• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

Azərbaycan dövlətinin sosial siyasəti humanizm prinsiplərinə söykənir - ŞƏRH

Azərbaycan dövlətinin sosial siyasəti humanizm prinsiplərinə söykənir - ŞƏRH

Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Sevindirici haldır ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi, ümumilikdə insan amili və onun rifahı dayanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsi də bu aspektdən qiymətləndirilə bilər.

2018-ci il dekabrın 13-də bir qrup şəxs “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.

Azərbaycan dövlətinin daxili siyasətinin mərkəzində insan amili və humanizm prinsipinin dayanması yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyevin Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə söylədiyi fikirlərdə də bariz şəkildə özünün göstərir.

“Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”, - dövlət başçımız vurğulayıb.

Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin sosial siyasəti humanizm prinsiplərinə və insan amilinə söykənir.

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulmuş hədəflərə çatmaq üçün kifayət qədər işlərin görüldüyünü deyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü bütün işlər insan amilinə söykənir.

“Dünən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji”-yə göstəriş verməsi vətəndaşlara olan sistemli və davamlı diqqətinin bir hissəsisidir. Bu addımı birmənalı şəkildə alqışlayıram. Bu, insanlara olan diqqətin bir nümunəsidir və həm də humanizm prinsipinə söykənən ən böyük bir işdir. Onların işlə təmin olunmasının diqqətdə saxlanılması, həyat şəraitinin yaxşılaşdırılması, bütövlükdə hansısa problemlərin aradan qaldırılması ilə bağlı göstəriş verilməsi çox yüksək humanizm prinsipinə söykənən bir addımdır. Ümumiyyətlə, Mehriban xanımın bütün fəaliyyəti dövründə bu istiqamətdə atdığı addımlar yüksək təqdir toplayıb. Milli Məclisin deputatı olduğu zaman “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib, çox hallar olub ki, insanlar xəstə və durumu ağır olduğu vəziyyətdə onlara dəstək olub, maddi yardımlar göstərib, onların müalicəsi ilə bağlı aidiyyatı dövlət qurumlarına göstərişlər verib. Dünənki addımı da bir vətəndaş olaraq alqışlayıram, yüksək dəyərləndirirəm və təşəkkür edirəm. Hesab edirəm ki, ixtisara məruz qalacaq, işlərini itirəcək insanlara kifayət qədər böyük dəstəkdir”, - müsahibimiz bildirib.

“İki sahil” qəzetinin baş redaktoru dünyanın əksər ölkələrində minlərlə, bəzən on minlərlə insanın eyni vaxta işdən çıxarılaraq küçəyə atılması faktlarına diqqət çəkib. Onun sözlərinə görə, bu faktların qarşılığında Azərbaycanda hər bir vətəndaşın işlə təmin olunmasına yüksək diqqətin göstərilməsi dövlətin sosial siyasətində mühüm yer tutur:

“Cənab Prezidentin ən başlıca hədəfi, apardığı ən böyük işlər insanların yaxşı yaşamasına söykənmiş işlərdir. Vətəndaşlaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlik görülən bütün işlər insanlara xidmət edir. Yol çəkilirsə, hava limanı, idman kompleksi, məktəb tikilirsə, onlarla bu cür işləri saymaq olar, hamısı vətəndaşlara, onların yaxşı yaşayışına xidmət edir. Bir çox, hətta Avropanın inkişaf etmiş ölkələri heç uf demədən minlərlə, on minlərlə işçisini işsiz qoyur, küçəyə atırlar. Amma Azərbaycanda belə incə məsələlərə daim önəm verilir, vətəndaşların həyat şəratinin yaxşılaşdırılması, işsiz qalmaması üçün kifayət qədər layihələr reallaşdırılır. Əlbəttə ki, müqayisə aparsaq, Azərbaycan bu sahədə kifayət qədər humanist işlər görür. Azərbaycan dövlətinin ana xəttini bu prinsip təşkil edir. Dəfələrlə şahidi olmuşuq ki, insan taleyi həll olunanda, insanların narahatlıqları olduğu məqamda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dərhal onlara əl uzadır, yardım edirlər. Bu, maddi və mənəvi dəstək kifayət qədər yüksək nəticələr verir”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR