“Bu, Prezidentin aztəminatlı ailələrə qayğısıdır” - Komitə sədri
Bizi izləyin

Sosial

“Bu, Prezidentin aztəminatlı ailələrə qayğısıdır” - Komitə sədri

“Möhtərəm prezidentimizin 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi barədə olan sərəncamını yüksək qiymətləndirirəm”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb:

“Ünvanlı dövlət sosial yardımı alan insanların da sayı təqribən 50 min nəfərdir. Bu addım möhtərəm prezidentimizin həmişə olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin aztəminatlı hissəsinə göstərdiyi diqqət, etdiyi yardım və onların bayramlarını təbrik etməsidir. Prezidentimiz həmişə xalqımızın, aztəminatlı insanların yanındadır. Onlara həmişə, necə deyərlər, əl tutub, kömək edib, xalqımıza əsl atalıq qayğısı göstərib. İndi ayrılan birdəfəlik yardım da bu qayğının davamıdır. Bir daha qeyd edirəm ki, bu, prezidentimiz tərəfindən aztəminatlı ailələrə göstərilən qayğı və diqqətdir”.

E.İbrahimov qeyd edib ki, atılan bu addım ölkədə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir:

“Bir neçə həftə əvvəl biz gələn ilin dövlət büdcəsini qəbul etdik. Bizim ölkəmiz sosialyönümlü siyasət yürüdür, dövlətimiz sosial dövlətdir. Bu siyasətin aparılmasının başında da möhtərəm prezidentimiz dayanır. Atılan bu addım da həmin sosial siyasətin mühüm tərkib hissəsidir”.

Qarşıdakı illərdə də bu siyasətin davam etdiriləcəyini əminliklə vurğulayan E.İbrahimov qeyd edib ki, ölkəmiz ildən ilə güclənir, qüvvətlənir:

“Ötən 15 il ərzində böyük layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, TANAP və TAP kimi qaz kəmərləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etməsini şərtləndirib. Yaxud, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı sahələrində olan irəliləyişlər qarşıdakı illərdə də prezidentimiz tərəfindən bu cür addımların atılacağını deməyə əsas verir. Mən buna inanıram. Fürsətdən istifadə edib bir vətəndaş kimi prezidentimizə təşəkkürümü bildirirəm. O, həmişə olduğu kimi, bu dəfə də aztəminatlı insanlara necə deyərlər, əl tutub, qayğı göstərib. Bayram ərəfəsində insanlar bir-birlərinə əl tutarlar. Bu da prezidentimizin aztəminatlı ailələrə əl tutması, köməyi, diqqəti, bir sözlə, atalıq qayğısıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 19-da “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm