Gömrük Komitəsindən bəzi KİV-də yayılan məlumatlara REAKSİYA
Bizi izləyin

Sosial

Gömrük Komitəsindən bəzi KİV-də yayılan məlumatlara REAKSİYA

Ötən gün bəzi internet resurslarında gömrük orqanları, xüsusilə də Avtonəqliyyat Baş Gömrük İdarəsi haqqında Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlunun məktubuna əsasən yalan və qərəzli məlumat yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a bildirilib ki, məlumatda Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlundan xaricdən gətirdiyi nəqliyyyat vasitəsinə görə qanunvericilikdə nəzərdə tutulandan daha artıq gömrük rüsumunun alındığı iddia edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin iyun ayının 11-də Abıyev Cəlal Hamlet oğlu xaricdən gətirdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Avtonəqliyyat Baş Gömrük İdarəsinə müraciət edib. Rəsmiləşdirilmə üçün təqdim edilən sənədlərin araşdırılması prosesində risk analizlərinə əsasən avtomobilin gömrük dəyərinin aşağı göstərildiyi müəyyən edilib. Bu barədə Abıyev Cəlal Hamlet oğlu ilə qanunvericiliyə uyğun olaraq müvafiq izahat işləri aparılıb. Gömrükçülərin haqlı tələblərinə etiraz etməyən Cəlal Abıyev dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının bank vasitəsilə ödənişini həyata keçirib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Abıyev Cəlal Hamlet oğlunun yazdığı bildirilən məktubda irəli sürülən iddialar tamamilə əsassızdır və aparılan araşdırmalar nəticəsində bütün gömrük əməliyyatlarının şəffaf, asan və sürətli şəkildə həyata keçirildiyi məlum olub.

Komitənin Mətbuat Xidməti olaraq bu səpkili məlumatlarla bağlı açıqlamaların sonuna adətən rəsmi mövqenin də nəzərə alınmasının ümumi işə fayda verəcəyi barədə cümlə əlavə edirdik. Ancaq bu dəfə buna ehtiyac görmürük. Çünki hər hansı fakta söykənməyən iddialar əsasında gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan, gömrük yığımını gömrük rüsumundan ayıra bilməyən şəxs və ya qurumların gömrük və ya digər dövlət qurumuna sual verəcək, sorğu göndərəcək səviyyəyə sahib olduğuna dair ciddi şübhələrimiz var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm