Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq
Bizi izləyin

Sosial

Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb.

İnstitutdan Publika.az-a verilən məlumata görə, alim Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-si ilə bağlı araşdırma aparacaq.

Tədqiqatlar, Avropa Birliyinin Horizon 2020, Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənmiş Orta Doğu Texniki Universitetinin (Ankara) Bioloji Elmlər Fakültəsinin doktoru Mehmet Somel`in “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihədə Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və Stokholm (İsveç) Unversitetinin laboratoriyaları iştirak edirlər.

Layihə çərçivəsində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaqdır. Əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiya tərəfindən Tovuz rayonu ərazisində aşkar olunub və tədqiq edilən abidələrin materialları beynəlxalq elmi layihənin araşdırılmasına cəlb edilib.

Professor, doktor Yılmaz Selim Erdalın bildirdiyinə görə, ilk olaraq Azərbaycandakı həmin abidələrdə aşkar edilmiş insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birilə qohumluq əlaqəsi araşdırılacaq. Bundan sonra Güney və Quzey Qafqaz, Anadolu və Avropanın neolit dövrü erkən əkinçi-maldar qədim əhalisi arasında qohumluğun, genetik bağlılığın olması məsələsinə aydınlıq gətirilməyə çalışılacaq.

Elmi səfər müddətində professor, doktor Yılmaz Selim Erdal t.ü.f.d. Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiyanın tədqiq etdiyi Tovuz rayonundakı Göytəpə neolit abidəsi ilə də tanış olub. Doktor Yılmaz Selim Erdal və t.ü.f.d. Fərhad Quliyev gələcəkdə Tovuz bölgəsində və ümumilikdə, Azərbaycan ərazisindəki abidələrdə aşkar edilmiş paleoantropoloji materialların DNT və izotop analizinin aparılması üçün daha geniş istiqamətli tədqiqat layihələrinin gerçəkləşdirilməsi barədə fikir mübadiləsi apardılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm