Jurnalistləri belə təbrik etdilər – Maraqlı paylaşımlar
Bizi izləyin

Sosial

Jurnalistləri belə təbrik etdilər – Maraqlı paylaşımlar

Əkdiyini biçməyən əkinçiləriz, biz.

Toxum yerinə ovuc-ovuc söz səpərik...

Tarlamız qəlblərdi, məhsulumuz gözlərdən su içər...

Elə hey, əkərik!

Biz əkərik, zaman biçər...

Bu əməyə təbrik düşər!

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə milli mətbuatın 143-cü ildönümü ilə bağlı paylaşımında qeyd edib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Xanım İsmayılqızı da bayramla bağlı maraqlı paylaşım edib: “Mətbuat prospektində, Həsən bəy Zərdabi küçəsində yaşayıram. Həyat yoldaşım da zərdablı. Qələm də əlimdən düşmür... Təsadüfün gerçəkliyimi? Mənim günahım yoxdur, hamısı mistik qüvvələrin işidir...”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə təbrikini belə çatdırıb: “Əziz həmkarlar, bu gün söz fədailərinin, sözü öz varlığı bilənlərin günüdür. Bayramımız mübarək!”

Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı qeyd edib ki, milli mətbuatın 143 illik tarixi şərəfli tarixdir: “Bütün jurnalist həmkarlarımı, media nümayəndələrini, xüsusilə Teleqraf Media Qrupunun əməkdaşlarını ürəkdən təbrik edirəm.

Hər zaman sözünüz üstün, bütöv, kəsərli olsun! Jurnalistika – mənim uşaqlıq sevdamdir. Tanrıya min minnət ki, sevdiyim işlə məşğulam. Yazmaq - bu dünyada mənim ən sevdiyim, ən yaxşı bacardığım, özümü ən gözəl ifadə etdiyim sənətdir, işdir, vəzifədir. Yazmaq – eşqdir, Tanrının hüzuruna ərzdir, mələklərin pıçıltılarını duymaqdır, göydən gələn saysız işıqları görməkdir. Yazmaq – duadır, könül işidir, ibadətdir, içdir, içdən də içdir, qəlb qırmamaq, könül yıxmamaq, ev dağıtmamaqdır. Yazmaq – tikməkdir, qurmaqdır, yıxılanı qaldırmaq, dağılanı düzəltmək, düşəni yerinə qoymaq, mərdi-mərdanəlikdir. Yazmaq – işıqdır, aydınlanmadır, yenilənmədir. Bütün yazanlara salam olsun! Bu şərəfli işin təməlini, bünövrəsini qoyub gedənlərə, Azərbaycan adlı yavru Vətəni bizə ərmağan edənlərə salam olsun!!!”

Milli Məclisin deputatı Qənirə Paşayeva da jurnalistləri təbrik edib:

“Tohum saç, bitmezse toprak utansın!

Hedefe varmayan mızrak utansın!

Böyük Zərdabinin “Əkinçi” ruhunun davamçlarını, bütün dərdi cəmiyyət və onun inkişafı olan qələm sahiblərini, jurnalist adını şərəf və ləyaqətlə daşıyan jurnalistlərimizi Mili Mətbuat Günü, bayramı münasibəti ilə təbrik edirəm. Uğurlarınız hər zaman bol, dərdiniz hər zaman məmləkət və millət olsun! Böyük Həsən bəy Zərdabidən başlayaraq jurnalistikamızın inkişafında əməyi olan bütün ustadlar nur içində yatsın”.

Sona Əliyevanın fikrincə, cəbhəmizin iki əsgəri var: əlində silah və əlində qələm tutanlar:

“Dəyərli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, bu gün sizin missiyanız daha çətin və vacibdir. Arzu edirəm ki, qələminizin mürəkkəbi bol olsun, daim bilik və bilgi yaysın və qəlbinizdəki böyük Vətən sevgisiylə çiçəklənən Azərbaycan, müstəqil dövlət və dövlətçiliyimiz üçün yazsın! Əziz dostlar, Milli Mətbuat günü münasibətilə hamınızı təbrik edir, azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu istiqamətində fəaliyyətinizdə uğurlar diləyirəm!”

Millət vəkili Əli Məsimli də KİV nümayəndələrinə təbrikini çatdırıb:

“Uzun illərdir ki, media mənsubları, mətbuat işçıləri ilə daim ədəb-ərkan, qarşılıqlı hörmət və ehtirama əsaslanan yaradıcı əməkdaşlığımızın artan xətlə davam etməsindən məmnunluq hissi keçirirəm. Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edirəm! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, ölkəmizdə və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında; vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində, plüralizmin təmin olunması sahəsində yerinə yetirdiyiniz missiyanızda; Azərbaycanın təhlükəsizliyi, müstəqilliyinə real məzmun verilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, mədəni irsimizin təbliğində, dünyaya tanıdılmasında; demokratik və hüquqi dövlət quruculuğu, sosial-iqtisadi tərəqqimizin sürətlənməsi naminə analitik təhlil və faydalı təkliflər vermək qabiliyyətinə malik mütəxəssislərin, işıqlı insanların ideyalarını cəmiyytə çatdırmaqda; eləcə də mövcud problemlərin işıqlandırılmasında, nadanlıqlara, haqsızlıqlara, özbaşınalıqlara, acgözlüklərə, gerizəkalığa, insanları üzən, yoran, ruhdan salan naqisliklərə, cəmiyyəti deqradasiyasına hesablanmış məkrli planlara qarşı mübarizə yolunda şərəfli və məsuliyyətli peşənizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!

Mənə çox xoşdur ki, mətbuat işçiləri arasında obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi sərgiləməyi bacaran, şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli dostlarım var. Bayramınız mübarək olsun!”

Milli Məclisin üzvü Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanın mətbuat tarixi Azərbaycan dövlətçilik tarixinin ayrılmaz və fəxarətli hissəsidir: “Şanlı ənənəsi “Əkinçi” qəzeti ilə başlayan bugünkü mətbuatımız öz şərəfli missiyasını uğurla davam etdirir. Bu vacib ənənə Azərbaycan cəmiyyətini sevindirir və mətbuat simasında dövlətçiliyimizin şanlı inkişafını və ən yaxın dostlarını görür. Hörmətli jurnalist dostlar, Sizləri 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, ən xoş arzularımı bildirirəm. Sizlərə uğurlar arzu edir, inkişafınıza sevinir və dəstək olmağa həmişə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm