Biçindən sonra sahəni yandıranlara xəbərdarlıq
Bizi izləyin

Sosial

Biçindən sonra sahəni yandıranlara xəbərdarlıq

“Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb. Səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür”.

Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həmin fermerlər yanlış olaraq biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalı olduğunu düşünür:

“Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür”.

Nazirlik rəsmisi xəbərdarlıq edir ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub.

“İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə işlərini davam etdirir. Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb. Keçirilmiş maaairfləndirmə tədbirləri barədə məlumatlar fasiləsiz olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə ötürülür və təhlil olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm