"Dini ədəbiyyatlarda yerli müəlliflərə üstünlük veriləcək" - Gündüz İsmayılov
Bizi izləyin

Sosial

"Dini ədəbiyyatlarda yerli müəlliflərə üstünlük veriləcək" - Gündüz İsmayılov

"Keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflər idi, bu il isə həmin rəqəm 23 faiz olub. Bu göstərici Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini qane etmir və komitə dini ədəbiyyatlarla bağlı qarşıya yeni hədəflər qoyulub".

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, son illər dini ədəbiyyat sahəsəində ciddi inkişaf var:

Bu sahənin daha da sürətli inkişafına Dövlət Komitəsi ciddi şəkildə diqqət ayırır. Müəlliflərin sayının artırılmasında maraqlıyıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə çap olunan, ölkəyə idxal olunan dini ədəbiyyatların dinşünaslıq ekspertizasının aparılmasıdır. İndiyə qədər ölkədə həm dini ədəbiyyatların ekspertizasını aparmışıq, eyni zamanda dini ədəbiyyatların satışını həyata keçirən satış məntəqələrinin, ümumi olaraq dini mağazaların fəaliyyətinə icazə verilməsi məsələsinə baxılıb. Hazırda ölkədə 42 dini mağaza fəaliyyət göstərir. Bununla yanaşı, dini mağazaların fəaliyyətinə icazələrin verilməsi proseduru davam etdirilir".

Qurum rəsmisi onu da əlavə edib ki, ölkədə tərcümə edilərək çap olunan dini ədəbiyyatların sayının azaldılması və yerli müəlliflərin kitablarının çapına çalışılır:

"Bu gün dini ədəbiyyatların böyük qismi xarici ölkələrdə çap olunan və dilimizə tərcümə edilən kitablardır. Bizim qarşımıza qoyduğumuz məqsədlər ondan ibarərdir ki, ölkədə çap olunan dini ədəbiyyatların sayında yerli müəlliflərim sayını artırmaqdır. Yəni, ümumi desək, əsas qarşımıza qoyduğumuz hədəflərdən biri xaricdən idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəniyyatların sayını artırmaqdır. Bu istiqamətdə ötən illər ərzində xeyli işlər görülüb. Əgər 2017-ci ildə ölkədə çap olunmuş dini ədəbiyyatın yalnız 14 faizi yerli müəlliflər tərəfindən yazılırdısa, 2018-ci ildə bu 23 faizdir. Bu rəqəm də bizi qane etmir”.

Xaricdə çap olunan dini ədəbiyyatların ölkəyə gətirilərkən dinşünaslıq ekspertizasından keçirildiyini deyən sədr müavini, dini təhrif edən materiaların ölkəyə idxal edilməsinin qarşısının alındığını deyib:

"Dinşünaslıq ekspertizasının məqsədi kitablar arasında dinin təhrif olunduğu materialları seçərək məlumat verməkdir. Bu cür ədəbiyyatların ölkəyə idxal olunmasının qarşısı alınır. Eyni zamanda, ekspertiza ölkədə çap olunan zərərli dini ədəbiyyatların yayılmsının qarşısını alır. Biz ona görə yerli müəlliflərin sayını artırmaq istəyirik ki, xaricdə hazırlanmış dini ədəbiyyat həmin ölkələrin həyat tərzinə, dövlət-din münasibətlərinə uyğundur, həmin xalqın dinə baxışını əks etdirir, baxmayaraq ki, zərərli deyil. Amma bununla yanaşı hər bir bir xalqın dinə baxışı var, özünün dövlət-din münasibətləri var. Bu baxımdan dini ədəbiyyatın əksəriyyətinin məhz Azərbaycanda yerli müəlliflər tərəfindən hazırlanmasını qarşımıza məqsəd qoymuşuq”.

G. İsmayılovun sözlərinə görə, ötən illər ərzində ölkədə yalnız dövlət komitəsinin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat çap olunub. Bu isə yüksək tiraj deməkdir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm