən rəsmi veb-saytı hazırlanıb və istifadəyə verilib. Saytın hazırlanmasında qabaqcıl Avropa təcrübəsindən yararlanılıb. Saytda vəkillərlə mütəmadi və operativ əlaqənin təmin olunması üçün şəxsi kabinetlər yaradılıb, bu kabinetlər vasitəsilə vəkillərin Rəyasət Heyəti ilə zəruri məlumat mübadiləsi sürətləndirilib.

Daha sonra, Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “E-məhkəmə” informasiya sistemi” mövzusunda çıxış edib, elektron məhkəmə sisteminin səmərəliliyi və üstünlükləri, o cümlədən vəkillər üçün əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə VK Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən VK-nın rəsmi veb-səhifəsində yaradılıb “vəkil kabineti” və ondan istifadə qaydaları, üstünlükləri barədə geniş məlumat verilib.

Həmçinin ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.

VK-nın sədri A.Bağırov qeyd edib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli məlum Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. Tədbirin sonunda peşəyə buraxılan 89 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim edilib.

Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1202 olub.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm