Sona Vəliyeva: "Belə şəxsiyyətlər yalnız bir xalqa məxsus olmur"
Bizi izləyin

Sosial

Sona Vəliyeva: "Belə şəxsiyyətlər yalnız bir xalqa məxsus olmur"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin, Mətbuat Şurasının və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Maqsud Şeyxzadə: Özbək dramaturgiyasının banisi, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycanın görkəmli elm xadimləri, xarici qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, 110 illik yubileyi qeyd edilən Maqsud Şeyxzadə alim, şair, ədəbiyyatşünas və pedoqoq idi. Bu böyük ədəbiyyatçı 1908-ci ildə Ağdaşda anadan olsa da, əslən qazaxlıdır:

“Dağıstanda baş verən hadisələrlə yaxından maraqlandığı və bu proseslərdə iştirak etdiyi üçün Özbəkistana sürgün edilmişdi. O, Özbəkistana ilk dəfə sərbəst vəzni gətirən və özbək dramaturgiyasının əsasını qoyan şəxslərdən biridir”.

Amaşovun nitqindən sonra Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanan sənədli film təqdim olunub. Filmdə azərbaycanlı şairin həyat və yaradıcılığı öz əksini tapıb.

Millət vəkili, akademik Nizami Cəfərov sözügedən filmdəki çıxışında Maqsud Şeyxzadənin gənclik illərindən, Bakı səfərindən, Hüseyn Cavid, Abdulla Şaiq, Nəriman Nərimanov, Nazim Hikmətlə münasibətlərindən söz açıb.

Filmdə həmçinin özbək akademiki Naim Kərimov da danışıb. O, Şeyxzadənin sürgün həyatından, Özbəkistana yerləşməsindən və ömrünün sonunadək Daşkənddə pedoqoqluq fəaliyyəti ilə məşğul olmasından danışıb.

“Kaspi” qəzetinin həmtəsisçisi Sona Vəliyeva bildirib ki, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi böyük işlər görür:

“Mərkəzin rəhbəri Samir Abbasov bu missiyanı layiqincə yerinə yetirir. Bundan əlavə, Özbəkistanda böyük Tərcümə Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəz Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə, özbək ədəbiyyatını isə Azərbaycan dilinə tərcümə edir. Bununla da bu Mərkəz Maqsud Şeyxzadənin əsasını qoyduğu gözəl ənənəni davam etdirir.

Çox sevindim ki, sənədli filmdə yer alan, Şeyxzadənin adını daşıyan məktəbdə dərs deyən müəllimə çıxışı zamanı Şeyxzadəni Azərbaycan deyil, özbək şairi adlandırdı. Çünki bu cür şəxsiyyətlər yalnız bir xalqa məxsus olmur. Bu kimi şəxslər bütün tük dünyasına məxsusdur”.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında Azərbaycan və türk irsini, iki millət arasındakı dostluğu və qarşılıqlı münasibətləri təbliğ etdiklərini vurğulayıb.

Özbək şairi Babaxan bəy də Şeyxzadənin fəaliyyəti, özbək ədəbiyyatındakı rolundan danışıb: “Hazırda Özbəkistanda çap olunan “Kitab” qəzeti hər sayında bir azərbaycanlı ədəbiyyatçının əsərinə yer verir. Bununla da biz iki xalq arasında olan mədəni münasibətlərin inkişafına nail olmağa çalışırıq”.

Tədbirin sonunda Mətbuat Şurası özbək qonaqları mükafatla təltif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm