Əbülfəs Qarayev vətəndaşları dinlədi - FOTO
Bizi izləyin

Sosial

Əbülfəs Qarayev vətəndaşları dinlədi - FOTO

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir.

Publika.az-a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından vətəndaşları qəbul etdi.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Abidə önünə tər çiçək dəstələri düzüldü.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxıldı.

Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.

Cəlilabad sakinlərinin müraciətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə idi.

Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-diyarşünaslıq muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi barədə müraciət etdilər.

Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırdılar.

Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edildi.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm