İşıq həyat mənbəyi rolunu oynayır
Bizi izləyin

Sosial

İşıq həyat mənbəyi rolunu oynayır

Bütün dünya ölkələrində olduğu kimi ölkəmizdə də artıq işıq “həyat mənbəyi” kimi qiymətləndirilir. Bu gün cəmiyyət bir dəqiqə belə olsun özünü işıqsız bir mühitdə təsəvvür edə bilərmi? Düşünürəm ki, yox. Müasir dövrdə həyatı elektrik enerjisi olmadan təsəvvür etmək çox çətindi.

“Su həyat mənbəyidir” deyimi hər kəsə tanışdır. Lakin bu günkü dövrdə bu artıq öz aktuallaığını nisbətən itirib. Belə ki, artıq alternativ elektrik mənbələri kəşf edilir. Hətta, su belə müəyyən mərhələdə elektrik enerjisinə möhtac qalır. Ölkəmizdə cəmiyyətin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edən başlıca təminatçı isə dövlət şirkəti olan "Azərişıq" ASC-dir. Elektrik enerjisi strateji məhsul hesab edilə bilər. Məhz bu səbəbdən də bu qurumu özəlləşdirmək istəyi yoxdur. Ölkə həyatının bütün sahələrində elektrik sistemləri mövcuddur. Elektrik şəbəkəsi bu gün kifayət qədər yüksək səviyyədə təşkil edilsə də bu tam olaraq sonuncu mərhələ hesab edilə bilməz. Ölkədə tam olaraq müasir standartlara cavab verən elektrik şəbəkəsinin tam təmin edilməsi istiqamətində işlər görülür. Bu iş dövlət büdcəsi hesabına davam etdirilir. Digər tərəfdən ölkədə sosial təminata ehtiyacı olan əhali təbəqəsi hələ də kommersiya qiymətləri ilə elektrik enerjisi almaq imkanlarına malik deyil. Bütün bu səbəblər üzündən hökumət ölkənin işığa - elektrik enerjisinə olan tələbatının qarşılanması prosesini özəl şirkətlərə etibar etmir.

Bu gün Azərbaycanda bütün ölkə boyu yeni tipli elektrik paylayıcı stansiyalar və yarımstansiyaların, güc transfarmatorlarının quraşdırılması prosesi davam edir. Ötən 20-25 il əvvəl Bakı şəhərində mərkəzi küçələrdə işiqların sönməsi adi hal hesab edilirdi. İnsanlar düşünürdü ki, gələcəkdə bu kimi probemlərin aradan qaldırılması üçün işlər görüləcək. Bu gün belə bir hadisə yaşanmır. Bölgələrdə, mərkəzdə hər hansı qəza nəticəsində işıqların sönməsi əhalinin təəccübünə səbəb olur və haqlı olaraq onları narahat edir. Çünki ölkədə davamlı elektrik enerjisi təminatı, insanların yaddaşlarında bu kimi neqativ halların baş verə bilmə ehtimalına yer qoymayıb. Buna baxmayaraq ən inkişaf etmiş ölkələrdə belə hec bir sektor fövqaladə hallardan sığortalanmayıb. Mənzillərdə, bağda, istirahət mərkəzlərində, hətta, fermer təsərrüfatlarında belə, işıq həyatımızın əvəzedilməz vasitəsinə çevrilib. Bu gün insanlar doğru olaraq düşünür ki, əlinin altında enerji mənbəyi varsa, deməli hər şeyə nail olmaq mümkündür. Buna nail olmaq isə çox asandır - "Asan xidmət" işığa çıxmaq üçün sizin əvəzinizdə hər bir prosiduru yerinə yetirir.

"Asan xidmət" cəmiyyəti işıqlı yollar təşkil edir

"Azərişıq" ASC-nin göstərdiyi xidmətlərin əksəriyyəti "Asan xidmət" və "Asan kommunal" xidmətlərinə verilməsi cəmiyyətdə olduqca böyük məmnunluq yaradıb. Belə ki, bu sistem vətəndaşların işini xeyli yaxşılaşdırıb. Vətəndaşlarla xidmət edən şəxslərin neqativ hallara yol verməsinin qarşısı tamamilə alınıb. Bununla yanaşı "Azərişıq" ASC-nin "Asan xidmət" və "Asan kommunal"da olan xidmətlərinin sayı bu ilin birinci yarısında 10-dan 13-ə çatdırılıb. Bundan sonra "Azərişıq" ASC öz balansında olmayan elektrik şəbəkələrinə də "Asan xidmət" və "Asan kommunal" üzərindən texniki xidmət göstərəcək. Həyata keçirilən köklü islahatlar və yeniliklər nəticəsində bu ilin birinci yarısı ərzində "Azərişıq" ASC-yə "Asan xidmət" vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə bu müddət ərzində "Azərişıq" ASC-yə "Asan xidmət" vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət daxil olub.

Bakı şəhərinin mərkəzi küçələrində vətəndaşlardan soruşduq ki, mənzilinizə, bağınıza və ya obyektinizə "Asan kommunal" vasitəsilə işıq çəkdirmək imkanını necə dəyərləndirirsiniz? Respondentlərin böyük əksəriyyəti bu xidmətdən məmnun qaldıqlarını bildirdilər - indi artıq işıq çəkdirmək probleminin olmadığını təsdiqlədilər.

"Azərişıq" ilə işıqlanan ölkə iqtisadiyyatı

"Azərişıq" ASC-dən aldığımız məlumata görə, son 15 il ərzində ölkənin generasiya gücü 3000 MVA artırılıb. Ölkə iqtisadiyyatına əsaslı töhvə verən "Azərişıq" müxtəlif sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlər görüb.

Yalnız kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kilovoltluq (kV) yarımstansiyalar tikilib və yüksəkgərginlikli hava xətləri çəkilib. Eyni zamanda, Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 ədəd yeni aqroparkın elektrik təchizatını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın meliorasiya, su təsərrüfatına aid nasosxana və subartezian quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə lazımi bütün tədbirlər görülüb, yeni komplekt transformator məntəqələri qurlaşdırılır və təmir olunur, hava xətləri yenilənir.

"Azərişıq" ASC yaradıldığı gündən regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində çox böyük işlər görülüb. Bu işlərin statistikasına diqqət etsək görülən işlərin miqyasın təsəvvür edə bilirik. Bu illər ərzində bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. Üç mindən artıq yeni 10-6 kV-luq TM və KTM quraşdırılıb. İyirmi min kilometrə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətti çəkilib, 350 min ədədə yaxın dayaq basdırılıb, 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaflığını təmin etmək məqsədilə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 kilometrdən çox optik-kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub, hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılır. Məlumatda həmçinin qeyd olunur ki, Respublika üzrə elektrik şəbəkələrinin gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlindən 9 500 MVA-dan, 2017-ci ilin əvvəlinə kimi 12 min MVA-yadək yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq"ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 faizdən 10,1 faizə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6 faiz, regionlar üzrə isə 85 faiz təşkil edib. Təqdirəlayiq haldır ki, 2017-ci ildə artıq "Azərişıq" ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib.

Fasiləsiz elektrik enerjisinin verilməsi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il dekabrın 22-də imzaladığı Sərəncam ilə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının keçirilməsi məqsədilə Yeni Yaşma və Şurabad Külək Elektrik Parklarının "Azərişıq" ASC-nin balansına verilməsi, həm Səhmdar Cəmiyyətin kollektivinə göstərilən etimaddı, həm də böyük məsuliyyətdir. "Azərişıq" ASC-nin kollektivi də, bu etimadı layiqincə doğrultmaq üçün bütün potensialından səmərəli istifadə etməyə çalışır.

Eyni zamanda keçən ilin sonlarında 110 kV-lıq I və II Beyləqan hava xətlərində aparılan səmərəli işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilmişdir, nəticədə bu iki rayonun 140 min əhalisi fasiləsiz elektrik enerji ilə təmin edilir.

2018-ci ilin ilk 3 rübündə "Azərişıq" ASC cənub və qərb bölgələrində əsaslı təmir işləri aparıb, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə bir sıra önəmli təbirlər həyata keçirib.

Belə ki, ölkəmizin turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə soyuq hava şəraitini nəzərə alaraq, "Azərişıq" ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-dək yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib.

2018-ci il ərzində yerinə yetirilən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) "Aqropark" hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan "Ağdam" hava xəttində isə dayaqlar tam dəyişdirilib, bəzi yerlərdə 10 kV-luq dayaqlar da quraşdırılıb.Tovuz rayonunun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.

"Azərişıq"ASC çalışır ki, yaxın gələcəkdə ölkənin, çətin relyefə malik dağ kəndləri də daxil olmaqla, bütün ərazidə əhalini fasiləsiz elektrik enerjisi ilə tam təmin etsin. Bununla ölkə vətəndaşlarını güclü və keyfiyyətli elektrik enerjisi ilə təmin edərək, rayon yerlərində yaşayan və kənd təsərrüfatı sahələrində çalışan insanların işlərin sürətli aparılmasına dəstək vermək istəyir. Əhalinin rahat şəraitinin təmin edilməsi, ölkənin dağ regionlarında turizmin inkişaf etdirilməsi üçün hər bir vətəndaş və sahibkar üçün istənilən standartda elektrik enerjisinin əlçatan olması qurumun qarşısında dayanan əsas hədəflərdən biridir. Ölkədə fəaliyyət göstərən bütün qurumlar vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə borcludur.

Könül Cəfərli

Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm