Qəbələdə əhalinin siyahıya alınması başladı
Bizi izləyin

Sosial

Qəbələdə əhalinin siyahıya alınması başladı

Bu gündən Qəbələ rayonunda əhalinin sınaq siyahıya alınmasına başlanılıb.

Publika.az xəbər verir ki, proses oktyabrın 10-dək davam edəcək. Bu proses 20-19-cu ildə respublika siyahıyaalınması üçün hazırlıq xarakteri daşıyır və sınaq zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, eyni zamanda aşkar ediləcək nöqsan və çatışmazlıqların gələcəkdə baş verməməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görüləcəkdir.

Bu gün Qəbələ Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri, idarə, müəsissə və təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişi haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb. Dövlət Statistika Komitəsi tərəfindən siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanması və çapı, kadr təminatı, kütləvi izahat işlərinin təşkili, texniki təminat məsələlərini, siyahıyaalmanın keçirilməsi və sənədlərin qəbulu, siyahıyaalma məlumatlarının işlənilməsi, yekunlarının dərc edilməsi və yayılması, siyahıyaalma materiallarının arxivləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı” hazırlanıb və 2017-ci il 17 yanvar tarixli 01/05s nömrəli sərəncamla təsdiq edilib. Təqvim planında nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğunu qeyd edən Tahir Budaqov bildirib ki, Komitə tərəfindən sınaq siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri metodoloji və digər materiallar, o cümlədən siyahıyaalma və sorğu vərəqələri, təşkilati plan və ona dair məlumat formaları, onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilib, zəruri sayda çap etdirilərək aidiyyəti üzrə çatdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başcısı Səbuhi Abdullayev Nazirlər Kabinetinin sözügedən qərarına uyğun olaraq əhalinin sınaq siyahıyaalınması çərçivəsində Qəbələ rayonunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərovun məruzəsi dinlənilib.

Qeyd edək ki, tətbiq olunacaq siyahıyaalma vərəqi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcəkdir. Sorğu vərəqində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm