• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Bu gün Aşura günüdür

  • Sosial
  • 20 Sentyabr 2018 00:15
Bu gün Aşura günüdür

Bu gün Məhərrəm ayının 10-cu – Aşura günüdür.

Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunur ki, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir:

“Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər".

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Saat 09:00-dan başlayan aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunacaq.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>