"Mənə istedadlı jurnalistlər lazımdır, təəssüf ki..." - Aynur Camalqızı
Bizi izləyin

Sosial

"Mənə istedadlı jurnalistlər lazımdır, təəssüf ki..." - Aynur Camalqızı

Mətbuat Şurasının dil üzrə monitorinq qrupu araşdırma aparıb, məlum olub ki, Azərbaycan mediasında kifayət qədər səhvlər var. Amma gəlin bir az da reallıqdan danışaq. Bunun səbəbkarı və günahkarı kimdir?

Bu sözləri "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Teleqraf Holdinq" media qrupunun rəhbəri Aynur Camalqızı deyib.

Aynur Camalqızı medianın konkret problemlərindən söz açıb: "Media rəhbəri kimi müəllimlik edə bilmərəm, mən menecerəm, mənə savadlı, istedadlı jurnalistlər lazımdır ki, onları işə dəvət edim, onlarla işləyim. Amma təəsüf ki, bu gün media məkanında istedadlı, savadlı jurnalist barmaqla sayılacaq qədər azdır.

Yenilər yetişməlidir ki, boşalan yerlər dolsun. Təəssüf ki, biz bu yerləri doldura bilmirik. Mövcud problemlərin 20 faizi bizdən, yəni media qurumlarından qaynaqlanırsa, 80 faizi də savadlı jurnalistin olmamasından irəli gəlir".

Aynur Camalqızı deyib ki, ana dilini gözəl bilmək və bu dildə yazmaq bir intellekt göstəricisidir: "Əgər bizim ali məktəblərimiz yaxşı tələbə yetişdirə bilmirlərsə, bunun əziyyətini sonda biz media rəhbərləri çəkirik.

Problemlərdən çıxış yolu tapmaq lazımdır. Mən müzakirələrdə demişdim ki, jurnalistikaya baxış dəyişməlidir, sovet dövründən qalan ənənələrlə, mühazirə oxumaqla yaxşı jurnalist yetişdirmək olmaz. Ona görə təklif etdim ki, praktiki jurnalstika dərsləri media ofislərində keçirilsin. Belədə onlar müvafiq təcrübə qazanarlar".

Aynur Camalqızı saytla qəzetin orfoqrafiya səhvlərinin fərqindən danışarkən qeyd edib ki,
qəzetdə konkret 8 və ya 16 səhifəlik ölçü var: "Qəzetlər növbəti gün üçün hazırlanır deyə həm vaxt olur, həm də oxunacaq materialların həcmi azdır.

Sutka boyu biz bir sayta 250-350 material veririk, neçə korrektor olmalıdır ki, onları oxusun, düzəliş eləsin, bunu çatdırmaq imkandan kənardır. Bəzi press-relizlər, açıqlamalar o qədər savadsız hazırlanır ki, onları yenidən redaktə və korrektəyə xeyli vaxt sərf eləmək lazım gəlir.

Ədəbi dili qorumaq, dili sevmək hamımızın borcudur. Zənnimcə, hər şeyi medianın üzərinə atmaq olmaz.

Savadlı tələbə yetişdirib mediaya göndərsələr, problem və səhvlər də olmaz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm