DİQQƏT! Bakının ən böyük prospektlərindən biri 25 gün bağlı olacaq
Bizi izləyin

Sosial

DİQQƏT! Bakının ən böyük prospektlərindən biri 25 gün bağlı olacaq

Bakı şəhərində yaranan tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib.

Bu barədə Publika.az-a “Azərsu”ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcək. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnolji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaqdır.

Xatırladaq ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.

Bununla paralel olaraq çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış Evrascon Korporasiyasının və Geotek şirkətinin mütəxəssisləri cəlb edilib.

Hidrotexniki qurğuların texniki vəziyyətinin öyrənilməsilə yanaşı, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb. Mürrəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara və yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm