Bu qəza bir sıra vacib məqamları gündəmə gətirdi – Vüqar Bayramov
Bizi izləyin

Sosial

Bu qəza bir sıra vacib məqamları gündəmə gətirdi – Vüqar Bayramov

Mingəçevirdəki “Azərbaycan İES”-də bu gecə baş verən hadisə bir sıra vacib məqamları yenidən gündəmə gətirdi.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, əvvəla, elektrik enerjisinin istehsalı və satışı da daxil olmaqla kommunal xidmətlərin özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var:

“Beynəlxalq təcrübə göstərir ki, özəl sektor daha keyfiyyətli və səmərli xidmət həyata keçirə bilir. Bu kommunal xidmətlərin verilməsində səmərəliliyin və şəffaflığın güclənməsinə, büdcədən dolayı subsidiyaların həcminin minimumlaşmasına, xarici və daxili borc öhdəliklərinin limitləşdirilməsinə və ən əsası istehlakçıların fasiləsiz və keyfiyyətli xidmət əldə etməsinə imkan yaradar. Təəssüf ki, hazırda kommunal xidmətlərin təchizatında dövlət sektorunun rolu heç də ürəkaçan səviyyədə deyil”.

V.Bayramov qeyd edib ki, enerji mənbələrinin diversifikasiyası və xüsusən də alternativ enerji mənbələrdən istifadənin formalaşması və genişləndirilməsi vacibdir:

“Günəş və külək enerjisindən istifadə imkanlarının geniş olmasına baxmayaraq nəinki bölgələrdə, heç paytaxtda da alternativ enerjidən demək olar, istifadə edilmir. Halbuki, Kopenhagen də daxil olmaqla günəşli günlərin sayı çox olmayan Avropa şəhərlərində alternativ enerji əsas mənbələrdən hesab edilir. Alternativ enerji mənbələrindən istifadənin gücləndirilməsi üçün bu sektora özəl şirkətlərin daxil olmasının stimuallaşdırılması, dövlət subsidiya mexanizminin tətbiqi və formalaşma mənbəyindən asılı olaraq diferensial tarif mexanizminin müəyyənləşdirilməsinə ehtiyac var”.

Ekspert hesab edir ki, elektrik enerjisi daxil olmaqla kommunal xidmətlərinin satışı zamanı tərəflərin öhdəliklərinin ikitərəfli qaydada müəyyənləşdirilməsinə ehtiyac var:

“Məsələ ondadır ki, istehlakçı kommunal xidmətlərinin haqqını əksər hallarda öncədən ödəyir, amma həmin xidməti satan tərəfin enerji təminatını həyata keçirə bilmədiyi hallarda məsuliyyəti müəyyənləşmir. Halbuki, bu əksər hallarda xüsusən də real sektorda çalışan sahibkarlar üçün ziyana səbəb olur. Təbii ki, belə hallarda kommunal xidməti təmin edə bilməyən tərəfin kompensasiya ödənişləri daxil olmaqla öhdəlikləri aydın şəkildə müəyyənləşdirilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm