Bu il daha 300-dən çox şəhid ailəsi mənzillə təmin ediləcək
Bizi izləyin

Sosial

Bu il daha 300-dən çox şəhid ailəsi mənzillə təmin ediləcək

Bu il əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə veriləcək mənzillərin sayı 500-ü ötəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyindən Publika.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, mənzillər Prezident cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçiriləcək.

Bununla əlaqədar Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılmasını nəzərdə tutur.

Beləliklə, Sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə, bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir.

Dövlət başçısı 1 avqust 2018-ci il tarixdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirərək deyib: “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm